Bu gün Azərbaycanın teatr və kino aktyoru, faciə, komik və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü , "Şöhrət" və "Şərəf" ordenləri laureatı Səyavuş Məmmədağa oğlu Aslanın doğum günüdür. O, sentyabr ayının 5-də Bakının Saray qəsəbəsində dünyaya göz açıb. Böyük Vətən müharibəsi digət milyonlarla uşaqlar kimi, onun da xöşbəxt uşaqlıq dövrünə son qoyub. 7-ci sinfi bitirib Dəmiryol Texnikumuna üz tutub ki, sənət sahibi olsun, evə çörəkpulu aparsın. Oxuya-oxuya isə Ağadadaş Qurbanovun rəhbəri olduğu “Dram dərnəyi”nə gedib.
Onunla birgə həmin dərnəyə dostu Həsən də gedirdi. Sonralar bu dostlar Azərbaycan kino və teatr mədəniyyətinin iki möhtəşəm sütuna çıvrildilər. Səyavuş Aslan və Həsən Turabov yaradıcılıqları ilə Azərbaycanın milli kino və teatr sənətini zirvələrə daşıdılar. Səyavuş Aslan peşəkar teatr səhnəsinə ilk dəfə 1954-cü ildə Musiqili Komediya Teatrı səhnəsində xorun solisti kimi çıxır. Xorda işləyən Səyavuş Lütfəli Abdullayevin oynadığı bütün rolları o qədər sevir ki, həmin mətnləri özündən asılı olmayaraq əzbər bilirdi. Bir gün “Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün ona Lütfəlini əvəz etməyə icazə versin. Başqa yol yox idi. Səyavuş Aslan o vaxt Vəli obrazında yeni heç nə deyə bilməsə də, rolun öhdəsindən gəlib. Təpədən-dırnağa Lütfəlini yamsılamağı onu vəziyyətdən çıxarıb.
Əsgərlikdə də Səyavuş sevimli peşəsi ilə məşğul olub, şəhər Mədəniyyət Evinin tamaşalarında oynayıb. Professor İlham Rəhimlinin onun haqqında yazdığı kitabda əsgər vaxtı başına gələn qəribə bir hadisədən söz açıb. Onun yazdığına görə bir dəfə Səyavuşu rol aldığı tamaşanın premyerasına getməyə qoymayıblar. Səyavuş hərbi hissədən qaçıb. Əynindəki əsgər mundirini çıxarıb stulun başına keçirib. Tamaşaya gələn patrul təsadüfən açıq pəncərədən əsgər paltarını görüb. Maraqlanır və məsələ aydınlaşır. Kitabda Səyavusun öz dili ilə başına gələn hadısə belə nəql olunub:“Zalıma nə qədər dil tökdümsə, tamaşanın ikinci hissəsini oynamağıma imkan vermədi. Məni tutub apardı ki, hərbi hissədən icazə kağızım olmadan çıxmışam. Özü səhnəyə çıxıb Məşədi İbadın ikinci hissəni oynaya bilməyəcəyini söylədi, “Məşədi İbadı tutub aparırıq, üç sutkalıq”. Əsgərlikdən sonra Səyavuş Aslan gah Kukla Teatrında, gah Quba Dövlət Dram Teatrında çalışır, amma hiss edirdi ki, yerində deyil. Nəhayət, bir gün onu Musiqili Komediya Teatrına dəvət edirlər. Şəmsi Bədəlbəylinin teatra rəhbərlik etdiyi vaxtlarda onu aktyor heyətinə götürmürlər, bunun üçün o vaxt uğurlu bir rolla sınaqdan keçməli idin. Şəmsi Bədəlbəyli “Yoy” tamaşasına quruluş verəndə Qoşun rolunda Lütfəli Abdullayevə Səyavuşu dublyor verir, amma onu da deyir ki, premyera sənin sınağın olacaq.
Premyera günü Şəmsi Bədəlbəyli mötəbər qonaqları nəzərə alıb sözünü geri götürür, “qoyun, Lütfəli özü oynasın” deyir. Səyavuş çox pərt halda, amma ötkəm səslə: “Ya premyeranı oynayıram, ya gedirəm”, -deyir. Şəmsi Bədəlbəyli də gələcəyin potensial aktyorunu itirə biləcəyini anlayıb razılıq verir. Səyavuş sınaqdan uğurla çıxır və sabahısı teatrın aktyor heyətinə qəbul olunur. Deyilənə görə, onun sənət taleyində Mirzəağa Əliyevin, Cahangir Zeynalovun böyük rolu olub. hər ikisi heç bir məktəb keçməyən Səyavuş Aslan üçün əsl sənət məktəbi olublar. Daha bir uğuru Lütfəli Abdullayevdən öyrəndikləri sayəsində qazanıb. Onun tələbəsi olmayıb, , sadəcə kənardan baxaraq sənəti öyrənib. Özünün də bir vaxtlar etiraf etdiyi kimi doğma atasını itirəndə hələ həyatı dərk etmədiyindən almadığı zərbəni Lütfəli Abdullayev dünyadan köçərkən alıb. Səyavuş Aslanı yaxından tanıyanlar onu təbiətcə kəskin təzadlı xarakterə malik insan olduğunu deyiblər.
O, həm həyatından çox sevdiyi qadını - Ofeliya Aslan üçün göz yaşları tökürdü, həm də onu dəlixanaya saldırmağa ürəyi gəlmişdi. Onu ilk dəfə səhnədə görmüşəm. Teatrda Elçinin ”Mənim ərim dəlidir” əsəri əsasında hazırlanmış tamaşada oynayırdı. İkinci dəfə onunla Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsində rastlaşdıq. 1997-ci ildi. O vaxt “Ana Vətən” qəzetində işləyirdim. Bir gün günortaüstü kiminsə tanış gələn əsəbi çığırtısına dəhlziə çıxdim. Səyavuş Aslan dəhlizdə o baş -bu başa gedərək onun haqqında yalan məlumatlar verimiş hansısa qəzetin redaksiyasını axtarırdı. Yaxınlaşıb salam verdim və nəyə görə əsəbiləşdiyini soruşdum. Deyəsən həlim səslə müraciət etməyim ona təsir etdi və susub başını aşağı saldı. Başını qaldırıb üzümə baxanda gözlərinin dolduğunu gördüm. İncik səslə indi adını unutduğum hansısa qəzetin adını çəkərək onun və ailəsinin haqqında böhtan və iftira yazıldığını, buraya hesab sormağa gəldiyini bildirdi. Dedi ki, gənc müxbir onu şantaj edərək deyib ki, əgər hörmət eləsən, aşkara cıxardığımız biabırçı faktları işıqlandırmarıq. Səyavuş Aslan isə onu soyüb qovub. Dünən hamı ona qəzetdəki məqaləni göstərərək “bu nə məsələdir “ deyə soruşub.
Onu sakitləşdırib öz otağımıza apardım. Çay süzüb qarşısına qoydum. İndiki bəzi gənc müxbirlərin savadsızlığından, oxucu cəlb etmək üçün bu iyrənc yola əl atdıqlarından danısıb onun kimi böyük bir korifey sənətkarln xalq tərəfindən çox sevildiyini, onun Azərbaycan mədəni tarixində əbədi qalacağını, o cılız müxbirciklərin isə öz bərbad yazıları ilə tezliklə unudulub gedəcəklərini deyərək əsəblərini belə boş seylər üçün korlamamağı xahisi etdim. Məsələni araşdırıb, onları təkzib verməyə məcbir edəcəyimi deyib onu yola saldım. Mən həmin qəzetin (Tanınmış qəzet olsaydı yəqin ki, adı yadımda qalardı. Onu xatırlayıram ki, iki səhifəlik balaşa nəşrin baş redaktoru qadın idi və onun bir yazısına da mətbuatda rast gəlməmişdim.)ilk səhifəsinə baxanda dəhşətə gəldim. Bu boyda böyük sənətkarın fotoşopla eybəcər hala salınmış şəklinin( Saçını yolub başından aralamış və qəzəbdən gözləri bərəlmiş halda verilmişdi) altında ən iyrənc böhtanlar yer almışdı. Güya arvadı ondan xəyanətə görə boşanandan sonra qisas almaq üçün başqa birisiylə gəzib və Səyavus onları pis vəsiyyətdə tutub və s. şərəfsiz iddilar... Mən əsəbdən infark halına gətirilən sənətkarın vəziyyətini yaxşı başa düşdüm və həmin qadınla görüşərək təkzib verməyəcəyi təqdirdə müvafiq qurumlara müraciət edəcəyimi bildirdim.
Böyük sənətkara qarşı bu ləyaqətsiz hərəkət üçün onu qınadım. O da pis oldu və yazıdan xəbəri olmadığını deyərək müxbiri cəzalandıracağına söz verdi. Bir neçə gün sonra qəzetdə təkzib verildi, sənətkardan üzr istənildi və həmin müxbir teatra gedərək qəzetin həmin sayını Səyavuş Aslana çatdırdı. Üçüncü dəfə onu illər sonra Bilgəh çimərliyində gördüm. Biz o vaxt Meropoliten işçiləri üçün inşa edilmiş sanatoriyada güzəştli putyovka ilə istirahət edirdik. Adamlardan kənarda, kiçik bir qayanın üstündə oturub dənizə baxırdı. Hətta uzaqdan belə xəstə və halsız olduğu aydın görünürdü. Ağarmış saqqalı uzanaraq onu tanınmaz hala salmışdı. Hiss olunurdu ki, ətrafdakı uşaqların çığırtısı və səs-küyü onu rahatsız edir. Onun uşaqlara acıqlanması isə “komik qocaya” əyləncə kimi baxan uşaq və yeniyetmələri daha sırtlqcasına (üstünə su atmasına, dil çıxatrmalarına və meymun kimi atılıb düşməyə) hərəkətlərə həvəsləndirirdi.
Mən həmin tərəfə gedərkən o yerindən durdu, başın bulayıb paltarlarını götürdü və dəmiryolçular üçün tikilmiş sanatoriya binasına tərəf yorğun-arğın addımlamağa başladı. (Artıq doqquzmərtəbəli həmin sanatoriya binası yoxdur, onu Ziya Məmmədov hansısa şirkətə satdı və indi yerində otel tikilib.) Məni bir vətəndaş kimi insanlarımızın laqeydliyi çox düşündürürdü. Bütöv bir məktəb yaratmış sənətkara qarşı bu münasibətin səbəbini başa düşmürdüm. Axı o, həqiqətən böyük sənətkar idi. Səyavuş Aslan təkcə səhnədə deyil, kinoda, televiziya filmlərində yaratdığı Saqqal Ramiz, Şubay, Qurban, bazarkom Nadir obrazları onun adının kino tariximizdə əbədilyini təmin edib. Səyavuş Aslanın bu obrazları haqqında saatlarla danışmaq olar. O. "Evləri köndələn yar" telefilmində, "Yuxu","Bəyin oğurlanması" və xüsusilə "Yol əhvalatı" filmlərində öz sənətinin bütün xırdalıqlarını nümayiş etdirə bilib. Bu obrazlar onun çəkiliş prosesində tapdığı reprilakar, ssenaridə nəzərdə tutulmayan jestlər, plastikası sayəsində daha dolğun, mükəmməl alınıb.
Ənənəvi "qədeş" tiplərindən olan bazarkom Nadirə televiziya həyatı verən Səyavuş günü pul saymaqla, gözlənilən yoxlamaları "necə lazımdır" qarşılamaq üçün planlar cızmaqla keçən bu obrazı koloritli oyun tərzi, roluna etdiyi əlavələrlə yaddaqalan edib. "Yol əhvalatı" filmində yaratdığı Qurban, Səyavuş Aslanın kinoda yaratdığı ən maraqlı rollardan biridir.
Amma rejissor Tofiq İsmayılovun onu "Yayda xəzan yarpaqları" filmində baş rola - kənd məktəbinin direktoru Şəmsi müəllim roluna çəkməsi Səyavuş Aslanın kino yradıcılığnda dramatik rolları da böyük sənətkarlıqla canlandırmaq istedadını ortaya çıxardı. Bu filmin qəhrəmanı ailə-məişət dramı yaşamasına baxmayaraq, məktəbdə təhsilin səviyyəsini yüksəltmək, dərslərini buraxıb valideynlərinin təhriki ilə "pul qazanmaq" sənətini öyrənən uşaqları məktəbə qaytarmaq üçün çalışır, bu məqsədlə kənd camaatı arasında maarifləndirmə işləri aparır və nə qədər qəribə olsa da, hamının, o cümlədən, arvadının və oğlunun qınaqlarına tuş gəlir. Sonda arvadı onu tərk etsə də, təslim olmur, əqidəsinə xəyanət etmir.
Kənddə yel dəyirmanı ilə vuruşan Don Kixot imici qazanaraq yalqızlığın ağırlığını yaşasa da dəyişmir, özü olaraq qalmağa davam edir. Bu filmdə Şəmsi müəllimin tənhalığını canlandıran Səyavuş Aslan sanki öz tənhalığını oynayıb.