Axtarış...

“Məndən 5000 manat rüşvət istədilər, vermədim, ehtiyata göndərildim” - Kapitan Nəsirov Ramil

“Məndən 5000 manat rüşvət istədilər, vermədim, ehtiyata göndərildim” - Kapitan Nəsirov Ramil


Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik Mirzə Cəlilov Muxtar Respublikanın ən çox tənqid olunan məmurlarındandır. İndiyədək redaksiyamıza göndərilən çox saylı məktublarda Mirzə Cəlilovun hərbi xidmətə çağırılmış gənclərdən külli miqdarda rüşvət yığdığı iddia olunur. İddialara görə, M.Cəlilovun komandası həqiqi xəstə çağırışçılardan 3-4 min, sağlamlardan isə 8-10 min manat rüşvət alırmış. Əsgərlərin yaxşı yerə salınması, xidmət yerlərinin dəyişdirilməsi və s. kimi məsələlər də Mirzə Cəlilovun əsas gəlir qaynaqlarındandır.

İndiyədək Ovqat.com-a göndərilən məktublar konkret dəlillərə, sənədlərə əsaslanmadığından və anonim xarakter daşıdığından onları yayınlamağı uyğun hesab etmirdik. Bu gün isə redaksiyamıza göndərilən bir məktubda iddia sahibinin kimliyi məlumdur. Hərbi strukturlarda rüşvətxorluğun baş alıb-getməsinin müdafiə gücümüzü zəiflətdiyini, bu qanunsuzluğa qarşı mübarizənin vacibliyini nəzərə alaraq məktubu olduğu kimi dərc edirik.

“Mən, Nəsirov Ramil Qürbət oğlu 12.09.2014-cü ildən 08.10.2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit hərbi qulluqçu kimi həqiqi hərbi xidmətdə olmuşam. 2021-ci ildə şəxsi ailə zəminində yaranan problemlərlə bağlı Xidmətin Babək rayon idarəsinin rəisi mayor Hafis Nəcəfov mənim Xidmətdən “xidməti uyğunsuzluğa görə” tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Xidmətin rəisi polkovnik Mirzə Cəlilova TƏQDİMAT göndərdi. Polkovnik Mirzə Cəlilov 08.10.2021-ci ildə həmin Təqdimata əsasən mənim Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Əmr imzaladı.

Mən, həmin ilin avqust ayında növbəti məzuniyyətdə Bakı şəhərində olduğum dövrdə mayor Hafis Nəcəfov məni xidməti yerimə çağıraraq qeyri-qanuni şəkildə izahat aldı və “Şiddətli Töhmət” intizam tənbehi verdi. 45 günlük məzuniyyətimin geridə qalan 25 gününü məzuniyyətdə ola-ola qeyri-qanuni olaraq xidməti yerimdə keçirdim və elə həmin vaxt “Vəzifələrinə tam uyğun olmadığı” barədə intizam tənbehi verildi və mənimlə 3 (üç) dəfə fərdi söhbət aparıldı. Halbuki, hərbi qulluqçuya məzuniyyət dövründə intizam tənbehi verilməsi və fərdi söhbət aparılması qanunla qadağandır. Məzuniyyətdə olduğu dövrdə hərbi qulluqçuya intizam tənbehini yalnız Qarnizon rəisi verə bilər. Hərbi qulluqçuya intizam tənbehi vermək və fərdi söhbət aparmaq üçün ya məzuniyyətinin bitməsini gözləməli, ya da Əmrlə geri qaytarılmalıdır. Bir müddət sonra, 02.09.2021-ci ildə indiki həyat yoldaşımın anası mənə şər ataraq şikayət etdi. Naxçıvan MR Hərbi Prokurorluğu uzun araşdırmadan sonra edilən şikayətin əsassız olduğu, şər-böhtan olduğu haqqında qərar qəbul etdi. Ən əsası budur ki, həmin qərarda açıq-aydın şəkildə günahsız olduğum yazılmasına baxmayaraq mayor Hafis Nəcəfov bu dəfə də ona 5000 manat verəcəyim təqdirdə mənim xidmətdə qalmağım və xidməti yerimin dəyişdirilməsi üçün köməklik edəcəyini açıq şəkildə vurğuladı. Mən o qədər pulumun olmadığını bildirdikdə, “onda heç bu söhbəti mən sənə deməmişəm, adamın varsa xidmət rəisinin qəbuluna göndər, xahişini etsin”, – dedi. Bundan sonra mayor Hafis Nəcəfov bu dəfə də Xidmətin rəisi polkovnik Mirzə Cəlilova “xidməti uyğunsuzluğa görə” tərxis edilməyim barədə “Təqdimat” göndərdi. Polkovnik Mirzə Cəlilov 08.10.2021-ci ildə mayor Hafis Nəcəfovun göndərdiyi Təqdimata əsasən, mənim (kapitan hərbi rütbəsi ilə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Əmr imzaladı. Ehtiyata buraxıldıqdan sonra verilən qərarla razı olmayaraq, hərbi biletimdə qeyd edilən maddənin aradan qaldırılması və yenidən xidmətə qayıtmağım üçün dəfələrlə mayor Hafis Nəcəfova və polkovnik Mirzə Cəlilova məktublar ünvanlasam da heç bir nəticə əldə edə bilmədim. Hətta Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etdim, amma yenə də Naxçıvandan gələn cavab ürəkaçan olmadı.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mayor Hafis Nəcəfovun mənim barəmdə verdiyi intizam tənbehləri məzuniyyətdə olduğum müddətdə verilib və verilən qərarların hamısı qanunsuzdur.

Əgər mayor Hafis Nəcəfov haqqında araşdırılma aparılsa onun bundan əvvəl hansı dövlət orqanında işlədiyi və hansı səbəbdən işdən azad olunduğu məlum olacaq.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, aidiyyatı orqanlardan araşdırılma aparılması və yenidən həqiqi hərbi xidmətə qaytarılmağım üçün köməklik göstərilməsini xahiş edirəm.

İmza: Ramil Nəsirov”
Ovqat.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz