Axtarış...

Naxçıvan DTX-nın ləğvi NƏDƏN XƏBƏR VERİR? - GƏLİŞMƏ

Naxçıvan DTX-nın ləğvi NƏDƏN XƏBƏR VERİR? - GƏLİŞMƏ


Bakıdan Naxçıvan Muxtar Respublikasında (NMR) dövlət qurumlarının fəaliyyətinə diqqət artıb. Nazirliklərin rəhbərləri, Prezidentin köməkçiləri vaxtaşırı Muxtar Respublikaya səfər edib, tabeli strukturların toplantılarını keçirir, yoxlama aparırlar.

Buna misal olaraq ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti kollegiya iclasının Naxçıvanda keçirilməsini göstərmək olar. Daha sonra nazir Sahil Babayevin NMR Ali Məclisinin Sədri Vasif Talıbovla görüş olub. Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Naxçıvan MR-nın eyni adlı nazirliyi və Dövlət Sosial Müdafiə Fondu arasında əlaqələrin daha da inkişafı, sosial müdafiə sahəsində elektronlaşma, Naxçıvanda DOST mərkəzinin açılması üçün işlər və s. müzakirə olunub.

Bu həftə isə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Muxtar Respublikaya səfər edib. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib və məruzələri dinləyib.

Oktyabrın 31-də isə daha diqqətəlayiq bir hadisə baş verib - Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.

Yeri gəlmişkən xatırladaq ki, ötən ay Naxçıvan MTN-nin həbsdə olan rəisi Vəli Ələsgərov gözlənilmədən Ali Məhkəmənin qərarı ilə həbsdən azad edildi. Dərhal Naxçıvanı tərk edən V.Ələsgərov 2015-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi və Naxçıvanda yerləşən Böyükdüz həbsxanasında cəza çəkirdi.

Təhlükəsizlik sahəsi üzrə ekspert, xüsusi xidmət orqanlarının keçmiş zabiti İlham İsmayıl Naxçıvanla bağlı bu dəyişiklikləri "AzPolitika.info"ya şərh edərkən bildirib ki, NMR Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilməsi uzun müddət müzakirə predmeti olub. Ekspert vurğulayır ki, indiki vəziyyətdə DTX-nın Naxçıvan Baş İdarəsinin yaranmasını zəruri edən şərtlər kəskin şəkildə qarşıda dayandığı üçün belə bir qərar verilib: "Hesab edirəm ki, qərar ərəfəsində Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri təsadüfi xarakter daşımırdı. Görünür qəbul edilən qərar Muxtar Respublika rəhbərliyinin diqqətinə lazımi şəkildə çatdırılıb. Niyə məhz indi? Bu sualın arxasında müəyyən mülahizələr irəli sürmək olar, lakin xüsusi xidmət orqanı ilə bağlı məsələ mülahizələrə deyil, konkret situativ şəraitdən yaranan və perspektivə hesablanmış siyasi addım olduğundan detalları qeyri-müəyyənliklə şərh etmək doğru olmaz. Əsas odur ki, qərar doğru qərardır və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə hesablanıb".

"AzPolitika.info"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz