Axtarış...

Paşinyan sülh istəyirsə, bəs bu oyunlar nədir? - İNCƏLƏMƏ...

Paşinyan sülh istəyirsə, bəs bu oyunlar nədir? - İNCƏLƏMƏ...


Deyəsən, Ermənistan, sözün əsl mənasında, başını itirmiş vəziyyətdədir. Azərbaycanın İkinci Qarabağ savaşında düşmənin başına vurduğu “dəmir yumruğun” zərbəsindən sonra onlar hələ də havalanmış davranışlar sərgəliməkdə davam edirlər. “Yeni Müsavat” yazır ki, bir tərəfdən separatçı ermənilər Qarabağda təxribatlardan çəkinmir, digər tərəfdən də Azərbaycan-Ermənistan sərhədində atəşkəs mütəmadi pozulur. Məsələnin maraqlı detalı isə ondan ibarətdir ki, Ermənistan həm də özünü guya münasibətlərin normallaşdırılması tərəfdarı kimi göstərməyə çalışır. Belə ki, Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə yerləşdirilib.

Layihə Azərbaycan-Ermənistan dövlət sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutur. Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq. Bunu bir erməni hiyləsi hesab etmək daha məntiqlidir. Çünki Ermənistan 10 noyabr üçtərəfli bəyanatın tələblərini yerinə yetirmir, Zəngəzur dəhlizinə müqavimət göstərməyə çalışır, sülh razılaşması üzrə öhdəliklərinə əməl etmir, təxribatlar da dayanmır, paralelində isə buraxılış məntəqələri açmaq layihəsi ortaya qoyur. Şübhəsiz ki, sülh müqaviləsi olmadan gediş-gəliş də olmayacaq və o buraxılış məntəqələri gərəksizdir. Ermənistan sülh istəyirsə, buraxılış məntəqələrini açmazdan öncə öhdəlikləri yerinə yetirməlidir, belə hiylələrə əl atmaq bir işə yaramaz. Bundan başqa, həmin buraxılış məntəqələri gediş-gəliş yolunu dolanbac edir ki, bu da bizi ələ salmağa oxşayır. Görəsən, Paşinyan nə etmək istəyindədir? O, sülhə razıdır deyə bu məntəqələr açılır, yoxsa baş qatır? Mümkündürmü baş verənlər elə onun bu razılığının qarşısını almaq üçün radikal revanşistlər tərəfindən edilsin? Hərbi və siyasi ekspertlər burada hansı variantı daha inandırıcı görürlər?

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, layihəyə birini də əlavə etməli idilər: “Laçına alternativ inşa etdiyimiz yolun sonunda da sərhəd məntəqəsi yaradılmasına ehtiyac var. Biz də bu məsələni gecikdirmədən ərazimizdən keçən, büdcəmiz hesabına tikdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik, əks halda, separatçılar yeni yoldan da silah-sursat keçirmək üçün istifadə edəcək, xarici ölkələrin nümayəndələri qanunsuz olaraq Qarabağa keçəcəklər”.

Ekspert Xəyal Bəşirovun fikrincə, bunu fərqli şəkildə izah etmək olar: “Müharibədən sonra Paşinyan sülhə hazır olduğu görüntüsü yaradan addımlar atır. Amma addımların mahiyyətində heç nə yoxdur. Görüntü xatirinə deyir ki, Zəngəzur dəhlizi reallaşacaq, sərhədlər müəyyənləşəcək, Şuşanın Azərbaycanın tarixi ərazisi olduğunu fikirlər səsləndirir, amma məlum olur ki, yeni Laçın yolunun özlərinə aid hissəsini hələ indi tikməyə başlayırlar. Bir yandan dünyaya nümayiş etdirirlər ki, guya sülhə hazırlıq gedir, amma bir tərəfdən də Azərbaycanı aldatmağa çalışırlar. Sadəcə, bizim daha 30 il səbr etmək niyyətimiz yoxdur ki, onların nazı ilə oynayaq, artıq şərtlər dəyişib. Ona görə sülh müqaviləsi olmayacaqsa, həmin nəzarət-buraxılış məntəqələrindən gediş-gəliş olmayacaq. Necə ki, 30 ildən çoxdur Türkiyə-Ermənistan sərhədində buraxılış məntəqələrini kol-kos basıb”. X.Bəşirovun sözlərinə görə, atəşkəs rejimini sərhəddə tez-tez pozan dövlətin sərhəddə buraxılış məntəqəsi yaratmağı planlaşdırması məkrli, riyakar, Azərbaycanı aldatmaq cəhdidir: “Azərbaycanın beş bəndlik sülh təklifi var, onun əsasında Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Regionda sabitliyin, təhlükəsizliyin təmin olunması üçün atılmalı olan addımları Ermənistan icra etməlidir. Ondan sonra həmin nəzarət-buraxılış məntəqələrinin əhəmiyyəti ola bilər”.

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Paşinyan hökumətinin bu planlaşmasını ilk baxışdan müsbət hərəkətlənmə kimi görmək olardı, lakin böyük sülh müqaviləsi olmadan Azərbaycanla sərhəddə məntəqələr qurmaq yersiz görünür: “Üstəlik, Naxçıvan qapısı üçün bunu nəzərdə tutursa, bizi dolamaqdır, həmin ərazilərdən keçməklə getmək yolun acı bağırsaq kimi uzanması deməkdir. Sadəcə, Ermənistan demək istəyir ki, biz də sülhə hazırlaşırıq, guya gələcək üçün indidən addımlar atırlar. Amma buna qədər sərhədlər müəyyən edilməlidir, Paşinyan ”artsax" iddiasından əl çəkməlidir, bunlar olmadan mümkün deyil".

R.Məmmədovanın fikrincə, danışıqlarda yenə bir tormozlanma müşahidə edilməkdədir: “Bizim 2020-ci ilin noyabrından bəri gəlib çıxdığımız nöqtə istədiyimiz nəticə sayıla bilməz. İrəvan bütün anlaşmalarda cığallıq edir, anlaşmanı pozur, delimitasiya ilə bağlı bir qarış da irəliləyiş yoxdur, sərhəddə davamlı olaraq atəşkəsi pozurlar, sülhməramlı olduğu yerdən də atəş açırlar, hansı nəzarət-buraxılış məntəqəsindən söhbət gedə bilər?”
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz