"The Economist"-in qida ehtiyaclarının ödənilməsinə dair 113 ölkəni əhatə edən araşdırmasını - "Qlobal Qida Təhlükəsizliyi İndeksi 2022"ni açıqlayıb.
Dünyada “Özünü qida ilə təmin edən” ilk 3 ölkə Finlandiya, İrlandiya və Norveçdir. Reytinqdə dünyanın 4-cü özünü qida ilə təmin edən ölkəsi Fransadır, ardınca Hollandiya və Yaponiya gəlir. Azərbaycan bu ölkələrdən xeyli geridədir. Ölkəmiz 59.8 bal ilə 113 ölkə arasında 66-cı yerdədir. İlk 10-luğa daxil olan digər ölkələr İsveç, Kanada, İngiltərə və Portuqaliyadır. Türkiyə siyahıda 49-cu yerdədir. Siyahının sonunda Yəmən, Haiti və Suriya yer alıb. Hesabatda ölkələr arasında qida təhlükəsizliyi fərqinin sürətlə genişləndiyi və həll yolunun innovasiya olduğu vurğulanıb. İndeksin alt andekslərindən biri olan “Ərzaq qiymətlərinin əlçatanlığı”nda Azərbaycan 48-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, qardaş Türkiyə bu alt indeks üzrə 81-ci yerdədir. Qeyd edək ki, “ərzaq məhsulları ilə özünü təminat” İndeksində 60-cı yerdən öndə olan ölkələrdə vəziyyət "yaxşı", sonra olan ölkələrdə isə "pis" kimi qiymətləndirilir. Son illər ölkədə ərzaq məhsullarının qiymətinin davamlı olaraq bahalaşmasının əsas səbəblərindən biri kimi dünya ərzaq qiymətlərinin artması göstərilirdi. Bir çox məhsulların isə idxal edildiyini nəzərə alsaq, bu, ölkəmizin özünü qida ilə təmin edə bilməməsinin göstəricisidir.
Azərbaycanla bağlı indeksdəki göstəricilər nə dərəcədə reallığı əks etdirir?
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, reallığa əsasən özünü qida ilə təmin edən ölkələrin reytinqində Azərbaycan 60-cı yerdə qərarlaşmamalıdır:
“Çünki Azərbaycan özünün yerli tələbatının 50 faizini idxal hesabına ödəyir. Bu gün dünyada ən çox tələbat olan məhsullardan biri ərzaq buğdasıdır. Azərbaycan ərzaq buğdasının 60 faizə yaxınını xaricdən alır. Bu gün həmin rəqəmi 50 faiz göstərsələr də belə deyil, daha yüksək rəqəmlərdir. Azərbaycanda bunun üzərində möhtəkirlik edirlər. Şişirtmə aparılır ki, guya daxildə buğda daha çox istehsal edilir. Bir tərəfdən istehsalın artığı deyilir, digər tərəfdən idxal artır.
Demək ki, ikisindən biri real deyil. Çünki istehsal çoxalanda idxal azalmalıdır. Ancaq Azərbaycanda anormal olaraq ikisi də artır. Ərzaq istehsalı ilə bağlı rəqəm yalnız ərzaq buğdası deyil, bütün məhsullarda şişirdilir. Yəni ət, süd, toyuq, yumurta və digər məhsulların yarıdan çoxu xaricdən idxal olunur. Ona görə də Azərbaycanın belə indekslərdə önə çıxması mümkün deyil. Müxtəlif statistik spekulyasiya ilə mənfi və müsbət arasında dayana bilərlər, ondan o yana gedə bilməzlər”.
Ekspert bildirib ki, həm yerli istehsal aşağı səviyyədədir, digər tərəfdən qiymətlər əlçatan deyil:
“Rəsmi rəqəmlərə görə, Azərbaycanda ötən il inflyasiya 15 faizə yaxın olub. Ancaq ötən ilin sonlarında Nazirlər Kabinetinin iclasında Baş nazir Əli Əsədov bildirdi ki, ərzaq məhsullarının qiyməti 60 faiz artıb. İnsanların gəlirləri olduğu kimi qalır, ancaq ərzaq məhsulları 60 faiz bahalaşır”.
Ekspertin sözlərinə görə, həmin indeksin hazırlanmasında iştirakçı şəxslər bəlkə də Bakıda vətəndaşlar arasında sorğu keçirib:
”Sizdə ərzağa əlçatanlıq hansı səviyyədədir, ət ala bilirsiniz?”
“Azərbaycan kürü istehsalına görə dünyada ilk yerlərdən birini tutur, kürü, kərə yağı ala bilirsinizmi?” Bakıda əhalinin 80 faizi artıq kərə yağının dadını yadından çıxarıb. Adətən palma, soya yağlarını ala bilirlər. Hətta palma yağının toxumundan çəkilən yağı gətirib satırlar. Əhalinin də kərə yağı almağa gücü çatmır. Kərə yağının qiyməti 25 manatdır, hətta onların da tərkibi heç təbii deyil. Hər iki parametrdə Azərbaycan qonşu ölkələrdən geri qalıb. Ancaq bizim maliyyə imkanlarımız, gəlirlərimiz Gürcüstan, Ermənistandan çox olsa da, əhalinin imkanları çox məhduddur”.