Yollarla bağlı daha bir şikayətsə Lənkəranın Viravul kəndindəndir. Sakinlərin deməsinə görə, 30 ilə yaxındır ki, yollar keçilməz olub. DİA.AZ-ın məlumatına görə, kənd sakinləri yazır:
“Yolun asfalt örtüyü dağılıb, yağışlı havalarda yaranan su gölməçələri insanların və avtomobillərin hərəkətə mane olur”.
Yazırlar ki, kəndin mərkəzi və ara küçələrində yayda toz, qışda isə su gölməçələri səbəbindən yolda hərəkət etmək çox çətindir. Hava şəraiti pisləşəndə vəziyyət daha da çətinləşir.
Kəndin mərkəzi yolunun uzunluğu 4.4 km-dir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub. Yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanları hesabına təmir edilib. Amma yolun son vəziyyəti göz qabağındadır.
Sakinlər bildirir ki, dəfələrlə məsələ ilə bağlı icra başçısı Taleh Qaraşova şikayət etsələr də, bir nəticəsi olmayıb.
DİA.AZ