Axtarış...

"Şərq-qərb" mətbəəsində milyonlar necə "silinib"? - MEDHDİYEVİN OĞLU İLƏ BİRGƏ QURDUĞU "İMPERİYA"

"Şərq-qərb" mətbəəsində milyonlar necə "silinib"? - MEDHDİYEVİN OĞLU İLƏ BİRGƏ QURDUĞU "İMPERİYA"


Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşən sakinlər "Hürriyyət"ə müraciət edərək, yaşadıqları binanı inşa edənlərdən və əsas mülkiyyətçilərdən şikayətçidirlər. Bu bina Bakıda ən böyük poliqrafiya və nəşriyyat olan "Şərq-Qərb" ASC-nin ərazisində inşa edilib.

Öncə adını çəkdiyimiz ASC-nin tarixi barədə araşdırma apardıq. “Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb.

2001-ci ildə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti·və mətbəə fəaliyyət göstərir.

Lakin mətbəənin ərazisi və mətbəənin özü bir zamanlar Prezident Adminstrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyev tərəfindən ələ keçirilib.

Sovetlər dönəmindən qalan bu əmlakın idarəedilməsi uzun illər PA-da humanitar şöbənin rəhbəri olmuş Fatma Abdullazadənin həyat yoldaşına həvalə edilib. Bundan sonra isə Ramiz Mehdiyevin həm pulsilən obyekti, həm də gəlir gətirən əsas qazanc yerlərindən birinə çevrilib.

"Hürriyyət"ə danışan Sahib Vəlizadə Zəngilan sakinidir. Aşıq Ələsgər küçəsi, 17 C ünvanında yerləşən binanın D blokunda birotaqlı mənzildə yaşayır.

Sahib Vəlizadə bildirir ki, binanın 2013-cü ildə inşa edilməsi üçün rəsmi icazə alınıb. İlkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Şəhərsalma və Arxitektura İdarəsi ilə razılaşdırılıb. Bundan sonra inşa edilib. Lakin layihədə nəzərdə tutulan eskiz sərhədlər pozulub.

"Binanın ərazisi faktiki olaraq "Şərq-Qərb" mətbəəsinin ərazisində qalır. Yəni bina üçün nəzərdə tutulan istirahət-əyləncə yerləri olmalı idi. Lakin bina inşa edilən zaman layihə icra edilməyib. Bundan başqa, su anbarının yeri də layihə-eskizdə göstərildiyi kimi əks olunmayıb. Su anbarı tamam başqa səmtdə inşa edilib. Ona görə də binanın birinci mərtəbəsi və zirzəmisində su yığılır", - deyə həmsöhbətimiz bildirdi.

Sahib Vəlizadə qeyd edir ki, bu yaxınlarda bina sakinlərindən başqa-başqa adlar altında çıxarışlar (kupçalar) toplanıb. "Bundan sonra isə guya bina sakinlərinin adından bina Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilərək, sakinlərin yaratdığı hüquqi şəxsin idarəedilməsinə verilib. Hansı ki, sakinlərin bundan xəbəri belə olmayıb", - deyə həmsöhbətim əlavə etdi.

Maraqlıdır ki, bina 2013-cü ildə ilkin olaraq layihələndirildikdən sonra məhz Ramiz Mehdiyevin PA-da rəhbər işlədiyi dönəmlərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən 2018-ci ildə istismara qəbul edilib. Bundan sonra da çıxarışlar verilməyə başlayıb. Nəticədə R.Mehdiyevin oğlu fövqəladı hallar nazirinin müavini general Teymur Mehdiyev tərəfindən istismara qəbul edilib. Yəni ata və oğlu sürətli şəkildə binanı inşa edib və dövlət reyestrinə qəbul etdirə biliblər. Hansı ki, 2018-ci ildən sonra artıq Ramiz Mehdiyevin "Şərq-qərb" mətbəəsi vasitəsilə pozuntulara yol verdiyi, AMEA prezidenti olduğu zamanlarda tender və 10 milyonlarla çap sifarişləri ilə bağlı artıq 2020-ci ildə yeyintilər aşkarlanmışdı. Məhz Hesablama Palatasının apardığı yoxlamalardan sonra bu faktlar ortaya çıxmışdı.

Bu faktları təsadüfən qeyd etmədik. R.Mehdiyevin qılıncının dalı da qabağı da kəsəndə qeyd edilən binanı necə istəyib elə də inşa etdirib və oğlunun vasitəsilə istismara qəbul etdirə bilib.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisində dördbloklu 16 mərtəbəli və 2 bloklu yaşayış binaları tikilib. Binaları “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.

Nəzərə alsaq ki, ASC AMEA prezidentinin nəzarətindədir, o zaman bu məsələnin akademik üçün ciddi başağrısına çevriləcəyini söyləmək olar. Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA-nın prezidenti seçilmişdi.

Binanın sakinlərin idarəsinə verilməsinə dair məlumatlarla bağlı sənədlərə diqqət edərkən məlum oldu ki, "Xəzər-35" MMC kimi yaradılan quruma Dina Bədəlova təyin edilib. Lakin Dina xanım "Hürriyyət"ə açıqlamasında deyib ki, onun baş verənlərdən xəbəri olmayıb.

“Xətai-35” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri Dina Bədəlova qızı “Hürriyyət”ə verdiyi müsahibəsində cəmiyyətin yaradılması ilə alaqədar sakinlərin kütləvi halda keçirilən iclasında iştirak etmədiyini bildirib.

Dina Bədəlova cəmiyyətin sədri vəzifəsinə necə gəlməsinə də aydınlıq gətirib: "İcraçı direktor Elxan İsmayılov dedi ki, bizim kommunal yığmağa ixtiyarımız yoxdur. Ona görə də cəmiyyət ayrılmalıdır. Bunun üçün də təhvil-təslim olmaq üçün 1 sakinin adına keçməli idi. Həmin sakinin də çıxarışı olmalıdır. Mənim çıxarış sənədim olduğuna görə, dedilər ki, sizin adınıza keçirib, təhvil-təslim edəcəyik, bütün problemləri həll edəndən sonra sizi sədr vəzifəsindən ayıracağıq. Razılaşıb, çıxarışımın kopyasını vedim və mənim kimi bəzi sakinlər də belə etdi. Bundan əlavə heç nə bilmirəm. 62 sakinlə birgə mən də çıxarış sənədimi vermişəm”.

“Cəmiyyətin yaradılması ilə bağlı xəbəri binanın komendantı Fuad Məmmədovdan almışam”

Dina Bədəlova cəmiyyətin yaradılması ilə əlaqədar sənədlərin yığılması prosesində iştirak etmədiyini bildirdi: “Sənədlərin toplanmasını, bizim komendantımız və ofisdə Fəridə xanım adında bir qadın var idi, onların yığdığını düşünürəm. Şəxsən mən mənzilin çıxarışını Fuad bəyə vermişəm. Mən nə sənəd aparmamışam, nə də heç kəsdən imza toplamamışam. Bütün binanın sakinləri necə, mən də elə.

Onu da nəzərinizə çatdırım ki, hardasa 3 ay kecdikdən sonra mənə ofisdən Rauf bəy zəng edib dedi ki, Ədliyyə Nazirliyinə gedin, orada sənəd var, onu götürmək lazımdır. Dedi ki, Nərmin Zamanova adlı xanıma yaxınlaşıb, sənədi götürün. Mən də tək getməmək üçün qonşumuz Sahib bəylə getdim. İlk dəfə idi ki, mən Ədliyyə Nazirliyinin Notariat xidmətinə gedirdim. Aşağıdan həmin xanıma xəbər etdilər və o, bir bəylə yanımıza gəldi və sənədi imzalamaq üçün mənə verdi. İmzalayıb sənədi götürəndən sonra orada mənə dedilər ki, artıq siz cəmiyyətdən ayrılmısız, artıq ayın 1-dən fəaliyyətdəsiz. Sual verdim ki, necə yəni, təhvil-təslim olmalı idi, binanın problemləri həll olunmalı idi? Dedilər xeyr, siz artıq ayın 1-dən fəaliyyətdəsiz. Mən heç yerə getmədim, “peçat” da almadım, fəaliyyətə də başlamadım. Çünki mən belə bir məsuliyyətin altına girə bilməzdim. Yəni razılaşmadım. İradımı bildirdikdə isə mənə dedilər ki, bundan sonra heç bir təhvil-təslim olmayacaq, binanın problemləri necə var yarımcıq qalacaq. Sonra nə vaxtsa düzələcəyini desələr də buna əməl etmədilər. Mən isə fikirləşirəm ki, imzaları toplayım və ləğv edim. Mən belə bir məsulliyyətin altına girə bilmərəm”.

Bütün bunlarla yanaşı, “Şərq-Qərb Mülk” MMC-nin icraçı direktoru Elxan İsmayılov “Hürriyyət”ə açıqlamasında bildirdi ki, bina 2013-cü ildə tikilməyə başlayıb, 2018-ci ildə texniki istismar rəyi alıb. "Bina hazır olmasa dövlət qurumları bu rəyi bizə verməzdilər. Belə çıxır ki, şikayət tək bizdən deyil, həmçinin dövlət qurumlarındandır. Bina hazır olmasa 5-6 qurumun imzası, möhürü olmazdı. Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir neçə qurumun təsdiqi ilə bina istismardan keçib.

O ki qaldı 1-ci mərtəbədə yerləşən obyektlərin satışına, obyektlərin satışı sakinləri narahat etməməlidir. Sahibkar həmin obyektlərin satışını, icarəsini özü bilər necə edəcək, hansı qərar verəcək. Kupçaların yığılıb sakinlərdən xəbərsiz “Xətai-35” mənzil mülkiyyətçilərin müştərək cəmiyyəti yaranması haqqında olan fikirləri tamamilə yanlışdır. Necə ola bilər ki, mülkiyyətçinin özü olmadan belə bir cəmiyyət yaradılsın?

O ki qaldı su çəninin yerinin dəyişməsinə, ilkin layihədə ola bilər ki, fərqli qeyd edilsin. Axı, mənzillərin tikilmə prosesi gedən zaman layihələr bir neçə dəfə dəyişdirilə bilər. Su çəninin yerini Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi gəlib özü göstərir ki, burda tikilə bilər, ya yox. Yəni biz su çəninin yerini seçmirik. Bir daha nəzərinizə çatdırım ki, sizdəki ilkin layihədir. Mənzillərin tikilişi zamanı layihələr dəfələrlə dəyişdirilə bilər. Hətta imkan dairəsində mən sizdən xahiş edərdim ki, gəlib başqa sakinləri də dindirəsiz və elə bir nəticəyə gələsiniz. Bina tam hazır vəziyyətdə sakinlərə təqdim olunub. Onları nə qane etmir, onu bilmirəm. Orada hazır olmayan bir tək obyektlərdir", - deyə E.İsmayılov bildirdi.

“Hürriyyət”
Text-to-Speech

DİNLƏ






Şərh yaz