Məhkəmənin sədri postunda səlahiyyət müddəti başa çatan Ramiz Rzayev yaxın günlərdə öz postu ilə vidalaşacaq. Qeyd edək ki, 70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşünü keçirib. 2023-cü il martın 6-da Azərbaycanın Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib. Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsini 18 ildir ki, qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib.
Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl Ramiz Rzayev səlahiyyət müddətinin başa çatması və yaxın günlərdə vəzifəsini tərk edəcəyi ilə bağlı məlumatlara münasibət bildirmişdi. R.Rzayev açıqlamasında qanunda hakimlərin yaşı ilə bağlı tələbin ona şamil edilmədiyini bildirmişdi: "Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var: bir var qanun qəbul olunana kimi hakim qəbul olunanlar, bir də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali Məhkəmədə isə 68 yaşdır. Mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar, düzgün şərhini verə bilərlər. O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyəti yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm".
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxsin də kimliyi müəyyən olunub. Bu, Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur. Qeyd edək ki, uzun illər Prezident Administrasiyasında çalışan Çingiz Əsgərov həm də Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi olub.
Tanınmış hüquqşünas Əkrəm Həsənov R.Rzayevin kreslosunu əldən verməmək üçün sona qədər cəhdlər etdiyini bildirdi: “Ramiz Rzayevin səlahiyyəti əslində iki il əvvəl bitmişdi. Mövcud qanuna görə, Ali Məhkəmənin hakimlərinin maksimal yaş həddi 68-dir. Bu müddət uzadıla bilməz. Düzdür, o qanun 2014-cü ildə qəbul olunanda orada yazılmışdı ki, bu qanun qəbul edilənə qədər olanlara köhnə qanun şamil olunur. Amma o qanunla da maksimal yaş həddi 65 idi. O da yazılmışdı ki, xüsusi təcrübəsi olan hakimlərə münasibətdə 70 yaşa qədər müddət uzadıla bilər. Ramiz Rzayevi isə son dəfə 2018-ci ildə təyin etmişdilər, yəni 65 yaşı olanda. Köhnə qanuna görə isə səlahiyyət müddəti bitən vaxtı təyinatı baş vermişdi. Milli Məclis onu hakim kimi təyin etmişdi. Ali Məhkəmə hakimlərini Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Sonradan Prezident onların içərisindən Ali Məhkəməyə sədr təyin edir. Amma nə Milli Məclis, nə də Prezident 2018-ci ildə onun təyinat müddətini göstərməmişdi. Amma köhnə qanun axı demirdi ki, 65 yaşı olan avtomatik olaraq 70-ə qədər uzadılır. Bu müddət 66-ya qədər də, ondan sonra 70-ə qədər də uzadıla bilər. 2021-ci il fevralın 25-də Ramiz Rzayevin 68 yaşı tamam olmuşdu. Buna görə də vəzifəsindən getməli idi. Amma bunu etmədi. Bu il fevralın 25-də Rzayevin 70 yaşı oldu. Hətta köhnə qanuna, hansına ki, o istinad edirdi, o qanunla da səlahiyyət müddəti bitdi. O bu il fevralın 25-dən hakim deyildi. Amma buna baxmayaraq, Ali Məhkəmənin binasından çıxmırdı, kabinetində əyləşirdi, yenə də Ali Məhkəməni idarə edirdi, ona məruzələr olunurdu. Son 18 ildə Ramiz Rzayev heç bir işə baxmırdı. O, sadəcə, Ali Məhkəmə hakimləri üzərində rəhbərliyi həyata keçirirdi. Fevralın 25-i şənbə gününə düşdüyü üçün o, artıq bazar ertəsi işə çıxmamalı idi. Avtomatik olaraq, onun səlahiyyətlərini Çingiz Əsgərov icra etməli idi. Amma bu baş vermədi. Çünki Ramiz Rzayev öz səlahiyyətlərini 2 həftə artırmış oldu. Bu isə dünyada hüquq dərsliklərinə düşəcək bir hadisədir. Sizi əmin edirəm ki, xaricdə bunu bilsələr yazacaqlar ki, bu necə Ali Məhkəmədir, necə məhkəmə sistemidir, nə hüquqdur, nə qanundur ki, məhkəmə sədri qanunu bu formada pozur. Amma sanki Ramiz Rzayev nəyəsə ümid edirdi. Ola bilər ki, pərdəarxası nələrsə edirdi ki, qanuna dəyişikliklər edilsin. Fakt budur ki, o, vəzifəsindən getmək istəmirdi”.
Hüquqşünas R.Rzayevin yerinə kimin gələ biləcəyi haqda sualı çətin hesab edir: “Azərbaycan reallığından çıxış edərək bunu deyirəm. Normal hüquq, məhkəmə sistemi olan ölkələrdə Ali Məhkəmə, Konstitusiya Məhkəməsi olsun, bunların hakimləri bir qayda olaraq hüquq sahəsi üzrə alimlər olurlar. Onların elmi tədqiqatları olur. Çünki adi rayon məhkəmələri, yaxud birinci instansiya məhkəməsi olsun, bunlardan, hətta Apelyasiya Məhkəməsindən fərqli olaraq, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi ancaq işin hallarına baxmır, hüququn elmi araşdırmasını aparır. Çünki Ali Məhkəmədə aparılan mübahisə hüquq haqqında olan mübahisədir, işin halları üzrə deyil ki. Onlar qiymət verir ki, birinci instansiya, yaxud Apelyasiya Məhkəməsi qanuna düzgünmü qiymət verib. Bu artıq elmdir. Burada alim olmalısan. Təəssüflə qeyd edirəm ki, Azərbaycanda hüquq elmi yoxdur. Bəli, hüquq üzrə fəlsəfə doktoru, dosentlər, alimlər, professorlar, kitablar çoxdur. Amma onların mütləq əksəriyyəti, 99 faizi boş şeydir. Elmə aidiyyəti yoxdur. Ya plagiatdır, ya da boş-boş şeylərdir. Əlbəttə, barmaqla sayıla biləcək alimlərimiz var. Dövlət qurumlarında, özəllərdə təmsil olunur. Amma onlar çox azdır, tanınmayanları belə var. Böyük ehtimalla Ali Məhkəmənin yeni sədri dövlət orqanlarından çıxacaq. Bu şəxs hazırda bu vəzifəni icra edən Çingiz Əsgərov da ola bilər. Artıq neçə ildir ki, sədr müavinidir. Həm də Avropa Məhkəməsində Azərbaycanı təmsil edir. Vaxtilə Prezident Administrasiyasında da çalışır. Bu sahədə kifayət qədər təcrübəsi olan bir adamdır. Milli Məclisin vitse-spikeri Əli Hüseynlinin adı çəkilir. O da qanunvericilik sahəsində kifayət qədər tanınmış bir şəxsdir. Digər namizədlər də var. Hüquq-mühafizə orqanlarında belə isimlər də var. Onu da deyim ki, Azərbaycanda Ali Məhkəmə sədrləri bir qayda olaraq hüquq-mühafizə orqanlarından gəlir. Ramiz Rzayevin özü prokurorluqdan gəlib. Ondan əvvəl Südabə Həsənova idi, ədliyyə naziri olmuşdu. Böyük ehtimalla indi də belə olacaq. Əli Hüseynli ya parlamentdən gələcək, ya Çingiz Əsgərov məhkəmə sistemindən, ya da hüquq-mühafizə orqanından kimsə. Şəxsən mənim üçün fərqi yoxdur. O adamın alimliyi, elmi yanaşmaları yoxdursa, fərq etməz. Amma ümid edirəm ki, yeni sədr Ramiz Rzayevdən yaxşı olacaq. Ona görə ki, bundan pis olması mümkün də deyil. Biz öncəliklə yeni sədrdən olan gözləntilərimizdən danışmalıyıq. Ali Məhkəmə nəhayət şəffaf olmalıdır. Bütün qərarları dərc olunsun, xüsusilə plenum qərarları. Bilək ki, işlərə necə baxırsız. Amma indiyə qədər faktiki olaraq, Ali Məhkəmə qərarlarının heç birini dərc etməyib. Bunun da hamısı Ramiz Rzayevin işləridir. Ali Məhkəmə eyni tipli işlərə eyni cür yanaşmalıdır. Vahid məhkəmə təcrübəsi olmalıdır. Hamı bilməlidir ki, məhkəmələr işlərə necə baxacaq. Yeni təyin olunacaq sədrdən gözləntimiz həm də odur ki, hakimlərin müstəqilliyinə hörmət etsin, onların işlərinə qarışmasın...”
“Yeni Müsavat”