2020-ci ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ordumuz 300-ə yaxın şəhər və kəndi düşməndən azad etdi.
Bununla da, BMT Təhlükəsizlik Şurasının qətnamələrini ordumuzun qələbəsi ilə icra etdi. Məğlubiyyət qarşısında təslimiyyətini qəbul edən düşmən kapitulyasiya aktına imza atdı.
Lakin Ermənistan müharibənin başa çatmasından 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, vaxt udmağa çalışır. Hər zaman olduğu kimi, öz riyakarlığı ilə seçilən düşmən atəşkəsi pozmaqdan və təxribatlarından əl çəkmir, bu yolla Azərbaycana təsir edə biləcəyini düşünür.
Ancaq o da məlumdur ki, Azərbaycan bu təxribatlara tutarlı cavab verəcək və dəfələrlə dövlət başçısı bu barədə öz çıxışlarında vurğulayıb. Bu çıxışların hər biri Ermənistana xəbərdarlıq kimi qəbul edilə bilər. Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan qələbə qazanmaqla yanaşı, 30 ilə yaxın müddətdə bütün cəbhələrdə gücünə güc qatıb. O deyib ki, Ermənistan hər vəchlə sülh prosesinə kölgə salmaqla, öz ağır o vəziyyətini daha da qəlizləşdirir:
"Biz rəşadətli ordumuzun, qəhrəman zabit və əsgərlərimizin canları, qanları bahasına, xalqın, ordunun, siyasi hakimiyyətin birliyinin yaratdığı “Dəmir yumruq” sayəsində qələbə əldə etdik, torpaqlarımızı işğaldan azad olundu. Ancaq humanist addım ataraq Ermənistan tərəfinə sülh təklifi ilə çıxış etdik. Çünki cənab Prezident regionda uzunmüddətli, dayanıqlı sülhün əldə olunmasını istəyir və biz də öz istəyimizə çatdığımız üçün sülh ən yaxşı seçimdir. Təəssüf ki, Ermənistan imzaladığı kapitulyasiya aktı, üçtərəfli Bəyanatda götürdüyü öhdəlikləri yerinə yetirmir və bundan boyun qaçırırlar. Postmünaqişə dönəmində Moskva-Soçi və Brüssel görüşlərində də əldə olunan razılıqlar Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yarımçıq qalıb. Süni təxribatlar onu deməyə imkan verir ki, Ermənistn tərəfi vaxt qazanmağa çalışır və prosesi öz xeyrinə dəyişmək istəyir. Əslində isə onlar qisas almaq, Azərbaycana ağır zərbələr vurmaq niyyətindədirlər. Lakin onlar unudurlar ki, Azərbaycan qələbə qazanmaqla yanaşı, 30 ilə yaxın müddətdə bütün cəbhələrdə gücünə güc qatıb".
Deputat bildirib ki, bu gün regionun ən güclü dövləti Azərbaycandır:
“Azərbaycan qonşuları ilə xoş və qarşılıqlı əməkdaşlıq formalaşdırıb, beynəxlaq təşkilatlarda nüfuz sahibidir, həmçinin, Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Azərbaycanın Prezident İlham Əliyev kimi ağıllı, savadlı, vətənini sevən və beynəlxalq münasibətləri düzgün formalaşdıran bir lideri var. Əldə etdiyimiz uğurlar onu göstərir ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Ermənistan bu reallığı qəbul etməlidir. Azərbaycanın reallaşdırmaq istədiyi Zəngəzir dəhlizinə qarşı çıxmaqla böyük yanlışa yol verir. Ermənistan hər vəchlə sülhə kölgə salmaqla, öz ağır olan vəziyyətini daha da qəlizləşdirir. Ermənistan bu müəmmalı vəziyyətin uzadılmasından heç nə əldə etmir, əksinə, itirir. Əminliklə deyə bilərik ki, Ermənistan bu əməllərini davam etdirməklə, öz müstəqilliyini təhlükə altına alacaq. Azərbaycan isə həm hərbi, həm iqtisadi, həm siyasi gücü ilə Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Region dövlətləri də Azərbaycanı dəstəkləyir. Azərbaycan günü-gündən güclənir və biz istənilən təxribatın qarşısını almaq gücündəyik. Ermənistanın hər hansı bir təxribatı onun üçün ağır məğlubiyyət olacaq. Növbəti rüsvayçı məğlubiyyət isə Ermənistanın daxili ictimai-siyasi gərgin vəziyyətini daha da gərginləşdirəcək. Buna görə rəsmi İrəvan ağlına başına yığmalı, Ermənistan rəhbərliyi məsuliyyətini dərk etməlidir".