Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir mühüm yenilik baş verib.
Millitv.az FED.az-a istinadla xəbər verir ki, indiyədək Azərbaycanın digər bölgələrindən olan əksər sahibkarlar üçün «bağlı zona» sayılan Naxçıvan Muxtar Respublikasında dövlət tenderləri mərkəzi satınalma portalında açıqlanmağa başlayıb.
Qeyd edək ki, indiyədək, yəni muxtar respublikada islahatlara başlanmazdan əvvəl buradakı dövlət satınalmaları barədə elanlar nadir hallarda, özü də yalnız yerli mətbuatda açıqlanırdı. Satınalmaların mərkəzi reyestrdə görünməsindən söhbət gedə bilməzdi.
İndi isə dəyişikliklər çərçivəsində satınalmalar sahəsində də islahatlar aparılıb.
Əvvəla fevralın 17-də Azərbaycanda dövlət satınalmalarına nəzarət edən qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi dövlət satınalan təşkilatları və sahibkarlar üçün 3 günlük təlimlər keçirib.
Dövlət satınalan təşkilatların 100-ə yaxın əməkdaşının iştirak etdiyi təlimdə dövlət satınalmalarının planlaşdırılması və təşkili metodları, tender təkliflərinin qiymətləndirilməsi, satınalma müqavilələrinin bağlanması və digər mövzular üzrə məlumat verilib. Eyni zamanda sahibkarlar üçün dövlət satınalmalarında iştirak qaydaları, tender təkliflərinin hazırlanması və digər mövzular üzrə təlim keçirilib.
Nəticədə 2023-cü ilin fevralından etibarən Naxçıvan dövlət qurumlarının satınalma tenderləri dövlət satınalma portalında yerləşdirilməyə başlanılıb.
Maraqlıdır ki, ilk tender elanı təlim başlayan günə – 17 fevrala təsadüf edib.
İndiyədək Naxçıvan şəhər sanitar idarəsi, muxtar respublikanın Fövqəladə Hallar və Səhiyyə nazirlikləri, energetika xidməti və digər tibbi qurumlar öz tenderlərini açıqlayıblar.
Tenderlərin mərkəzləşmiş qaydada, yəni daha şəffaf elan edilməsi ilə yanaşı, bu tenderlərdə sahibkarların, o cümlədən ölkənin digər ərazilərində fəaliyyət göstərən iş adamlarının da iştirakı və sifariş əldə etməsi imkanları artıb.