Axtarış...

Dövlət vəsaitləri Tibbi Bərpa İnstitutunda necə talan edilir? – Teymur Musayevin diqqətinə

Dövlət vəsaitləri Tibbi Bərpa İnstitutunda necə talan edilir? – Teymur Musayevin diqqətinə

Məlum olduğu kimi bir neçə il öncə respublikamızda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə tabeli xəstəxana və tibb müəssisələrinin böyük əksəriyyəti TƏBİB-in sərəncamına veriıldi. Nazirliyin tabeliyində qalan müəyyən xəstəxana və Elmi-Tədqiqat İnstutları oldu ki, onlardan biri də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur. Sözügedən institut müxtəlif adlar altında uzun illərdir fəaliyyət göstərib və “Kirov” xəstəxanası kimi məşhur olub. Baxımsızlıq ucbatından 2013-cü ildən fəaliyyəti dayandırmış, uzun sürən təmir-bərpa işlərindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə 2018-ci il dekabrın 18-də, əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.

Qeyd edək ki, burada Azərbaycanda bütün sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, orada aparılan müalicə bu institut tərəfindən hazırlanmış elmi-metodiki tövsiyələr əsasında aparılır. İnstitutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri var. Diaqnostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb. Kliniki-immunologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə isə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti aiddir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub.

Buraya üz tutan xəstələr isə daha çox təbii müalicə üsulunu seçən insanlardır. Təbii ki, digər xəstəxanalarda olduğu kimi, burada da pul əsas rol oynayır. Müalicə və fizioterapiya prosedurlarının müddətindən asılı olaraq. Yəni, burada çalışan həkimlərin əmək haqqından əlavə gündəlik qazancı da var və heç də az olmur.

Bura həm də dövlət vəsaitlərinin gizlin şəkildə təyinatından kənarlaşdırıldığı bir yerdir. Son illər İnstitutun Tender Komissiyaısı tərəfindən dövlət satınalmaları yolu ilə ayrılan vəsaitlərin gizlədilməsi barədə əldə etdiyimiz məlumatlar bunu deməyə əsas verir. Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz bu kimi məlumatları dəqiqləşdirmək məqsədi ilə İnstitutun Tender Komissiyaısına ünvanladığımız elektron sorğu məktubu cavabsız qaldı. Odur ki, bizim üçün qaranlıq qalan bəzi suallara aydınlıq gətirmələri üçün həm Səhiyyə Nazirliyinin, həm də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəsmilərinə mətbuat vasitəsi ilə üz tutmalı olduq.

Bizim üçün qaranlıq qalan məsələlər nələrdir? Apardığımız araşdırmalar zamanı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) gizlədilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Tikili və avadanlıqların cari təmir xərcləri üzrə 22.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Sair torpaq, tikili və avadanlıqlar üzrə 11.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyri-yaşayış binalarının əsaslı təmiri üzrə 27.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqlar üzrə 27.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər malların alınması üzrə 27.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və təsərrüfat xərcləri üzrə 27.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Bu isə alınan malların və görülən xidmətlərin qiymətlərinin şişirdilməsinə, habelə təyinatından kənarlaşdırılmasına şübhələr yaratmaya bilmir. Məslən, yuxarıda qeyd etdiyimiz kimi, İnstitutun 2018-ci ilin dekabrında yüksək səviyyəli təmir və yenidəndənqurmadan sonra açılışı olub. Belə olan təqdirdə 2020-ci ildə tikili və avadanlıqların cari təmirinə nə kimi ehtiyyac olub? Eləcə də digər malların alınmasına və xidmətlərin görülməsinə.

Xüsusilə qeyd etmək istərdik ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Tender Komissiyası 2021-ci ildə satınalma planlarına daxil edilmiş və keçirmiş olduğu kotirovka sorğuları barədə dövlət satınalmalarının rəsmi internet portalının bazasında heç bir məlumat yerləşdirilməyib.

Qeyd edək ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru olmuş Əlişir Musayev 2020-ci ilin aprel ayında vəfat edib. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi kimi, bütün bu qanunsuzluqlar da məhz ondan sonra baş verib. Bu həm də sabiq nazir Oqtay Şirəliyevin ölkənin səhiyyə sistemini talan etdiyi 15 ilin son aylarına təsadüf edir. Sözügedən İnstitutda bu qədər qanunsuzluqlara da ancaq Oqtay Şirəliyevin adamı göz yuma, yol verə bilərdi. Həmin adamın İnstituda, Tender Komissiyasında heç də balaca bir vəzifə daşımadığı kotirovka sorğularını gizlin yollarla keçirilməsindən bəlli olur. Açıq internet resusrsrları üzərindən apardığımız araşdırmalarda həmin dövrdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor əvəzi Nizami Nəbiyev olub. Onun sabiq nazirlə nə kimi yaxınlığı, nə kimi işbirlikləri olub bilmirik. Bir direktor əvəzi kimi Nizami Nəbiyevin bu kimi qanunsuzluqlarda nə kimi rolu olub, bu barədə də konkret məlumatımız yoxdur. Amma İnstitutun Tender Komissiyasının yol verdiyi qanun pozuntuları göz qabağındadır və direktor əvəzinin prosedurlara nəzarətsizliyini görməmək mümkün deyil. Bəs görəsən bu görsənənləri Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev də görürmü?

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz