Azərbaycanda vətəndaşın hansı şəraitdə yaşadığı, sosial problemlərin ölkə insanını hansı həddə qədər narahat etdiyini bildiyimiz bir dönəmdə hansısa əcnəbiyə öyrəşdiyimiz Azərbaycan şərtləri ilə yox, öyrəşmədiyimiz, əslində isə normal olan şərtlərlə münasibət bəslkənildiyini eşidəndə təbii olaraq heyrətlənirik. Necə ki aşağıdakı faktı eşidəndə heyrətlənməyə bilmədik...
“Niderlanddan olan qonaqpərvərlik mütəxəssisi Statema Dauye Şahdağ Turizm Mərkəzi ilə bu ilin mayın 4-də bağladığı müqavilənin müddəti 14 yanvar 2023-cü il tarixində bitir. Qusar rayonundakı dağ-xizək kurortunda İdarə Heyətinin sədr müavini işlədiyinə görə o, bu müddətdə 92 000 manat (54 min 164 dollar) və ya hər təqvim günü (cəmi 255 gün) üçün 361 manat (212,3 dollar) alacaq”.
DİA.AZ xəbər verir ki, bunu jurnalist Hafiz Babalı sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Jurnalist bildirib ki, Dauye 2007-ci ildən Azərbaycandadır: “2021-ci ilin oktyabr ayından “Şahdağ Turizm Mərkəzi” QSC-də işləyir. Bundan əvvəl o, “Paşa Holdinq”in restoran biznesində çalışıb.
Azərbaycanda minimum əmək haqqı ayda 300 manatdır. Bu ilin yanvar-avqust aylarında ölkədə orta nominal əmək haqqı 829 manat (487 dollar) təşkil edib.
Dövlət məxsus ŞTM QSC 2020-2021-ci illər üzrə illik maliyyə hesabatlarını gizlətdiyi üçün İH sədrinin nə qədər maaş aldığını öyrənmək olmadı”.
P.S. İndi gəl sosial ədalət haqqında nağıllara inan...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı və əlaqədar tərəfləri böyük məmnuniyyətlə dinləyərdik...