Məlum olduğu kimi, Bakının müxtəlif ərazilərində smart tipli avtobus dayanacaqları quraşdırılıb. Şəhərin hələlik smart dayanacaqlarla tam təmin olunmasa da, bu çərçivədə görülən işlər davam etdirilir. Hazırda “Memar Əcəmi”, “Gənclik”, “28 May” metrostansiyalarının yaxınlığında smart dayanacaqlarla rastlaşırıq. Tamamilə yerli istehsal olan dayanacaqların əslində bir çox üstünlükləri var. Şəhərin ictimai nəqliyyat infrastrukturunda ilk dəfədir ki, həmin dayanacaqların pavilyonunda kondisionerlər quraşdırılıb. Sensorla açılıb-bağlanan qapılar, müşahidə kameraları və məlumatlandırıcı monitorlar... Dayanacaqlarda həmçinin bir sıra zəruri məhsulların satışı da təşkil edilib. Bir sözlə, paytaxt sakinləri xüsusən qış-yay ayları baxımından smart dayanacaqları ümidlə gözləsələr də, ümidlər, təəssüf ki, özünü doğrultmadı. Quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxıb. Dayancaqların qapılarında sensor ya tamamilə işləmir - buna görə də qapılar taybatay açıqdır - ya da çöldən içəri daxil olmaq istəyən vətəndaş üçün qapını kimsə içəridən açmalıdır, çünki çöl tərəfdən qapıları açmaq müşküldür. İçəri girsəniz belə avtobusun gəlib-gəlmədiyini görə bilmək üçün yenidən çölə çıxmalısınız, çünki dayanacağın sol tərəfində yöndəmsiz quraşdırılan “mini market” avtobusu görməyinizə maneə olur. Yayın istisində onsuz da “40 dəqiqədən bir” gələn avtobusu gözləyən sərnişin günəşin altında qovrulmamaq üçün özünü pavilyondan içəri atıb sərinləmək istəsə də, pavilyonda tempratur “hamam dərəcəsində”, bircə “kisəniz” çatmır. Kondisonerdən çıxan buxar bir tərəfdən, günəşin istisində qaynayan dayanacaq digər tərəfdən. Bu məqamda sərinkeşi olanlar şanslıdır. Bir sözlə, dayanacaqlardan yeganə karlı çıxan “mini market” sahibləridir...
Millitv.az-ın məlumatına görə, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu da deyib ki, əslində yayı çox isti keçən Bakıda belə dayanacaqların sayının çox olması lazımdır.
“Amma kənardan baxanda, sanki smart tipli dayanacaqlar insanları yağışdan, soyuqdan və ya istidən qorumaq üçün deyil, yeni bir biznes üçün quraşdırılıb. Elə olmasa, həmin dayanacaqların bir hissəsi mini market kimi istifadə olunmazdı. Dayanacaqların ətrafında köşklər, mini marketlər onsuz da xeyli sayda var. Doğrudan da yaxşı bir iş görmək istəsələr, həmin dayanacaqlara günəş paneli quraşdırsınlar. Onda sərinləmə də, işıqlandırma da qaydasına düşər. Biraz da dayanacaqlardan istifadə edənləri qınamaq lazımdır. Qapıların açılması üçün əl şəkli olan sensor var, buna baxmadan qapını itələyirlər, dartırlar. Yaxşı olar ki, mütəmadi həm mətbuat və televiziyada, həm də avtobuslarda sərnişinləri yeni dayanacaqlardan istifadə qaydaları ilə məlumatlandırsınlar. Çox uzaq keçmiş deyil, bir neçə il əvvəl dayanacaqlara məlumat lövhələri quraşdırılmışdı, amma heç bir gün belə düzgün işləmədi. Ümid edək ki, bu smart dayanacaqlar məlumat lövhələrinin aqibətini yaşamaz, yoxsa milyonlarla manat vəsait havayı xərclənmiş olacaq...”