Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəllili Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib...
Millitv.az XəzərNews.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri xüsusi ittiham qaydasında etdiyi şikayətdə həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzovdan və Ağsu rayon prokuroru Elnur Cəfərovdan da şikayətçidir.
Fariz Xəlilli şikayətini belə əsaslandırb:
- 26.10.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü keçirilmişdir. Gəgəli bələdiyyəsinin sədri kimi mən də İcra hakimiyyətinin dəvəti ilə həmin görüşdə iştirak etmişəm.
Təəssüf edirəm ki, mən bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərkən başçı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarını, şərəf və ləyaqətini öz seçiciləri qarşısında alçaltmışdır.
Həmin vəzifəli şəxslər seçiciləri açıq şəkildə istiqamətləndirərək, mənim ünvanıma əsassız və heç bir sübutla təsdiq olunmamış böhtan nöqsanları deyərək üzərimə qaldırmağa çalışmışlar.
Onlar tez-tez sözümü kəsərək və ya replika ataraq bildirmişlər ki, qanunun tələblərindənsə, öz ürəyinin istədiyi kimi torpaq paylaya bilərsən, niyə etmirsən? İzah edərək bildirmişəm ki, belə qanunsuzluğa yol verə bilmərəm.
Deyiblər ki, guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, sakinləri aldadıram. Bildirmişəm ki, Azərbaycan Respublikasında bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur.
Deyiblər ki, guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Biz sadəcə bildirişləri vergi ödəyicilərinə veririk.
Deyiblər ki, guya borcluların İcra və Probasiya şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli bələdiyyəsində tətbiq olunur və bu mənim insafsızlığımdır. Bildirmişəm ki, bu qanunvericiliklə tənzimlənir, insafla tənzimlənmir. Bununla yanaşı, Gəgəli bələdiyyənin büdcəsi və hesabatlılığını lağlağıya çevirmişlər.”
Həmin səyyar görüşün Ağsu rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə videolentə alındığı bildirən sədr məhkəmə etdiyi şiakyətdə onun montajsız video yazınını prosesə təqdim olunmasını xahiş edib.
Sədrin fikrincə, səyyar görüşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən yuxarıda qeyd etdiyim böhtanlar (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) şərəf və ləyaqəti seçiciləri qarşısında alçaldılmışdır.
Sədr sonda məhkəmə sədrindən Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılmasını və sədrə dəyən mənəvi zərərin kompensasiya edilməsini istəyir.
Sədr zərər kimi 30.000 manat Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manat Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 (on beş min) manat Ağsu rayon prokuroru Elnur Cəfərov tərəfindən olmaqla ödənilməsini tələb edir.
Qeyd edək ki, sabah - 25 noyabr tarixində şikayətlə bağlı ilk hazırlıq iclasının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, xəbəri ilk Belediyye.info yayıb.