Axtarış...

Şirkət rəhbərliyi aktı dəyişmək istəyir... - NARAZILIQ VAR!

Şirkət rəhbərliyi aktı dəyişmək istəyir... - NARAZILIQ VAR!

Qazmaçı İlyas Mahmudovun sol əli və ayağı bu il, aprelin 7-də “ŞirvanOil” şirkətində baş verən qəza zamanı yaralanıb. Həmin vaxt o, ikinci növbədə işləyirmiş.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, qazmaçı hazırda da xəstəxanada müalicə alır. Sol əlinin 2 və 3-cü barmaqları kəsilib və sol ayağının bütün barmaqları amputasiya olunub.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə danışır ki, Dövlət Əmək Müfəttişliyi Xidməti hadisə ilə bağlı izahat alıb. Hadisəni araşdıran hüquq-mühafizə orqanlarına da izahat verib. Hadisənin məhz əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verdiyi bəllidir.

Hüquq müdafiəçisinin sözlərinə görə, İlyas Mahmudov onlara etdiyi müraciətində deyib ki, şirkətin rəhbərliyi ona verilmiş aktı dəyişmək istəyir. “Şirkət işçinin müalicəsinə köməklik göstərmir. Şirkətin rəhbəri Aleksandr Alekseyeviç Anoxindir. Qanunvericiliyə əsasən, işəgötürən işçi üçün normal iş şəraiti yaratmağa borcludur. İlyasın müalicəsi üçün müəyyən vəsait tələb olunur. Şirkət bunu etməli olduğu halda əmək xəsarəti ilə bağlı işçiyə təzyiqlər edir. Əks halda köməklik etməyəcəkləri ilə hədələyirlər”.

“ŞirvanOil” şirkətindən Meydan TV-nin suallarını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yönləndiriblər. Bildiriblər ki, onlar mətbuatın suallarına cavab vermirlər, bu iş SOCAR-ın səlahiyyətindədir. SOCAR-dan isə yazılı sorğu istənilsə də, hələlik cavab verilməyib.

“Global Energy Azerbaijan Group” Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət hesab olunur. GEA Azərbaycanda 5 hasilatın pay bölgüsü sazişinin operatorudur. Həmin sazişlər “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Qarasu Operating Company”, “Neftchala Operating Company” və “Shirvan Operating Company” vasitəsilə idarə olunur. GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış “GCM Global Energy”, PLC şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. “Global Energy”nin işlətdiyi neft yataqlarından onu Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir. //Meydan TV//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz