Axtarış...

TƏRK EDİLMİŞ EVLƏR, SUYA HƏSRƏT KƏNDLƏR, KORRUPSİONER MƏMURLAR – “Türk qapısı” və “Qeyrət qalası” Sədərəyin acınacaqlı durumu

TƏRK EDİLMİŞ EVLƏR, SUYA HƏSRƏT KƏNDLƏR, KORRUPSİONER MƏMURLAR – “Türk qapısı” və “Qeyrət qalası” Sədərəyin acınacaqlı durumu


Sədərək – Azərbaycanın qərbində, Türkiyə və Ermənistanla sərhəddə, Naxçıvan Muxtar Respublikasının (MR) tərkibində yerləşən bu kiçik rayon uzun illərdir baxımsızlıqdan, şəraitsizlikdən və məmur özbaşınalığından əziyyət çəkir. 1990-cı ildə yaradılan, cəmi 1 qəsəbə və 4 kənddən ibarət olan rayonun ümumi ərazisi 163,74 kvadrat kilometr, əhalisi isə 22 973 nəfərdir.

Ərazi və əhali baxımından Azərbaycanın ən kiçik rayonu olan Sədərəyin saymaqla bitməyən böyük problemləri var. Bu problemlərin əsas səbəbkarları isə Muxtar Respublikanı özünün korrupsiya yuvasına çevirən Vasif Talıbov və onun Sədərək rayonuna təyin etdiyi rüşvətxor məmurlardır.

Özünü Naxçıvanın “xan”ı hesab edən Talıbov, Muxtar Respublikanın digər bölgələrində olduğu kimi, Sədərək rayonunda da öz “qayda-qanunlarını” tətbiq edərək, uzun illər yerli sakinlərə qan uddurub. V.Talıbovun hakimiyyəti dövründə Sədərək rayonuna “ögey övlad” münasibəti bəslənilib, bölgə MR rəhbərliyinin diqqət və qayğısından məhrum edilib.

Halbuki, düşmənlə bir addım məsafədə yerləşən, Türkiyə ilə Azərbaycanı birləşdirən bu strateji bölgənin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu ölkə rəhbərliyi dəfələrlə qeyd edib. Ancaq görünür, bir sıra dar düşüncəli adamlar hələ də Sədərək rayonunun ölkəmiz üçün önəmini və strateji mövqeyini dərk etməkdə çətinlik çəkirlər.

Əhali içməyə su tapa bilmir...

Hazırda Sədərək rayonunun ən əsas problemlərindən biri su təminatı məsələsidir. Bu gün əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu Sədərəkdə nəinki əkin sahələrini suvarmaq, içməyə bir qurtum su tapmaq belə müşkülə çevrilib. Əhali içməli suya olan tələbatını “Bulaqbaşı” adlanan kəhriz və artezian quyuları vasitəsilə təmin etməyə çalışır.

Uzun illərdir kənd camaatı, xüsusən də qadınlar və uşaqlar yük arabalarıyla və əllərində yağışlı, qarlı, isti havalarda kilometrlərlə məsafə qət edərək, bu quyulardan evlərinə içməli su daşıyırlar. Məişətdə istifadə etdikləri suyu isə öz ciblərindən pul verərək alırlar. Bu isə zatən gəlirləri məhdud olan hər ailəyə ay ərzində azı 50-60 manata başa gəlir. Digər tərəfdən məhəllələrdəki artezianlar üçün hər ay əhalidən qanunsuz olaraq 15-20 manat vəsait toplanılır. Toplanan pulların hansı rüşvətxorun cibinə getdiyi isə məlum deyil. Yerli sakinlər bildirirlər ki, artezianda baş verən nasazlıqlar məhəllədə yaşayan vətəndaşların öz aralarında topladıqları vəsait hesabına aradan qaldırılır.

Qeyd edək ki, rayonda təbii su mənbəyi olmadığından suvarma əsasən 4 pilləli nasos stansiyaları və 3 qoldan ibarət kanallar, onların üzərindəki hidrotexniki qurğular vasitəsilə həyata keçirilir. Bu kanallar vaxtı-vaxtında vurulmadığı və növbəlilik prinsipinə əməl olunmadığı üçün hər il onlarla yerli sakinin əkin sahəsi məhv olur. Bu kanallarla verilən suyun böyük bir hissəsi bir sıra məmurların, icra nümayəndələrinin və onlara yaxın adamların əkin sahələrinə yönləndirilir. Su olmadığından insanların şəxsi həyətyanı torpaq sahələrindəki meyvə-tərəvəzləri də məhv olmaqdadır.

Məlumat üçün onu da qeyd edək ki, hələ illər əvvəl Sədərək rayonunda su və kanalizasiya xətlərinin çəkilişinə başlanılsa da, bu günə qədər əhali içməli su ilə təmin olunmayıb. Ayrılan milyonlarla vəsait mənimsənildiyindən işlər yarımçıq qalıb, nəticədə layihənin təhvil veriləcəyi tarix bir qədər də uzanıb.

Mədəniyyət evi, muzey, şahmat məktəbi adı altında mənimsənilən dövlət vəsaitləri

Hazırda Sədərək rayonunda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, 1 şahmat məktəbi fəaliyyət göstərir. Şagirdlər əsasən, 2010-cu ildə tikilən 2 nömrəli tam orta məktəbdə və 2014-cü ilin yanvar ayında istifadəyə verilmiş 1 nömrəli tam orta məktəbdə təhsil alırlar.

Digər məktəblərin taleyi, ora ayrılan vəsaitlərin necə xərcləndiyi isə məlum deyil. Rayonda fəaliyyət göstərən şahmat və musiqi məktəblərinin isə, necə deyərlər, adı var, özü yoxdur. Bu məktəblərdə cəmi 3-4 işçi çalışdığı halda, əlavə ştatlar açılaraq hər ay dövlətə on minlərlə manat ziyan vurulur. Sözügedən məktəblərdə saxta adlar əsasında onlarla şagirdin təhsil aldığı qeyd olunsa da, faktiki olaraq bu məktəblərdə heç bir dərs keçilmir.

Digər bir maraqlı məqam isə odur ki, Sədərək rayon İcra Hakimiyyətinin Başçısı Mahirə Adnayeva həm də Şahmat Federasiyasının Rayon Bölməsinin sədridir. DTX-nin Naxçıvandakı məlum əməliyyatlarından bir müddət əvvəl yerli İcra Hakimiyyəti bu məktəblərdə tədbirlər təşkil etməyə, bir sıra şagirdlərə sertifikatlar paylamağa başlayıb.

Güman etmək olar ki, onlar bu yolla sözügedən məktəblərin guya aktiv fəaliyyətdə olduğunu nümayiş etdirməyə çalışırlar. Hər halda heç bir fəaliyyəti və şagirdi olmayan bu məktəblərdə açılan əlavə ştatlarla mənimsənilən dövlət vəsaitinin kimin cibinə getdiyi hamıya məlumdur...

Bundan əlavə, Sədərək rayonunda texniki peşə məktəbi adı altında hər ay on minlərlə dövlət vəsaiti mənimsənilir. Faktiki olaraq Sədərəkdə belə bir məktəb ümumiyyətlə, yoxdur! Buna baxmayaraq, sənədlərdə saxta yollarla burada kimlərinsə çalışdığı göstərilir və onların adına olan maaş kartlarıyla bu vəsaitlər mənimsənilir.

Həmçinin, Muxtar Respublikada baş veren hadisələr fonunda, kommunal sahədə çalışan fəhlələrin adına olan maaş kartlarının özlərinə qaytarıldığı, onların işə çıxmalarına dair tapşırıqlar verildiyi bildirilir.

İş yoxdur!

Rəsmi statistikaya əsasən, Sədərək rayonunda sənayedə çalışan işçilərin sayı 303 nəfərdir. Onların orta aylıq qazanclarının 387,08 manat olduğu bildirilir. 1 yanvar 2022-ci il tarixinə olan hesabata görə, Sədərək ölkə üzrə orta aylıq əməkhaqqının ən yüksək olduğu 5-ci rayondur. Rayonda 2022-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin aldıqları orta aylıq əməkhaqqının məbləği 662,6 manat olub.

Rəsmi statistikada Sədərəklə bağlı göz oxşayan məlumatlar paylaşılsa da, reallıq tamamilə fərqlidir. Fakt budur ki, bu gün Sədərəkdə əkinçilikdən və maldarlıqdan başqa hər hansı bir məşğuliyyət yoxdur. Ona görə də rayon əhalisinin böyük əksəriyyətini yaşlı nəslin nümayəndələri təşkil edir. Sədərəkdə gənclər üçün heç bir perspektiv olmadığından, onların böyük hissəsi rayon ərazisini tərk ediblər. Rayonda gündəlik işlərdə çalışanların maaşları isə 300 manat civarındadır.

Səhiyyə çöküb, həkim tapılmır

Prezident İlham Əliyevin 2010-cu ildə açılışını etdiyi Sədərək Rayon Mərkəzi Xəstəxanasının hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Bu gün rayon əhalisi hətta ilkin tibbi yardım almaq üçün ətraf rayonlara və Naxçıvan şəhərinə üz tutmalı olur. Halbuki, 26 çarpayılıq, 14 həkim və 35 tibb işçisi, apteki, iki həkim ambulatoriyası olan Sədərək Rayon Mərkəzi Xəstəxanası vaxtilə bütün lazımi avadanlıqlarla təchiz olunub.

Burada həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb. Ancaq əhali bu sadaladığımız xidmətlərin heç birindən yararlana bilmir. Səbəb kimi xəstəxanadakı həkim çatışmazlığı göstərilir. Məsələn, bu gün Sədərək rayonunda adi bir diş həkimi belə yoxdur.

