Gəncənin Gülüstan qəsəbəsindəki ikimərtəbəli, şəraitsiz yataqxanada 30 ildir məskunlaşmış 70-dən çox kəlbəcərli ailə kömək istəyir.
Millitv.az xəbər verir ki, bu barədə Meydan TV-nin yaydığı məlumatda bildirilib.
“Səsimizi çıxaran kimi deyirlər, torpağınız alınıb, köçüb gedəcəksiniz. Kəlbəcərə hələ ya qismət, 5-6 ilə köçərik, ya köçmərik, hələ bilmirik. O vaxta qədər soyuq, beton döşəmə, nəmişlik hamımızın axırına çıxar. 30 ildir burda yaşayırıq, gəlsinlər, məmurlar bu evlərdə otursunlar, görək, ayaqlarını 30 dəqiqə soyuq döşəmədə saxlaya bilərlər? Bizi eşidən, dinləyən qurumlardan, prezidentdən xahiş edirik, bir əlac eləsinlər”, - sakinlərdən biri deyib.
Mövsüm Şükürov bu binaya köçüb məskunlaşanda gənc yaşlarında olub. İndi yaşı 60-a yaxınlaşıb. Deyir, bu şəraitsiz yataqxanada həyatı daim qayğılarla dolu keçib:
“Çörəkpulunu da işığa yükləyirik. Soyuqdur, evlərdə oturmaq olmur. Yer də betondur, ayaqlarımız donur. Kiçik otaqlarda böyük ailələr qalır, ailənin yarısı yerdə - beton döşəmədə yatır. Adamlar xəstəlik tapır”.
Nərmin Qəhrəmanova deyir, işığa limit qoyulandan vəziyyətləri daha da çətinləşib:
“O vaxt yaxşı idi ki, işıqpulu ödəmirdik, elektrik sobası qoşurduq, evləri qızdırırdıq. İndi işığa limit qoyulub, ayda 30 manat işıqpulu verilir, çörəkpulunu da işıqpulunun üstünə qoyub ödəyirik, yenə borclu qalırıq. Məcburuq ki, odun sobası qoyaq. Bağda-bağçada əlimizə düşən quru çör-çöpü gətirib yandırırıq. Hara da gedirik, deyirlər, çörəkpulu veririk, kommunal pulu veririk, yığın, hamısını verin işığa. Çox çətindir burda yaşamaq. 30 ildir canımız çıxır”.
Aynurə Məmmədxanova iddia edir ki, dövlət qurumları bu yataqxananı da, orada yaşayan ailələri də unudub:
“Buranı sel basmışdı. Biz dəfələrlə icra hakimiyyətimizi, deputatımızı, "Qaçqınkom"u çağırdıq, heç kəs bizə sahib çıxmadı. Evlərimiz suyun içində idi. Heç kəsə bir insan kimi lazım deyilik, heç kəsə maraqlı deyil ki, burda insan yaşayır, ya yox. Mənim iki övladım var, ikisi də revmatizmadan əziyyət çəkir. "Qaçqınkom"da Rafiq müəllim var, ona deyirik, deyir, mən neyləyim, hara lazımdı ərizə göndərmişəm. Soyuqdan qırılırıq. Vəziyyətimiz dözülməzdir. Ya normal şəraiti olan yerə köçürsünlər, ya bura qaz çəksinlər”.
Köçkünlər deyir, 5-6 kvadratmetrlik evlərdə səksəkə içində yaşayırlar:
“Gəlib yoxladılar, dedilər, qaz çəkmək mümkün deyil, bina qəzalıdır. Bəs biz niyə qəzalı binada yaşayırıq? Bax, bu suala cavab verən yoxdur”.
Yataqxanada şəhid ailəsi də var. Sakinlər deyir, İkinci Qarabağ Müharibəsində həlak olan İsmayıl Qavilovun iki azyaşlı övladı da əziyyət içərisində yaşayır:
“Balaca oğlu iki dəfə əməliyyat olunub, gələcəyin əsgəridir. O iki bala da bu şəraitsiz otaqda yaşayır. Heç olmasa bu şəhid ailəsi bir şəraitli evə köçürülsün”.
Kəlbəcər Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar, həmçinin özlərinin nümayəndələri dəfələrlə yataqxanada olublar. İşıq və digər kommunal xidmətlər köçkünlər üçün nəzərdə tutulmuş qanuna uyğun şəkildə həyata keçirilir. Hazırda köçkünlərin başqa yerə köçürülməsi mümkün deyil. Çünki bu proseslər dövlət tərəfindən dayandırılıb.