Kənd təsərrüfatı mütəxəssisi, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırılan İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respublikasının prezidenti İLHAM ƏLİYEV cənablarına MÜRACİƏT ünvanlayıb.
İctimailəşdirilməsi üçün bir nüxsəsi Faktinfo.az saytına,eləcə də digər mətbuat orqanlarına göndərilən müraciətdə deyilir:
Hörmətli cənab prezident!
40 ilin kənd təsərrüfatı mütəxəssiyəm, təqaüd yaşıma 3 il qalmış əmək müqaviləmə "Aqroservis" ASC-nin sədri Elmin Rəhimov tərəfindən xitam verildi. Məni 20.12.2022-ci ildə "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsindən uzaqlaşdırdılar.
Yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimova dəfələrlə müraciət etmişəm.Heç bir əhəmiyyəti olmayıb,KTN-nin aparat rəhbəri tərəfindən aldığım məktubda işdən çıxarılmağımda qanun pozuntusunun olmadığı göstərilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsas götürülüb əmək müqaviləmə xitam verilib.Bununla etiraf edilir ki,tərəfimdən qanun pozuntusuna, nöqsana yol verilməyib.Heç bir əsas göstərilmədən belə istəyiblər əmək müqaviləmə xitam verilib.Buradan həm də o qənaət hasil olur ki,"Aqroservis" ASC-nin sədri Elmin Rəhimov istənilən kənd təsərrüfatı mütəxəssisini müqavilə əsasında işə götürə bilər,növbəti il heç bir əsas göstərilmədən onunla əmək müqaviləsinə xitam da verə bilər.Yəni külli ixtiyar sahibidirlər,qəti imkan tədbirində istədiklərini edə bilərlər.Bu davranışla,bu yanaşma ilə insanları ölkə prezidentindən narazı salmaq da olar.
Digər aspektdən yanaşsaq "Aqroservis" ASC-nin Ağstafa bölməsində işlədiyim mühəndis-mexanik ştatı ixtisara düşməmişdisə və bu ştata ehtiyac varsa rəhbərliyin nə marağı var idi ki, mənimlə əmək müqaviləsi bağlanılmadı,sualı aktuallığını hələ də saxlayır.Yəni 40 ilin kənd təsərrüfatı mütəxəssisini,maşın və mexanizmiləri bilən şəxsi nə səbəblə təqaüd yaşına 3 il qalmış işdən çıxardıblar,sualı açıq qalıb. Buna dair bunların heç bir əsaslandırması yoxdur. Mən "Aqroservis" ASC-nin sədri Elmin Rəhimov kimi hüquqşünas,aqrar sektordan xəbərsiz biri deyiləm.Eləcə də onun kimi 40-41 dərəcə istidə kondisionerin altında kresloya yaymanmamışam,mən istidə-soyuqda sahələrdə maşın və mexanizmiləri təmir etmişəm.Budurmu mənim əməyimə verdikləri qiymət ki,əmək müqaviləmə xitam verildi.Başa düşmədim ki,mən fəaliyyətim hansı çağırışlara cavab vermədi ki,bu cür davrandılar.
Faktinfo.az bildirir ki,müraciət müəllifi İsgəndərov Qədir İsgəndər oğlu işdən kənarlaşdırılmasının bir neçə saat ərzində,aşağıda nəql etdiyi hadisədən sonra baş verdiyini də bildirib.
Belə ki, " 20.12.2022-ci il səhər saatlarında "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində anbardar vəzifəsində işləyən Əliyev Emin Şahin oğlu işə gecikib.Günorta saatlarında isə Emin Əliyev gözlənilmədən işdən gedib.Emin Əliyevin hər iki hərəkəti nəzərə alınmaqla,Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov tərəfindən akt tərtib olundu,4 nəfər akta qol çəkdi, onlardan biri də mən oldum.
İlin sonu, bayram qabağı olduğundan bölmə müdiri Cavanşir Əmrahovdan xahiş etdim ki, aktı elektron variantda "Aqroservis" ASC-yə göndərməsin.Təkidlərim nəticəsiz qaldı, bölmə müdiri aktı göndərdi. Bundan bir az sonra "Aqroservis" ASC-dən bölmə müdirinə zəng gəldi,ondan haqqımda təqdimat yazılması istənildi.Cavanşir Əmrahov "Qədir İsgəndərovdan deyil, bəlkə Emin Əliyevdən təqdimat yazılmasını istəyirsiniz"-desə də,bölmə müdirindən mənim təqdimatını tez yazması istənildi. Bir az sonra təkrar bölmə müdirinə zəng edildi. Bu dəfə zəng edən "Aqroservis" ASC-nin kadrlar şöbəsinin müdiri Elnur müəllim idi. O, telefonda "sədrin göstərişidir" - deyərək, Cavanşir Əmrahovdan tez-tələsik mühəndis-mexanikin təqdimatını yazmasını tələb edirdi.
Təqdimat 17:35 yazılıb göndərildi, iş saatının qutarmasına baxmayaraq,"Aqroservis" ASC 18:21 dəqiqədə mənimlə bağlanmış əmək müqaviləsinə xitam verdi. Bir neçə gün sonra iştirakım olmadan Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov və anbardar Emin Əliyev "Aqroservis" ASC-yə çağrıldılar. Tərəflər barışdırıldı, əmək müqavilələri uzadıldı.Onu da deyim ki,anbardar Emin Əliyevin atasının Kənd Təsərrüfatı nazirinin müşaviri ilə yaxın dostluq əlaqələrinin olması fikri var idi. Onun bir müddətdən sonra "Aqroservis" ASC-nin Ağstafa bölməsinin müdiri olmasına dair söhbəti də dolaşırdı.Bunu bölmə müdiri Cavanşir Əliyev bilirdi. Buna görə hər iki şəxs uzun müddət idi ki, çəkişirdi.İşə gecikmə halından olunan şikayət düzgün araşdırılmadı,idarədə yeganə kənd təsərrüfatı mütəxəssisi olmağım nəzərə alınmadı,təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırıldım.Aylar əvvəl Emin Əliyevin "mən istəsəm sizin hamınızı bu idarədən çıxartdıraram" fikri təsdiqini tapdı.
HÖRMƏTLİ CƏNAB PREZİDENT!
Sizdən xahiş edirəm,uzun illər aqrar sektorda çalışan bir mütəxəssisə qarşı olan bu haqsız münasibətin araşdırılmasına göstəriş verəsiniz.
Hörmətlə,
İsgəndərov Qədir İsgəndər oğlu //Faktinfo.az//