Azərbaycanda qanunverici orqan, yəni millətin vəkillərinin toplaşdığı yerdə yalnız millətin əleyhinə qərarlar qəbul olunur. Son illərdə bütün mürtəce qanunlar qüvvəyə minib, absurd dəyişikliklər olub, ağılasığmaz dərəcədə cəzalar, cərimələr həm sərtləşdirilib, həm məbləği artırılıb. Lakin xalqın əleyhinə qəbul edilmiş bu dəyişikliklərin heç biri yaxşılığa doğru irəli addım olmayıb. Yəni qanun sərtləşibsə, yaxud cərimə fantastik məbləğə çatdırılıbsa, problemin sayı azalmayıb. Yenə də qanun pozuntuları, inzibati xətalar var, üstəlik, kəmiyyəti artmaqdadır. O zaman dəyişikliklər kimə xidmət edir? Təbii ki, əhalinin cibinə girməyə...
Sadə dillə desək, nə qəzalar azalıb, nə hadisələr bitir, nə cərimələrin artması ilə insanlarda qorxu yaranıb. Deməli, cəzanın sərtləşməsi heç də çıxış yolu deyil. Amma hökumət və parlament əlbir olaraq, növbəti antixalq qərarına hazırlaşır. Anaxeber.info bildirir ki, söhbət İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsindən gedir. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150-dən 200 manat məbləğinə artırılması təklif edilir.
Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 250 manat yox, 300 manat məbləğində cərimə ödəyəcəklər. Bunun ən izahı olmayan tərəfi ölkədə minimum əmək haqqının 345 manat olduğu halda, cərimə məbləğinin 150-300 manat civarında təklif edilməsidir. Parlamentdə və hökumətdə kreslo tutanlar aldıqları maaşla əhalinin gəlirlərini ya səhv salıblar, ya da millətin sosial vəziyyətindən bixəbərdirlər. Ölkədə fantastik inflyasiya, dəhşətli bahalaşma var, Maliyyə Nazirliyi də təsdiqləyir, bəzi insafa gəlmiş deputatlar da vaxtaşırı qiymət artımından, monopoliyadan gileylənir, belə olan halda isə cərimələr ən yüksək həddə çatdırılır. Avtomobildə olmayan sürət cərimələrdə öz əksini tapmaqdadır. Bu çıxış yolu deyil axı?! Hökumət və parlament nə etmək fikrindədir? Xalqın qəsdinə durmaqdır, yoxsa büdcəni cərimələrlə doldurmaq məqsədidir? Normal Qərb ölkələrin olduğu kimi turizmlə, kiçik və orta sahibkarlığa normal şərait yaratmaqla ödənilən vergilər hesabına büdcəni doldurmaq əvəzinə, hakimiyyət cərimələr, sanksiyalar yolu ilə büdcə formalaşdırır. Üstəgəl, cərimələrin məbləğini qaldırmaqla məsələ həll olunmur. İkincisi, ölkədə yol polisi sistemi Amerikadakı şerif modelinə keçməlidir. Bütün bunlar da bir yana, 345 manat minimum maaş olduğu ölkədə necə 200-300 manat cərimələr kəsmək, sürücüləri "terror" etmək olar? İnsanlar bu ödənişləri necə etsinlər? Sürücü robot deyil, onun da səhv etməsi, inzibati xəta törətməsi normaldır, təbii ki, həddi aşan, qanunu aşkar pozan sürücü cərimələnməlidir, amma hər inzibati xəta üçün bu dərəcədə cərimə yazılması heç düzgün deyil. Nəticədə kütləvi cərimələr gələcək, sosial narazılıq və gərginlik artacaq, böyük bir kütlə dövlətdən narazı salınacaq. Bu hansı məntiqin nəticəsidir? Bundan başqa, nə zaman cərimələrin azaldılması, qiymətlərin ucuzlaşdırılması haqda qərar veriləcək? İşıq, qaz sərfiyyatında limit nə vaxt ləğv olunacaq? Bəlkə hökumət və parlament bu barədə də fikirləşsin...Şərqi Avropaya qaz satan, enerji satan ölkədə mavi yanacaq və elektrik enerjisindən istifadədə üç kateqoriyalı limit müəyyənləşdirilib. Bu da əhalinin kommunal xərclərində çox ciddi şəkildə özünü göstərməkdədir. Amma nə Nazirlər Kabineti, nə Milli Məclis xalqın mənafeyinə uyğun olan belə qərarları müzakirə etməkdə maraqlıdır. Onları düşündürən odur ki, cərimələri artırmaq, vətəndaşları cəzalandırmaq, imkanlarını məhdudlaşdırmaq üçün daha nə edə bilərik? Bu gün təkcə Bakını götürsək, minlərlə avtomobil var: nə parklanma yerləri təşkil olunub, nə maşın saxlamağa yer tapılır, amma dayanma-durma cərimələri total şəkildə yazılır. Həmçinin, Bakıda sürət həddi endirilib, əvəzində tıxaclar daha da artıb. Yəni heç bir proqram yox, alternativ yox, amma əhali cəzalandırılır. Belə hökumətlə parlamenti bütün ölkələrə arzulayırıq...
Azər Talıbov
Anaxeber.info