Bu il hədsiz dərəcədə isti keçən avqust ayının əvvəlindən Meliorasiya və Su Təsərrüfatı” ASC-nin internet saytına baxanda ilk növbədə bu tip xəbərlər diqqəti çəkir: “Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır”; “Sabirabadda yeni nasos stansiya istifadəyə verilib”; “Ağdaş rayonunda 36500 ha əkin sahəsi suvarılır”; “Ağdamda mexaniki üsulla suvarma davam edir”; “Qazaxda əkin sahələrinin suvarılması davam edir”; “Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır”; “Suqovuşandan gələn su ilə Tərtərdə əkin sahələri suvarılır” və s.
Redaksiyamıza müraciət edən fermerlər yəqin həmin xəbərlərə baxanda ya inanmırlar, ya da fikirləşirlər ki, ASC onlara münasibətdə ayrı-seçkiliyə yol verir: “Araz çayından başlanğıc götürərək Beyləqan – Ağcabədi – Füzulidən keçən “Xan Qızı” kanalı vasitəsilə Ağcabədinin Qaradolağ, Yeni Qaradolağ, Aran, Mehrablı, Kəbirli kəndlərini su ilə təminatı “düyünə düşüb”. 500 ha pambıq sahəsinin hələ heç birinci mərhələ suvarılması yekunlaşmayıb. İkinci suvarma isə suyun yoxluğu səbəbindən hələ başlamayıb. Ümumiyyətlə, bu ərazidə 1500 hektara əkilmiş pambıq yanmaq üzrədir”.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib. Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilmiş, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılmışdır. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görünən odur ki, konfrans, iclas, tapşırıq – filan hamısı yalnız “gözdən pərdə asmaq” üçündür. Ortada əməli iş yoxdur. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatı üçün xeyirli hesab olunan pambıqçılığın perspektivini nəzərə alıb bu sahənin inkişafına dair Dövlət Proqramı üzrə xeyli vəsait ayırsa da, fermerlərə subsidiyalar verilsə də, görünən odur ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki struktur vahidlərinin vəzifəli şəxsləri öz funksiyalarını yerinə yetirməyərək pulları göyə sovururlar. //aktualxeber.az//