Axtarış...

Soçi son görüş olmayacaq: Əsas diqqət Laçın yolunadır... - NƏ ETMƏLİ?

Soçi son görüş olmayacaq: Əsas diqqət Laçın yolunadır... - NƏ ETMƏLİ?


Ötən gecə Rusiya prezidentinin vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşün ilk növbədə real əhəmiyyətini görməliyik. Amma ümumilikdə bir görüşlə məsələ həll olunan deyil. Ələlxüsus da prosesdə vasitəçilik edən tərəflərin istər Praqada, istərsə də, Soçidə əsas məqsədi bir-biri ilə açıq rəqabətdə olması vurğulanmalıdır.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, rəqabət şəraitində vasitəçilərin bölgədə öz nüfuzlarını qorumaq üçün münaqişəni saxlamaq niyyətləri var. Ona görə də, bu cür təmaslarda Azərbaycandan başqa tərəflər və vasitəçilər tam səmimi deyillər.

Sabiq diplomat hesab edir ki, Azərbaycan öz ərazisində olan məsələni və qonşu ölkə ilə münasibətləri qısa zamanda yoluna qoymaq istəyindədir: “Ermənistanın isə bu məsələdə mövqeyi bəllidir. Erməni tərəfi hər vəchlə çalışır ki, vəziyyəti uzatsın. Düşünürlər ki, bəlkə gələcəkdə onlar üçün daha şanslı bir durum yarana bilər. Məhz bu məsələlər fonunda Soçi görüşlərini xarakterizə etmək olar”.

Politoloqa görə, Soçi görüşündə Azərbaycan tərəfi öz mövqeyini lazımı şəkildə müdafiə edib: “Bu məsələdə ölkəmiz israrlı olaraq beynəlxalq prinsiplərə uyğun olan siyasətin nəticəsini tələb edir. Ümumilikdə isə Soçi nə birinci, nə də sonuncu görüş olacaq. Çünki ərazi bütövlüyü barəsində danışan Ermənistan tərəfi gələn ilin dövlət büdcəsindən qondarma rejimin maliyyələşməsinə dair qanun qəbul edib. Ona görə də, bu fakt Ermənistanın real vəziyyətini qiymətləndirməyə imkan verir”.

Tofiq Zülfüqarovun fikrincə, Azərbaycan bu şəraitdə öz siyasətini davam etdirəcək: “Burada həm siyasi təzyiq, həm də güc məsələsi faktoru davamlı olacaq. Ola bilsin Ermənistan tərəfi çalışacaq ki, yaxın zamanlarda hansısa bir təxribatlara əl atsın. Bunun daha çox rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən olması ehtimalları var. Eyni zamanda buna adekvat olaraq Azərbaycan da cavab tədbirləri görməli olacaq. Laçın yoluna aid vəziyyətin də dəyişməsi ehtimalı var. İndi əsas diqqət məhz buna yönəldiləcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz