Yadınızdadırsa, iki il sərasər Sədərək rayonunda baş verən qanunsuzluqlarla bağlı rayon sakinlərinin şikayətini işıqlandırdıqdan sonra Prezident İlham Əliyev yekun qərarını verdi. Ötən il avqust ayında rayonun o dövrdəki icra başçısı Həbib Hüseyn oğlu İbrahimov işdən çıxarıldı, oktyabr ayında isə onun yerinə yeni başçı təyin olundu – Mahirə Adnayeva.
Gözləmək olardı ki, yeni icra başçısı gözü çıxmış sələfinin taleyindən ibrət dərsi alacaq və cəmi iki kənd, bir qəsəbədən ibarət olan rayonu ədalətlə idarə edəcək. Rayondan redaksiyamıza göndərilən bir şikayət məktubu isə bu qənaətimizin altını üstünə çevirdi. Məktubdan belə anlaşılır ki, Mahirə xanım işə başladığı 1 il ərzində öz yaxın qohumlarını vəzifəyə gətirməklə və sərvət toplamaqla məşğul olub.
Qeyd edək ki, Sədərək Azərbaycanın ən balaca rayonudur və iki kənddən, bir kiçik qəsəbədən ibarətdir. 1990-cı ilə qədər Şərur rayonuna tabe idi. 1990-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Şərur rayonu 3 yerə bölünür və ən az torpaq sahəsi Sədərəyin payına düşür. Rayonun ərazisi cəmi 160 kv. km., əhalisi isə 23 min nəfərdir. Təbii ki rəsmi rəqəmlərə görə. Reallıqda isə bəlkə bunun yarısı qədər əhali yaşayır Sədərəkdə.
Azərbaycanın ən balaca rayonu olan Sədərəkdən redaksiyamıza məktub yazan şəxs yeni icra başçısı Mahirə xanımın kadr islahatlarının qurbanlarındandır. O, əvvəl rayon icra hakimiyyətində işləyib və yeni başçının qohumu olmadığı üçün işdən uzaqlaşdırılıb.
Məktubda deyilir:
"Salam, Heydər bəy. Sizi Sədərək rayon, Heydərabad qəsəbəsindən narahat edirəm. Şikayətim yeni təyin olunmuş icra başcısı Mahirə Adnayevadandır.
Bu yeni təyin olunmuş icra başcısı işə başlayan kimi başladı işciləri işdən çıxarıb, özünə pul toplamağa. 6 nəfəri səbəbsiz yerə işindən edib, təzə pullu kadrlar yığdı özünə.
1 ilin içində özünə Bakı şəhərindən ev aldı, yoldaşına son model "Ford-fusion" "73-bc-772", köhnədən icrada şofer işləyən Elçin adlı oğlanı işdən çıxarıb, oğlu Eltəni özünə şofer təyin etdi.Qısa zaman keçən kimi oğluna 2010-cu il buraxılışı olan "vaz-2107"aldı "73-bc-025"
Sədərək rayon İcra hakimiyyəti sanki bir ailə şirkəti kimi idarə olunur.Əri Ramazan Adnayev,oğlu Eltən,bacısının əri Natiq Əliyev bu işdə Mahirə xanımın ən böyük yardımcılarıdır.Bunlar kimi istəsə işə götürürlər,kimi istəməsə götürmürlər.
Əlbəttə ki,vəzifəyə gələndən sonra ər-arvad öz qohumlarını müxtəlif işlərə təyin ediblər. (sübutlar var).
Bu qədər maşın bəs etmirmiş kimi dövlətin ona xidməti maşın kimi təsis etdiyi "BMW" markalı 73-AA-001 nömrəli maşınla oğlu (həm də sürücüsü) olan Eltən azyaşlı bacısını məktəbdən evə (şan-şöhrət olsun deyə) aparıb gətirir.
Sonda onu da qeyd edim ki,Muxtar respublikada baş veren hadisələr Mahirə xanımı da qorxuya salmış və "Kamxoz"-da əziyyət çəkən fəhlələrin adına olan maaş kartlarını özlərinə qaytararaq işə çıxmalarına tapşırıq vermişdir
Xahiş edirəm sizdən, bunu işıqlandırın ki, hər kəs görsün”.
Heydər Oğuz
Maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq