2019-cu ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlunun adı son təyinata qədər mətbuatda bir çox qalmaqallı məsələlərə görə hallanıb. Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır.
Bu günlərdə redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, onun “Lexus lx 570” markalı avtomobilini addan ada keçirmək üçün A.Leysanovun idarəsində 1500 manat pul alıblar. Halbuki, belə qeydiyyata görə 200 manat dövlət rüsumu tələb olunur. Ziya Muradov adlı başqa bir vətəndaş isə cəmi 1200 manata aldığı ucuz maşına görə ondan çox pul istənildiyini bildirib. Etiraz etdikdə isə, ona deyiblər ki, gedib bankda maşına qiymət təyin etdirib sonra gəlsin. Maraqlıdır, görəsən gün ərzində İdarədə rəsmiləşdirilən bütün avtomobillərin qiynmətləndirilməsi tələb olunur? Əlbəttə ki, yox! Bu, heç fiziki cəhətdən də mümkün deyil. Kimlər ki, “quzu balası kimi” A.Leysanovun “qılıncının altından keçir”, onlardan puldan başqa heç nə tələb olunmur.
İdarənin bütün sektorlarında rüşvətxorluq baş alıb gedir. İşi düşən vətəndaşlardan hər addımda pul istəyirlər. Ərizə yazılması, notariat, texniki baxış, avtomobilin texniki pasportunun dəyişdirilməsi və başqa prosedur əməliyyatlarının keçirildiyi hər pəncərənin öz qiyməti var – 10 manat, 20 manat, 50 manat və s. Vətəndaş burada sanki rüşvət tələblərinin leysan yağışının altına düşür. Rəis A.Leysanov isə kabinetindəki böyük ölçülü plazma tipli monitorda bütün sektorlarda baş verənləri müşahidə edir, kimin kimdən nə aldığını görür, bircə detal belə nəzərindən qaçmır. Çünki monitorun özü də sektorlara bölünüb.
İncidilən, yüksək rüşvət tələb olunan avtomobil sahiblərindən birini müşayiət edərək A.Leysanovun qəbuluna düşməyə müvəffəq olduq. Ona xatırlatdıq ki, daşıdığı soyada hörmətimiz var, atası da ziyalı adamlara, qələm əhlinə hörmətlə yanaşıb. Ümid edirdik ki, bu xatırlatmanı eşitcək, ürəyi yumşalar. Ancaq çifayda, ondan eşitdiyimiz sözlər bizi şoika saldı: “Bilirsiz, mənim atam da iş görən, səxavətli kişi olub, qazandığından xərcləyən olub, pul verən olub. Siz də pulunuzu verin, işinizi gördürün”.
Xatırladaq ki, Afiyəddin Leysanovun atası Bahəddin Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin rayonlarında pambıqçılıq sahəsinə nəzarət edir. B.Leysanov regionda baş verən bütün prosseslərə müdaxilə edir, təsir etdiyi rayonların icra başçıları, polis rəisləri, prokurorlar onunla hesablaşırlar. Hərçənd, bu, ayrı söhbətin mövzusudur və hörmətli oxucularımız ata Leysanov barədə məlumatları internet resurslarındanm öyrənə bilərlər.
Nyus.Az