Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Qeyd olunub ki, zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz edib, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynayıb: “Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir”.