Nə qədər acınacaqlı haldır ki, ölkə vətəndaşlarının çeşid-çeşid problemləri bitmək-tükənmək bilmir. Xüsusilə də başı bəlalı müharibə iştirakçılarının problemləri. Özü də bu problemləri dövlət qurumları, dövlət idarələridir. Bir lazımlı, daha doğrusu verməli olduqları sənədi verənə qədər vətəndaşları o qədər get-gələ salırlar ki, axırda həm özləri yorulurlar, həm də vətəndaşı yorurlar. Daha doğrusu bezdirirlər. Bəzən intihar həddinə belə çatdırırlar.
Müharibə iştirakçıları demişkən, "DogruXeber.az" redaksiyasına bu dəfə üz tutan Sumqayıt şəhərində qeydiyyatda olan və Binəqədi rayonunda yaşayan 55 yaşlı Hüseynov Bəşir Bəhrəm oğludur.
Bəşir Hüseynov birinci Qarabağ müharibəsi veteranıdır.
Bildirir ki, "İşsizəm. Uzun müddətdir ki, Məşğulluq mərkəzində qətiyyata düşmüşəm, lakin hələ də heç bir işlə təmin olunmamışam. Arada, 1-2 dəfə zəng edib iş təklif ediblər, hər dəfə də təklifdən 5 dəqiqə sonra zəng edirlər ki, artıq başqası ona təklif olunan vakansiya üzrə işə alındı.
İşçi tapmısınız, mənə niyə təklif edirsiniz?
Mənə təklif edirsinizsə, başqasını niyə işə alırsınız?
Dolana bilmirəm. Vəziyyət çox pisdir. Cəmi 80 (səksən) AZN veteran müavinətnin ümidinə qalmışam. Ölkə başçısının sərəncamı var ki, 1991-ci ildən 1997-ci ilə qədər cəbhədə yaralananlara, əlil olanlara birdəfəlik müavinət ödənilsin. Mən də 1991-ci ildə yaralanmışam, Yaralanan digər döyüş yoldaşlarımla birlikdə Vertolyot ilə Bakıya - "Papanin - Hərbi hospital"ına gətirilmişik. Müalicə aldıqdan sonra yenidən döyüşə qayıtmışam.
Lakin, bugün mən bunu heç kimə, heçbir quruma sübut edə bilmirəm. Hərbi Hospital deyir arxivdə sizin burda olduğunuzu təsdiq edən heç bir sənəd aşkar edilməyib. Müdafiə Nazirliyinin arxiv idarəsi eyni cavabı verir.
Bəs dərdimi kimə deyim, hamısı elə bil sözləşiblər, eyni cavabı verirlər.
Mən sadəcə istəyirəm mənim cəbhədə yaralandığımı sübut edən hər hansı bir sənəd verilsin, ölkə başçısının sərəncamına əsasən ödəniləcək birdəfəlik müavinətdən mən də yararlanım. Çünki, mən əziyyət çəkmişəm, vuruşmuşam, qanım qarışıb bu torpağa.
Minnət vurmuram, bu mənim borcumdur etmişəm, heçolmasa bəzi qurumlar da bizə olan borclarını - vəzifə borclarını yerinə yetirib sənədimizi versinlər. Mən başqa nə istəyirəm ki?!"...
Bəli, qeyd edək ki, hazırda ölkəmizdə oxşar problemi yaşayan onlarla, bəlkə də yüzlərlə insanlar var. Hansı ki, onlar hətta, döyüşdə olduqlarını sübut edə bilmirlər.
Hesab edirik ki, bu cür şəxslərin problemini araşdırıb, həlli istiqamətində köməklik göstərəcək hər bir komissiya yaradılarsa, bu kimi çətinliklər qismən də olsa aradan qaldırılmış olar və torpaq uğrunda sinəsini sipər edən qəhrəmanlar ölkə başçısının onlara göstərdiyi qayğıdan öz nəsiblərini alarlar.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az