Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib.
C.Bayramov iştirakçılara iştiraklarına, gün ərzində uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib.
“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, - deyən nazir əlavə edib ki, təşkilat ölkələri COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidir.
Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.