"Qaradağ Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi "Svord-A.A. Services” MMC (VÖEN-2003437151) olub.
"Qaradağ Tibb Mərkəzi” 7 ədəd liftə texniki xidmətin göstərilməsi üçün "Svord-A.A. Services” şirkətinə ümumilikdə 27 min 621 manat 63 qəpik ödəyəcək.
Məlumat üçün qeyd edək ki, "Svord-A.A. Services” MMC son 3 ay ərzində aşağıdakı qurumların analoji tenderlərinin də qalibi olub:
"Kliniki Tibb Mərkəz” – 21 264,78 manat
Qazax Rayon Mərkəzi Xəstəxanası – 7 200 manat
"Sanator-Kurort Reabilitasiya Mərkəzi” – 13 027,2 manat
"Uşaq və Yeniyetmələr üçüm Vərəm Sanatoriyası” – 7 200 manat
Bunlardan başqa "Svord-A.A. Services” MMC ötən illərdə də çoxsaylı tenderlərin qalibi olub. Bu şirkət 2022-ci ilin may ayında MİDA-nın 600 000 manatlıq tenderini udub.
Qeyd edək ki, "Svord-A.A. Services” MMC 02.07.2015-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov ev 15 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abuşov Anar Şəmdin oğludur.
MMC-nin qanuni təmsilçisi Anar Abuşov uzun illər Bakı şəhərinin lift təsərrüfatında müxtəlif vəzifələrdə çalışan Şəmdin Abuşovun oğludur.
"Svord-A.A. Services” MMC-nin qeydiyatda olduğu hüquqi ünvanda - Xətai rayonu, Fəzail Bayramov ev 15-də "Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı filialı (VÖEN- 2003039731) və Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN – 2003778101) yerləşir.
"Krokus AV S.R.O” şirkəti isə 15 mart 2012-ci ildə Çexiyanın dördüncü böyük şəhəri olan Plzendə qeydiyyata alınıb. Şirkət 2 nəfər Azərbaycan vətəndaşı – 1944-cü il təvəllüdlü Vaqif Xəlilov və 1950-ci il təvəllüdlü Asiya Xəlilova tərəfindən təsis olunub.
Vaqif Xəlilov Çexiyada şirkət təsis etməzdən cəmi 2 ay əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunub.
Şirkətin Bakıdakı Nümayəndəlik və Fililalına isə Vaqif Xəlilovun oğlanları İlkin və Emil Xəlilovlar rəhbərlik edir.
Emil Xəlilov eyni zamanda "Bakı Otis Lift” QSC-nin (VÖEN – 1400336121) də rəhbəridir.
Yazının əvvəlində qeyd etdiyimiz Şəmdin Abuşov da bir müddət "Bakı Otis Lift” QSC-yə rəhbərlik edib (2020-ci ildə vəfat edib).
Adları qeyd olunan bu şirkətlər dövlət qurumlarının keçirdiyi dəyəri milyonlarla manat olan yüzlərlə tender müsabiqəsində qalib olurlar.
Maraqlıdır ki, böyük məbləğdə tender müsabiqələri udmalarına baxmayaraq hazırda QSC-nin dövlət büdcəsinə 80 min 763 manat 91 qəpik vergi borcu var.
Qaynarinfo.az