Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlərdə ikili mühasibatlığın olması cəmiyyətə aydın olan məsələdir. Aidiyyatı qurumların da xəbərdar olduqları bu hal vergilər sistemində son illər aparılan çoxşaxəli islahatlara rəğmən hələ də aradan qalxmayıb.
Hələ 2019-cu ilin yanvar ayının 23-də o zaman Vergilər naziri vəzifəsində çalışan Mikayıl Cabbarov ticarət fəaliyyəti ilə məşğul olan iri şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşdə "qara mühasibatlıq"ın ləğv olunacağını, "kölgə iqtisadiyyatı"nın tamamilə aradan qaldırılacağını vurğulamışdı.
Lakin hazırda yenə də ölkənin vergi siyasətinə nəzarət edən Mikayıl Cabbarovun sözügedən çıxışından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda "qara mühasibatlıq"dan "bəhrələnən" xeyli sayda şirkətlər var.
Vergi sistemində tam şəffaflığın əldə olunmaması, "qara mühasibat"lığın, vergidən yayınma hallarının hələ də mövcud olmasına səbəb işbazlara bu cür məsələlərdə aidiyyatı qurumların nümayəndələrinin göz yumması, daha doğrusu işbazların vergilər xidmətinin işçiləri ilə əlbir olmasıdır.
CivilAzerbaijan.com xəbər portalının əldə etdiyi məlumata görə, vergidən yayınan, ikili mühasibatlıq olan özəl müəssisələrdən biri də Gəncə şəhərində yerləşən "Premium Hotel"dir.
Qeyd edək ki, "Premium Hotel" Məhdud Məsuliyyətli Cəmiyyət olaraq 2021-ci ildə dövlət qeydiyyatına alınıb. "Premium Hotel" MMC-nin qanuni təmsilçisi Məmmədov Rasim Eldar oğludur.
Əldə etdiyimiz məlumata görə Rasim Məmmədov 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə çox sıx dostluq münasibətindədir. "Premium Hotel"in müdiri Rasim Məmmədovun 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə dost olmasından sui-istifadə etdiyi, müəssisənin dövriyyəsini real göstərmədiyi, rüblük gəlirin mühüm hissəsini gizlətdiyi iddia edilir.
Məlumatda Rasim Məmmədovun vergidən təkcə "Premium Hotel"də yox, digər obyektlərində də yayındığı qeyd olunur.
Digər bir iddia isə "Akkord" sementin Gəncəbasar zonasında rəsmi distrübutoru olan Rasim Məmmədovun bu biznesdə də vergidən ciddi yayınmasıdır. "Akkord" sement zavodunun Qazax rayonunda yerləşən zavodundan aldığı sementlərin ümumi dövriyyəsini gizlədən Rasim Məmmədovun eyni zamanda ödəmələrin bir hissəsini köçürmə ilə deyil, nağdlaşdırma ilə apardığı, bu zaman isə vergidən külli miqdarda vəsait gizlətdiyi vurğulanır.
Xatırladaq ki, Rasim Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovla həmyerli və qohumdur. Rasim Məmmədovun idarə etdiyi biznesin mühüm hissəsinin Cavid Qurbanova məxsus olduğu deyilir.
Cavid Qurbanovun sürücüsü də Rasim Məmmədovla çox yaxın qohumdur. Onların Bakının mərkəzində keçmiş Hüsü Hacıyev küçəsində (Daxili İşlər nazirliyinin yanı) dəyəri milyonlarla ölçülən əmlakları da var.
Bu barədə növbəti sayımızda daha geniş məlumat verəcəyik.
Civilazerbaijan.com