Axtarış...

Mingəçevirdə qazilərə qarşı özbaşınalıq hökm sürür - GİLEY

Mingəçevirdə qazilərə qarşı özbaşınalıq hökm sürür - GİLEY


Mingəçevir şəhər İcra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qazi Əliyev Əkbər Hümbət oğlunun hüquqları illərdir ki, tapdalanır.

Mingəçevir sakini Əliyev Əkbər Hümbət oğlu “Hürriyyət”-ə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları tərəfindən başına açılan oyunlardan danışıb. O şəhərdə baş verən özbaşınalıqla bağlı bütün dövlət orqanalarına, hətta prezident İlham Əliyevə belə dəfələrlə məktub yazıb.

Hazırda birinci Qarabağ müharibə qazisi Əliyev Əkbər Hümbət oğlunun vəziyyəti çox acınacaqlıdır. 2001- ci ildə tibb bacısı olan bir xanımla ailə qurub. Mingəçevir şəhərinin keçmiş icra başçısı Məhəbbət Qarabağlı qazinin toy məclisini yüksək səviyyədə keçirdib. Ailə həmin şəxsdən razılıq edir və hətta deyirlər ki, Məhəbbət müəllim dünyasını dəyişməsəydi nəinki biz, Mingəçevir şəhərində əziyyət çəkən qazi olmazdı. Belə ki, 3 uşaq atası olan Əliyev Əkbər Hümbət oğlu həm sağlamlıq cəhətdən, həm də maddi cəhətdən çox sıxıntılar yaşayır. Özü yetimçiliklə böyüyüb.

O, müharibədən əvvəl fotoqraf olaraq çalışırmış. 1992-1994- cü illərdə müharibədə layiqincə iştirak edib və gözünün birini təmiz itirib, digəri isə çox zəif fəaliyyət göstərir. 1992-ci ildə müharibəyə könüllü 17 yaşında 1994-cü gedib 19 yaşında Güllücədə gedən döyüşlərdə ağır yaralanıb, sol gözünü itirib. Qazi acınacaqlı bir vəziyyətdə yaşayır. Buna səbəb isə birinci Qarabağ müharibəsi iştirakçısı, birinci qrup gözdən əlil bir insanın İcra hakimiyyəti və digər dövlət orqanalarının onun başına açdığı oyunlardır.

On beş ildir ev və maşın növbəsində olan qaziyə niyə mənzil və maşın verilməyib?

Belə aydın olur ki, Mingəçevirin cra başçısı deyəsən özünü Mingəçevir şəhərinin "hökmdar"ı hesab edir.

Əliyev Əkbər Hümbət Oğluna atasından 2 otaqlı mənzil qalıb. Ev çox uçub və tökülüb. Bir sözlə, yaşanılası deyil. Həmin evdə 3 uşaq böyüyür, 2 universitetdə təhsil alır, 3-cü uşaq isə 4-cu qrupa hazırlaşır. Belə acınacaqlı vəziyyətdə yaşasalar belə, ailə təhsilə savada önəm verir. Qazi ev üçün 15-ildən çoxdur ki, növbədədir. 3-cü uşaq dünyaya gələndən sora bir daha ev üçün lazımı orqanlara müraciət edir. Qarabağ qazisi başına gələnləri belə nəql etdi: "2015-ci ildə 2-3 nəfər İcra nümayəndələri və nazirlikdən bir nəfər evə görə bizə gəldilər. Bizə dedilər ki Kürün sağ sahilində əlillər üçün evlər tikilir, sizi də qeydiyyata salaq, ev hazır olan kimi sizi köçürək yeni mənzilə".

Lakin qazi Əliyev Əkbər Hümbət Oğluna belə bir təklif ediblər ki, əgər ev istəyirsənsə, yaşadığın 2 otaqlı mənzili bizə verməlisən. Biz onu başqa bir qaziyə verək, sənə də yeni tikilən binadan 3 otaqlı mənzil verək. Razı olmadığı təqdirdə, yeni tikilən binadan 1 otaqlı verə biləcəklərini deyiblər. Daha sonra, “məlumat veriləcək” deyib gediblər:

"Maraqlandıq və öyrəndik ki, bina çoxdan tikilib və paylanılıb. Belə başa düşürük ki, atamdan qalan evi onlara vermədiyim üçün mənə ev vermədilər. 2015-ci ilin iyun ayında İcra hakimiyyəti bizə məlumat verdi ki, siz gözləyin. 15 ildir ki, növbədəyəm və heç nə əldə edə bilmirəm. Prezidentin fərmanına əsasən, birinci qrup əlillərin növbədənkənar işlərinə baxılmalıdır. Prezidentə qoymurlar səsimiz çatsın. Ümid edirəm ki, o, oxusa mütləq bizlərə kömək edər. Mənim kimi çox qazi ailəsi bu haqqsızlıqla qarşılaşıb.

Sosial Müdafiə Nazirliyinə yazmışam. İcradan ev məsələlərinə baxan Əliağa müəllim zəng edib ki, sənin şikayətinlə bağlı yoxlama gəlib, gəl Mahir müəllim (İcra hakimiyyətində işləyir) səni öyrətsin, yoxlamaya bizim deyəcəklərimizi deməlisən. Mahir müəllim yaxşılıq üçün hətta qaziyə məsləhət də verib ki, nazirlikdən adam tapmasan, pul verməsən ev ala bilməyəcəksən. İcra hakimiyyətindən isə “növbənizi gözləyin” deyirlər".

Əkbər Əliyev vurğulayıb ki, əsəb xəstəliyindən də əziyyət çəkir və buna görə Psixatrik xəstanasında yatıb: "Özüm səhətimlə bağlı tək heç yerə gedə bimirəm. Maşın üçün də bütün sənədlərim əlimdə qalıb. “Forma 8” hazırladım və "Vtek”ə getdik. Mingəçevir şəhər poliklinikasının şöbə müdiri Kərim həkim bizə dedi ki, onlayn sənədləriniz Bakıya gedəcək. Mənzil idarəsindən isə bizə deyildi ki, mütləq Bakıya getməlisiz. 2 il əvvəl Bakıya getdik. Ordan İlkin müəllim sənədlərə baxıb dedi ki, sənədləri gec gətirmisiz. Halbuki, 10 gün tez gəlmişdik. Baş həkim Mətanət xanım və İlkin həkim bizə 1 nömrə verdilər ki, təzədən bu nömrə ilə əlaqə saxlayın, qeydiyyata düşün. Günü bu günə kimi o nömrəyə zəng çatmır. Məndən qabaq müraciət edənlər alıb, mən hələ heç nə əldə etməmişəm. Əsəb xəstəliyim də var. Psixatrik xəstanada yatmışam. Artıq yaşlaşmışam dövlətdən haqqım olanı istəyirəm. Mənim uşaqlarımın dərs oxumağı üçün bir tək stolları belə olmayıb. Rahatçılıq tapmaq və evimin rahat olmasını istəyirəm".

Jalə FAMİLQIZI

P.S. Görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyəti rəsmiləri qazilər arasında ayrı-seçkilik edir. Qanunvericiliyə əsasən, əlillərə iş yerlərinin, reabilitasiya mərkəzlərinin, tibb müəssisələrinin , qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzillər ayrılması nəzərdə tutulsa da, şəhər mərkəzində yaşayan qazilərə kəndlərdə mənzil verilir. Belə “qayğı”nın rüşvət və korrupsiyadan qaynaqlandığı şübhə doğurmur. Güman edirik ki, ölkə başçısının apardığı islahatlardan tezliklə bütün özbaşına məmurlar öz nəsibini alacaqdır.

“Hürriyyət”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz