Axtarış...

Rabitə və Nəqliyyat Kollecində şübhəli satınalmalar davam etdirilir - İLGİNC FAKTLAR

Rabitə və Nəqliyyat Kollecində şübhəli satınalmalar davam etdirilir - İLGİNC FAKTLAR


Ötən ilin dekabrında yaydığımız bir məqalədə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntularına toxunmuşduq. Qeyd etmişdik ki, Kollecdə hər il əsaslı və cari təmir işlərinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayrılır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərinə uyğun deyil, buradakı səlahiyyət sahiblərinin bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özlərinə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Yəni. mövzu ondan ibarət idi ki, burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı.

Bu il Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci keçirdiyi kotirovka sorğularının nəticələrini açıqlayıb. Yəni bununla demək istəyirlər ki, biz şəffaf işləyirik. Amma kollecin səlahiyyyətliləri bilmirlər ki, bu ilki açıqlamalarla ötən il satınalmalarda yol verdikləri qanun pozuntularını bir daha təkrar ediblər və bizim yazdıqlarımızı təsdiq etmiş olublar. Biz ötən il tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə Kollec tərəfindən keçirilmiş kotirovka sorğularının qaliblərinin kimlər olduğunu müəyyən edə bilməmişdik.

Amma bu il məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci səlahiyyətlilərinin biznes tərəfdaşları Sumqayıt şəhərində bir ünvanda, iki-üç ay əvvəl dövlət qeydiyyatına alınmış, iki nəfərə məxsus MMC-lərdir. İndi Kollecin səlahiyyət sahibləri sübut etsinlər ki, ötən il də satınalma müqavilələri onlarla bağlanmayıb.Yaxud da, onların adına olan başqa MMC-lərlə işbirliyində olmayıblar.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollec sair torpaq, tikili və avadanlıqların satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22 124 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

Rabitə və Nəqliyyat Kolleci mətbəə məhsullarının satın alınması üzrə keçirdiyi kotirovka sorğusuna da noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 445 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

İndi gəlin görək bu MMC-lər kimə məxsusdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 5/24, m. 7, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən noyabrın 16-da daha bir kotirovka sorğusuna da yekun vurulduğu açıqlanıb. Abadlaşdırma işlərinin satın alınması üzrə keçirilmiş bu kotirovkada isə “RPS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 150 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığı elan edilib. Bəs bu MMC kimə məxsusdur? Abdullayeva Sədaqət Həsən qızının qanuni təmsilçisi olduğu “DİSCOVERY AA” MMC ilə eyni ünvanda, SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59-da dövlət qeydiyyatına alınmış Əliyev Babək Ceyhun oğluna.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən pardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci qanuni təmsilçisinin Əliyev Babək Ceyhun oğlu olduğu MMC-lərlə iyul ayında da iki satınalma müqaviləsi bağlayıb.

Mətbəə məhsulları üzrə “AB İNTER SERVİS G” MMC ilə 8470 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Abadlaşdırma işlərinin satınalınması üzrə keçirilmiş kotirovkada isə “RPS” MMC ilə 9799.5 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RPS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AB İNTER SERVİS G” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.03.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 18, ev 2/29, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Göründüyü kimi Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci son beş ayda iki nəfərə məxsus ayrı-ayrı MMC-lərlə ümumi olaraq 62 988 manat məbləğində satınalma müqavilələri bağlayıb. Hamısında da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulub,demək olar ki, müvafiq sahədə peşəkarlığı, təcrübəsi,texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı nəzərə alınmayıb. Ötən il olduğu kimi şübhəli satınalmalar bu il də davam etdirilib. Kollecin səlahiyyət sahibləri deyə bilər ki, bunlardan xəbərimiz yoxdu, elektron satınalma yolu ilə keçirilib. Amma necə olur ki, iki nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər eyni vaxtda məhz Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin keçirdiyi kotirovka sorğusunun qalibi olublar? Maraqlı olan da məhz burasıdır.

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz