Axtarış...

Məcnun müəllim, Şəkidə fermerlər çətin durumdadır... - Yeni nazir BUNA MÜDAXİLƏ EDƏCƏKMİ

Məcnun müəllim, Şəkidə fermerlər çətin durumdadır... - Yeni nazir BUNA MÜDAXİLƏ EDƏCƏKMİ


Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə ötən ilin payızında 65 min hektara yaxın sahədə əkin aparılıb.

Millitv.az bildirir ki, Bizim.Media-nın yerli bürosuna Şəki rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən 65 min hektarın 32 min hektara yaxını arpa, 33 min hektara yaxını isə buğda əkinləri təşkil edir.

Rayonun Turan, Dəhnələr, Cəyirli, Qaratorpaq əraziləri əsasən dəmyə torpaqlar olduğundan və bu il qeyri-sabit hava şəraiti əsasən də yağmursuzluq fermerlərin çəkdiyi zəhmətin hədərə getməsi ilə nəticələnib.

Göz qaraldan boz sahələr

Yol boyu uzanan taxıl zəmiləri. İndi onların göz oxşayan, sünbülün-sünbülə dayaq duran vaxtı olmalıydı. Lakin ürək ağrıdan mənzərə ilə qarşılaşırsan, zəmilər boz çöllüyə bənzəyir. Artıq ikinci ildir ki, Şəkinin Turan qəsəbəsi daxil ətraf ərazilərdə əkilən min hektarlarla taxıl bitmir.

Ərazilər dəmyə torpaqlar olduğundan taxıllar ancaq yağış suları ilə qidalanır. Bu il isə yanvar ayından başlayaraq havaların quraq keçməsi ilk növbədə taxıl sahələrində məhsulun yetişməsinə mənfi təsir göstərib.

Fermer Davud Balaşov ötən il şəxsi torpaqları ilə yanaşı daha 80 hektarda icarə əsasında taxıl əksə də ili ziyanla başa vurub. Bu il də fermerin əkin sahələri boz səhranı xatırladır. Fermer deyir ki, müqavilə ilə 50 hektar taxıl əkirib. Bu isə fermerə 10-12 min manata başa gəlib.
Qonşuluqda əkin aparan fermer Şərif Qasımovun sözlərinə görə, hər hektara orta hesabla 500-600 manat xərc çəkilib. Şərif kişinin öz pay torpağında əkdiyi 15 hektardan taxıl götürəcəyinə inamı yoxdur.

Aqrar sığorta quraqlığa görə niyə yardım etmir?

Turan qəsəbə sakini Tərxan Kərimov bu il 45 hektarda əkin aparıb. O da digər fermerlər kimi ili ziyanla, əsasən də borcla başa vuracaq.

Deyir ki, aqrar sığorta daşqına, selə, digər təbii fəlakətlərə qarşı fermerin sahəsini sığortalayır. Lakin quraqlığa qarşı heç bir tədbir görülmür:

”Quraqlıq səbəbindən bu il məhsulumuz yoxdur. Aqrar sığorta da bizə quraqlığa görə yardım etmək fikrində deyil. Bir neçə dəfə müraciət etmişik. Doluya görə, leysana görə, qasırğaya görə sığorta var ancaq quraqlığa görə sığortadan boyun qaçırırlar. Dəfələlərlə sığorta idarələrinə müraciət etmişik hələlik bir nəticə yoxdur”.

T.Kərimov məsələ ilə bağlı fermerlərin Kənd Təsərrüfatı nazirliyinə də müraciət ünvanladığı, hazırda məsələnin araşdırma mərhələsində olduğunu bildirib.

Mütəxəssislər məsələni diqqətdə saxlayır.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Sahib Abdulhəmidov ilkin yaz aylarında dəmyə əkinlərdə kənd təsərrüfatı nazirliyinin müvafiq monitorinq qrupları ilə müşahidələr apardıqlarını və indiyə kimi rayon ərazisində 19 min hektara yaxın əkin ərazilərində taxıl məhsulu bitmədiyi haqda rəy verildiyini diqqətə çatdırıb:

“Sahələrin bitiş vəziyyətinə baxanda hiss olunur ki, burada yüksək fonda aqrotexniki qulluq həyata keçirilib. Ancaq bildiyimiz kimi rayon əsasən dəmyə ərazilərdə yerləşir. Taxıl əkinləri ancaq burada dəmyədə olduğuna görə taxıldan başqa heç nə əkmək mümkün olmadığından məcburdurlar ki, taxıl əksinlər. Əkilən taxıla göstərilən yüksək aqrotexniki qulluğa baxmayaraq , yüksək səviyyədə vəziyyət alınmasına baxmayaraq uzun sürən yağmursuzluq, quraq, anomal hava şəraiti taxılın məhv olmasına gətirib çıxarıb. Biz ayda iki-üç dəfə monitorinqlərə çıxır və sahələrin vəziyyəti ilə bağlı məlumatlar hazırlayırıq”.

Sektor müdiri bildirir ki, Şəkinin aran ərazilərindəki əkinlərin çoxu dəmyə torpaqlarda yerləşir. Aparılan müşahidə və monitorinqlər göstərir ki, Turan, Sarıca, Bolludərə, Qaratorpaq, Qayabaşı, Dəhnələr, Çayqaraqoyunlu, Şəki və başqa kəndlərin əksər əkinlərində məhsul bitməyib.

Məsələ ilə əlaqədar hazırda kənd təsərrüfatı nazirliyinin mütəxəsis qrupu rayonda monitorinqləri davam etdirir.

Fermerlər isə Kənd Təsərüfatı Nazirliyindən dəyimiş ziyanla bağlı tədbirlər görməyi xahiş edib. Belə ki, fermerlər aqrar sığorta qaydalarında dəyişiklik etməklə dəymiş ziyanın bir qisminin ödənilməsini mümkün hesab edir və müvafiq qurumlardan bununla bağlı xəbər gözləyirlər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz