Respublikamızda dövlətimiz tərəfindən təhsilin maddi-texniki bazasının yenilənməsi, möhkəmləndirilməsi,hərtərəfli inkişafı ,onun müasir Avropa standartları ilə ayaqlaşması istiqamətində lazım olan bütün zəruri addımlar atılır .Yeni məktəb binaları, onların ən müasir texniki və digər zəruri avadanlıqla təchiz olunması ölkəmizin gələcək inkişafının təminatçısı olan məktəblilərin elmi biliklərə yiyələnməsində həlledici amillərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
İndi müasir texnologiyalar,kompüter əsridir.
Belə bir dövrdə uşaqlar zövqlə tikilmiş ,əsaslı təmir olunmuş müasir təhsil ocaqlarında istilik sistemi və əyani vasitələrlə təmin edilmiş sinif otaqlarında rahat bir şəkildə müəllimlərin onlara öyrətdiklərini əxz etmək imkanına malik olmalıdırlar.
Ölkəmizdə təhsil islahatı aparılır, öyrədənlər və məktəbli skamyası arxasında oturanlar məmləkətimizin gələcək inkişafının konturlarını bəs görəsən hansı şəraitdə cızmaq imkanına, şəraitinə malikdirlər?
Təəssüflər olsun ki,bu sahədə hələ də axsamaqda davam etməkdə olanlar yox deyildir.
Elə götürək Balakən təhsilini . Bütövlükdə rayon təhsilinin bərbad vəziyyətdə olduğu elə təhsilverənlərin özləri tərəfindən vaxtaşırı respublika mətbuatında mətbuat dəfələrlə qələmə alınıb.
Bunun səbəbləri bir deyil,iki deyil.
Biz bu yazıda bu məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışacağıq.
Əvvəlcə onu deyək ki,Balakən rayonu ölkəmizin yanacaq qazı ilə təmin olunmuş rayonları sırasında qürrələnənlər arasında yer almaqdadır.
Bəs bu qürurdan rayonun təhsil ocaqlarına nə qədər pay düşür görəsən?
Bu yerdə balakənlilərə yalnız acı təəssüf hissi keçirmək qalır,desək, yəqin ki,səhv etmərik.
Bilmirsən acı bir gülüşlə güləsən, yoxsa aglayasan eşitdiklərinə.
Bütünlüklə yanacaq qazı ilə təchiz edilmiş rayonda nədənsə təhsil müəssisələrinin qazlaşdırılması tamamilə yaddan çıxıb?!
Görəsən hansı dövrdə, zəmanədə yaşayırıq? Bilmirsən kimi qınaq, tənqid obyektinə çevirəsən?Neçə -neçə aidiyyəti qurumlar hara baxır, nə işlə məşğuldurlar, düşündüyümüz yerdə birdən…
Birdən qeyri -ixtiyari barmağınızı dişlədik.Deyəsən işin içində iş var axı.
Məktəblərin müəllim və şagirdləri qışın soyuq-sazagında nə çəkir,kimin nə vecinə.
Sinif otaqlarının tüstü -duman içində olması, meşələrin qırılıb axırına çıxılmasının kimə nə dəxli.
Məktəblərin yanacaq qazı ilə təchiz olunması özünü hamıdan ağıllı hesab edən bəzi səlahiyyət sahiblərinin mayasına ziyan eləyir yoxsa?
Bax , məsələnin kökü də elə bundadır.
Təsəvvür edin, rayonda neçə məktəb mövcuddur, bunlara soyuq havalarda bir il ərzində sinif otaqlarını qızdırmaqdan ötrü nə qədər odun tədarük olunmalıdır? Və o tədris ocaqları təyin olunan normanı alırlarmı? Əlbəttə ki, yox. Burada “kor atını minib köndələn sürənlərin”bəxti ayaq üstündə”olur məsəlini xatırlamamaq olmur.Yəni, qısası, əsil yeyinti , qaz vurub qazan doldurmaq yeridilir Hazır qazanc yerindən kim imtina edər ki?
Kimin nə vecinə soyuqdan məktəbdə müəllim, ya uşaq xəstələndi, kimlər dərsdən qaldı, qalmadı, günlərlə hansısa məktəbdə dərslər keçirilmədi.
Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən:”Millət necə xərac olur olsun, nə işim var…”
Görəsən qarşıdan gələn qazlı Balakənin qazsız məktəbləri yanacaq qazı ilə təmin olunacaqmı?
Yəqin ki, balakənliləri düşündürən bu sualın cavabını verəcək aidiyyəti qurum tapılar. //aktualxeber.az//