Axtarış...

Azərbaycanda binaları kim tikir? - ““Fəhlə bazarı”ndan günü 20 manata gətirilən işçi…”



Türkiyənin mərkəzi Kahramanmaraş olmaqla 10 vilayətində fevralın 6-da baş verən zəlzələ nəticəsində dağıntıya məruz qalan binalarla bağlı 134 nəfər məsuliyyətə cəlb olunub, 3 nəfər həbs edilib.

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Qeyd edək ki, hətta bəzi tikintilərin podratçılarının ali təhsilli mütəxəssis olmadığı deyilir. Son günlər Türkiyədə baş verən zəlzələ ilə bağlı ölkəmizdə də binaların zəlzələyə nə qədər davamlı olması müzakirə mövzusudur. Bəzi mütəxəssislər ölkədə, xüsusilə də paytaxtda bir sıra binaların təhlükəsizliyi ilə bağlı problemlərin olduğunu bildirirlər.

Ümumiyyətlə, Azərbaycanda podratçılarla bağlı əsas hansı tələblər nəzərdə tutulur?

Bununla bağlı memar Cahid Həsənov Cebhe.info-ya bildirib ki, tikintilər zamanı əsas amil binaların 7-9 ballıq zəlzələyə davamlı olmasıdır:

“Son 10-15 ildə, yəni FHN yarandıqdan sonra qoyduğu qaydalar imkan verib ki, texniki baxımdan möhkəm olsun. Hər mərtəbəyə baxış olur, sonra 2-ci mərtəbəyə icazə verilir. Ancaq o, başqa məsələdir ki, tikinti şirkəti, sahibkar standartlardan qaçıb, yaxud o da işi başqa birinə verib. Tikintidə ilk növbədə betonun eni və aralarındakı sütunların yükdaşıyacaq məsafəsi ilə bağlı qaydalar qoyulub. Müstəqillik dövrünə qədər elə binalar tikilib ki, sütunlar 40/40 olmalı idisə, 25/25 olub.

İndi də bunu bəzi dağıntılardakı hörgülərdə görmək mümkündür. Tenderin qalibi olan, tikinti aparan firmanın birinci əl olmaqla yanaşı, icazəsi varsa, işi 5 podratçıya da verə bilər. Texniki baxımından bilirik ki, betonun markası nə olmalıdır, sütunların arasındakı məsafə nə olmalıdır, betonun içindəki armaturların sayı, həmin armaturların diametri nə qədər olmalıdır, bağlantılantıları neçə santimetrdən bir olmalıdır, hansı dəmirlə, məftillə bükülməlidir. Ancaq podratçıların iş stajı yoxlanılmalıdır. Məsələn, bir nəfər gedib bazardan 3 fəhlə gətirib işlədər. Ancaq işi görəcək peşəkar bir briqada, lisenziyası olan şirkət olmalıdır. Podratçıların özünün sahibkar kimi peşəkar komanda olduğunu təsdiq edən sənəd olmalıdır. Lakin tikinti zamanı qəlibi birinə, şüşəni birinə verirlər, belə olmaz”.

Memar bildirib ki, heç bir ərazi zəlzələdən sığortalanmayıb:

“Xalqa, dövlətə, işinə ciddi yanaşmalısan. Eləcə də “bir az betondan kəsim, armaturu nazik edim, 5 sıra armaturu 4 sıra edim, 16-lıq armatur əvəzinə 14-lük verim” kimi yanaşma tərzi ilə riskə getmək özü anormal haldır”.

Memarın sözlərinə görə, podratçı üçün ilk növbədə texniki qaydaları bilməli, ikinci növbədə peşəkar işçi olmalıdır:

“Tikintidə istifadə edilən beton, sement markası, armatur əsas yükdaşıyan amillərdir. Bu da dünya alimləri tərəfindən ilk dəfə Yaponiyada hesablanılıb. Hər bir dəmirin, konstruksiyanın beton içində bağlanması, bükülməsi, bərkidilməsinin alimlər tərəfindən təcrübədən keçirilərək təsdiqi tapılıb. Burada kəşf edilməmiş heç nə yoxdur. Bu konstruksiya ilə bağlanırsa, yellənmə, titrəyiş, hətta sel zamanı bina öz gücünü saxlaya bilir. İkinci amil də qeyd etdiyim kimi peşəkar komanda olmalıdır. Üçüncü isə “az məsrəf qoyum, çox pul qazanım” yanaşma tərzi ümummilli faciəyə aparır.

Dövlət, xalq qarşısında əsas məsuliyyət tikinti aparandadır. Ancaq sahibkar “fəhlə bazarı”ndan günü 20-30 manata işçi götürür, gətirib konstruksiyada, bərkitmə işlərində istifadə edir. Bu, qəti yolverilməzdir. Bir mühəndisin gedib müxtəlif yerlərdən işçi toplayıb gətirib, “burada nə problem var, dəmiri burub tikəcəklər” kimi yanaşması doğru deyil. İşçilər armaturu bir-birinə necə bağlaması, ölçüləri və s. kimi amillərlə bağlı testdən keçməlidir. Sonra da yenə güclü nəzarət olmalıdır. Bu gün Yaponiyada 3 dəqiqə belə zəlzələ olsa, dağıntı olmayıb. Bizdə “tez bunu tikim, sonra da gedib digərini tikim” prinsipi ilə işləmək olmaz”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz