Axtarış...

Bütün Qarabağ erməniləri SEPARATÇIDIR: Əfv olacaqmı? - AKTUAL

Bütün Qarabağ erməniləri SEPARATÇIDIR: Əfv olacaqmı? - AKTUAL

1991-ci ilin dekabrında Xocalının Meşəli kəndindəki soyqırım hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri - Xaçaturyan Vaqif Çərkəzoviçin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılması və Bakıya gətirilməsindən sonra Xankəndidəki müharibə cinayəti törətmiş digər caanilər narahat olmağa başlayıblar. Separatçı qondarma rejimin “ordusunun sabiq baş komandanı“ olmuş Samvel Babayan açıqlama verib. Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxslərdən olan Babayan erməni mediasına deyib ki, Azərbaycan 300 nəfərdən çox erməni canisini beynəlxalq axtarışa verib: “Mən Ermənistan hökümətinə sülh danışıqları vasitəsi ilə axtarılan şəxslərin bağışlanması fikrini irəli sürdüm. Lakin onlar məni ciddiyə almadılar və özüm üçün narahat olduğumu qeyd etdilər. Erməni hakimiyyəti səhv edir. Mən də bu siyahıdayam”.

Qeyd edək ki, Baş Prokurorluğun iyulun 29-da yaydığı məlumatda qeyd edilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir: “İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcəkdir. Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Belə görünür ki, azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş erməni quldurları Xaçaturyanın qandallanmasından sonra məsələnin ciddiyyətini anlayıb və qorxuya düşüblər. Babayanın açıqlamasında bu özünü göstərir.

Məsələ ilə bağlı AYNA-ya danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, əslində bu ondan xəbər verir ki, Azərbaycan Birinci Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş şəxslərin hamısı barədə xəbərdardır: “Kimin Qarabağ ərazisində yaşadığını Bakı bilir. Babayan da belə bir siyahının olması barədə məlumatlıdır. Onun özü də qatı cinayətkar terrorçulardan biridir və anlayır ki, onun da adı həmin siyahıdadır. Eyni zamanda, kimlərin adının o siyahıda olduğunu Babayan bilir”.

Ekspertin sözlərinə görə, bizim hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən əsas məsələ Birinci Qarabağ müharibəsi zamanı ərazilərimizdə soyqırımılarında iştirakı, əli olan insanların yaxalanmasıdır: “Babayan bu siyahıda birinci ola biləcək şəxslərdəndir. İndi Babayan da, Qarabağdakı canilərin hamısı da həyəcanlıdırlar. Onlar özlərini sorğulamağa başlayıblar ki, adları siyahıda ola bilər, ya yox. Bəlkə də əvvəl elə hesab edirdilər ki, Azərbaycan bundan məlumatsızdır. Xaçaturyanın Laçın sərhəd-keçid postunda saxlanması, Bakıya gətirilməsi əməliyyatından sonra anladılar ki, yox, Azərbaycan bunların hamısı barədə məlumatlıdır və onların tutularaq istintaqa cəlb edilməsindəı, cəzalandırılmasında israrlıdır”.

“Bu canilər indi istintaqdan yayınmaq üçün müxtəlif yollar axtaracaqlar. Onların bundan sonra Laçın postundan keçməmək üçün bütün vasitələrə əl atacaqları gözləniləndir”, - deyə Şıxəliyev söyləyib.

“Daha bir məsələ isə onlar Azərbaycanla inteqrasiyaya getmək və bununla əfv olunmaq istəklərini göstərə bilərlər. Sual oluna bilər ki, bu, mümkündürmü? Əlbəttə, Azərbaycan tərəfi onların müraciətinə baxa bilər, mümkündür, yoxsa yox, qərar verər”, - deyə ekspert əlavə edib.

E.Şıxəliyev hesab edir ki, yeni bir mərhələyə qədəm qoyulub: “İndi Xankəndidə canilər arasında gərginlik yaşanır. Azərbaycan səhrəddəki “humanitar yardım” şousundan diqqətləri yayındırdı və indi Xankəndidə müzakirə olunan əsas mövzu “aclıq” yox, cinayətlərinə görə yaxalanmaqlarıdır. Düşünürəm ki, Azərbaycan hüquq-mühafizə orqanlarının belə əməliyyatlarının davamı gələcək. Ona görə də Xaçaturyan kimi, digər canilər qandallanaraq Bakıya gətirilmələrinə, ədalət qarşısına çıxarılmağa hazır olmalıdırlar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz