Hörmətli oxucularımıza, Cəlilabad rayon Qarağac kəndinin bir qrup sakinləri tərəfindən daxil olmuş şikayət ərizəsində qaldırılmış problem, Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəsi Mədət Nəzərov tərəfindən heyvanların otlaması üçün nəzərdə tutulan örüş sahəsinin qanunsuz olaraq satılması və sözügedən sahənin setka və metal konstruktorlar vasitəsilə çəpərlənərək zəbt edilməsi barəsində ətraflı məlumat vermişdik.
Bütün bunlara baxmayaraq, sakinlərin aidiyyatı orqanlara olan şikayətini, biz Mediatv.az saytı olaraq problemi ictimailəşdirməyimizə rəğmən, “əbədi icra nümayəndəsi” tituluna sahib olan Mədət Nəzərov (30 ildən artıqdır ki, bu vəzifədə çalışır) min cəhdlə icra hakimiyyətinin məsul işçilərini, hətta icra başçısını da aldadaraq bəhs edilən torpağın örüş sahəsinə aid olmadığına inandırmağa çalışırdı.
Bu barədə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sakinlərin şikayəti əsasında rayon icra hakimiyyətinə ünvanladığı və icra başçısının müavini Qalib Xudaverdiyevin imzası ilə verilən məlumatda da bəhs edilmişdir.
“Rayon icra hakimiyyəti başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərovun kəndin örüş təyinatlı torpaq sahələrini satması barədə müraciətinizə Cəlilabad rayon icra hakimiyyətində baxılmışdır.
Bildiririk ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı mütəxəssislər tərəfindən həmin torpaq sahəsinə baxış keçiriləcək. Ərazinin koordinatları qeydə alınmış, komeral şəraitdə araşdırma aparılacaqdır.”
Bəli, rayon icra hakimiyyətinin və kənd sakinlərinin səbirsizliklə gözlədiyi araşdırma mütəxəssislər tərəfindən aparılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti öz qərarını açıqlamışdır:
“Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hektar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir.
Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügedən çəpərin qısa müddət ərzində sökülərək ərazinin zəbtdən azad ediləcəyi bildirilmişdir".
Hörmətli oxucular, göründüyü kimi, hər şey gün kimi aydındır. Bir daha, kənd sakinlərinin öz şikayətlərində haqlı olduqları əyani təsdiqini tapır. Lakin, təəssüf doğuran başqa məsələdir.
Mediatv.az-a verilən məlumata görə yaradılmış problemin öz həllini tapması, çəpərin sökülərək örüş sahəsinin zəbtdən azad edilməsi, Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəliyinə həvalə edilməsinə baxmayaraq, problem bu gün də öz həllini tapmayıb. Mədət Nəzərov hələ də gözləmə mövqeyindədir. Necə deyərlər: “bəlkə də qaytardılar.”
Əməkdaşlarımızın məlum qərarın yerinə yetirilməməsində, çəpərin sökülməsi prossesinin yuvadılmasında icra nümayəndəsi M.Nəzərovun məqsədi nə ola bilər?-Sualına, sakinlərdən birinin diqqətimizi cəlb edən maraqlı cavabı olmuşdur.
O, bildirmişdir ki, “neçə illərdir şeytanın belə düşünə bilmədiyini bu Mədət insanların başına gətirir. Bu məsələdə də yəqin ki, o, prossesi uzatmaqla gözləyir ki, kənd sakinləri qarşı-qarşıya dayanaraq münaqişə, dava-dalaş yaransın, ondan sonra məsələnin əsas mahiyyəti ikinci plana keçərək hüquqi müstəvidə prosseslər davam etsin.
Bu da yaranmış vəziyyətdən “məharətlə” istifadə etsin. Çünki, bu hal Mədətin iş təcrübəsində çoxlu sayda sınaqdan keçirilib.”
Doğrusu, sakinlərin bu fikrinə haqq qazandırmaq istəməsək də necə deyərlər, “görünən dağa bələdçi lazım deyil.”
Rayon icra hakimiyyətinin baçşısı cənab Rafiq Cəlilovun isə bu məsələlərə hələ də susqun yanaşması, dövlətin mühüm nazirliklərindən birinin qərarını “qulaqardına” vurması, icra nümayəndəsinin bu qədər qanunsuz hərəkətlərinə, özbaşınalığına, korrupsiya əməllərinə göz yumaraq, “yaşıl işıq” yandırması əsaslı şübhələrdən xəbər verir.Mədət Nəzərovun qanunazidd əməllərinə Rafiq Cəlilovun göz yummasının arxasında görəsən hansı maddi maraqlar durur?Yaxud ötən yazıda qeyd etdiyimiz kimi, Rafiq Cəlilovu Mədət Nəzərov qarşısında gözükölgəli edən hansı səbəbdir ki,icra nümayəndəsini cəzalandırmaqdan çəkinir?Bəlkə örüş sahəsini satan elə Rafiq Cəlilovun özüdür.Rafiq Cəlilov torpağın hansı kateqoriyaya aid olduğunu axı yaxşı bilməlidir.Çünki o,üzün illər DƏMK-də "çıxarış işinə" baxıb.Görünür Rafiq Cəlilov ya Azərbaycan Respublikasının qanunlarını saymır,ya da ki Mikayıl Cabbarova əzələ nümayiş etdirir.
Bu barədə, daha ətraflı növbəti yazılarımızda. Bizi izləyin.(Mediatv.az)