Yeri gəlmişkən onu da qeyd edək ki, rayondakı xəstəxanın baş həkimi Sədərək Rayon İcra Hakimiyyətinin sabiq başçısı Həbib İbrahimovun həyat yoldaşıdır. O, H.İbrahimovun Sədərək rayonundakı “qaranlıq” fəaliyyəti dövründə xəstəxanaya baş həkim təyin olunub və hələ də öz vəzifəsini icra edir.

Talıbovun korrupsioner kadrları

Bu gün Sədərək rayonunda yaşanan problemlərin başlıca memarları müxtəlif vaxtlarda bölgəyə rəhbər təyin olunan icra başçılarıdır. Təəssüf ki, Sədərəyə təyin olunan hər yeni icra başçısı özündən əvvəlkinə rəhmət oxutdurur. Onlar əhalinin güzəranını yaxşılaşdırmaq, problemlərini həll etmək əvəzinə özlərinə yeni korrupsiya mənbələri yaratmaq, əlavə qazanc əldə etməyin yollarını axtarmaqla məşğul olurlar. Sədərəyin inkişafına mane olan bu şəxslərin fəaliyyətsizliyi nəticəsində rayonun gələcək taleyi şübhə altına düşüb.

Məlumat üçün qeyd edək ki, hazırda Sədərək Rayon İcra Hakimiyyətinin başçsısı Adnayeva Mahirə İsmayıl qızıdır. O, bu vəzifəyə 6 oktyabr 2021-ci il tarixdə təyin olunub. M. Adnayeva icra başçısı təyin edilənədək Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini tutub. Yəni, Adnayeva idarəetmədə yeni bir şəxs deyil. O, 2013-cü ildən 2021-ci ilin avqustuna qədər bu postda oturan H. İbrahimovun müavini olub. İbrahimov isə yarıtmaz fəaliyyəti ilə əhali arasında böyük narazılıqlara səbəb olan, Sədərəyi öz qayda-qanunlarıyla idarə edən, ölkə başçsının fərmanlarına məhəl qoymayan, hətta yol kənarlarındakı ağacları da sataraq pul qazanan, bir sözlə, Sədərəyə böyük ziyan vuran şəxs kimi tanınır.

Bütün bunlar Adnayevanın müavin olduğu vaxtlarda həyata keçirilib. Hər halda təsadüfi deyil ki, M.Adnayeva icra başçısı təyin olunan kimi digər həmkarlarından geri qalmamaq üçün ətrafına öz yaxın qohum-əqrabasını toplamağa başlayıb. Mediada verilən məlumata görə, 1 illik fəaliyyəti dövründə Adnayeva özünə Bakı şəhərindən mənzil, həyat yoldaşına və oğluna yeni avtomobillər alıb. Sədərək rayonunda ailə hakimiyyəti yaradan M. Adnayevanın ən yaxın köməkçiləri isə həyat yoldaşı Ramazan Adnayev, oğlu Eltən və bacısının həyat yoldaşı Natiq Əliyevdir.

Kimsəsiz evlər, boşalan məhəllələr...

Bütün bu acınacaqlı vəziyyətin fonunda, həyatından bezən rayon sakinləri kütləvi şəkildə Sədərəyi tərk etməyə çalışırlar. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Sədərək əhalisinin sayı 22 min 700 nəfərdir.

Ancaq təbii ki, hər şeyin baş-ayaq olduğu Naxçıvanda bu statistika reallığı əks etdirə bilməz. Bu gün rayonda real olaraq yaşayanların sayı təxminən 10 min nəfərdən azdır. Yuxarıda qeyd etdiyimiz problemlərə görə, rayon əhalisinin sayı hər ötən gün bir qədər də azalır. Bu gün Sədərəkdə yüzlərlə sahibsiz ev, onlarla boş məhəllə mövcuddur. Hazırda rayon əhalisinin böyük bir hissəsi paytaxt Bakıda və Türkiyənin İstanbul şəhərində məskunlaşıb.

Bəli, təəssüf ki, Atatürkün “Türk qapısı”, Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək rayonunun real mənzərəsi bu şəkildədir. Talıbov və onun Sədərək rayonundakı rüşvətxor təmsilçiləri öz yarıtmaz fəaliyyətləri nəticəsində bu qapını da, sözügedən qalanı da yerlə-yeksan ediblər...

“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Hi, I do believe this is an excellent blog. I stumbledupon it ;
) I'm going to return once again since i have saved as a favorite it.
Money and freedom is the greatest way to change, may you
be rich and continue to help other people.

Here is my homepage [url=https://0rz.tw/create?url=https%3A%2F%2Fwww.blurb.com%2Fuser%2Fweaponcuban8]e[/url]
Thanks for finally talking about >TƏRK EDİLMİŞ EVLƏR,
SUYA HƏSRƏT KƏNDLƏR, KORRUPSİONER MƏMURLAR – “Türk qapısı”
və “Qeyrət qalası” Sədərəyin acınacaqlı durumu » Millitv.az
<Liked it!

Have a look at my blog; discuss