Axtarış...

Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski

Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski
Bu gün Port-Artur döyüşünün qəhrəmanlarından biri, görkəmli Azərbaycan sərkərdəsi general Əliağa Şıxlinskinin xatirə günüdür. Biz orta məktəbdə oxuyanda dərsliklərdə Azərbaycanın milli qəhrəmanları barədə ya heç bir məlumat olmurdu, ya da xəsisliklə bir neçə cümlə verilirdi. Mən ilk dəfə onun barəsində ali məktəbdə oxuyanda, sevimli müəllimim İsmayıl Şıxlıdan eşitdim. Sonra Azərbaycanın bu igid oğlu barədə özüm də tarixi faktlarla maraqlandım. Bidiyimiz kimi çar dövründə müsəlman gənclərinə orduda xidmətə icazə verilmirdi. Bu bizə olan qayğıdan deyil, güvənsizlikdən irəli gəlirdi. Bir azərbaycanlı balasının belə bir şəraitdə hərbidə olması və rusların özünə dərs deyəcək qədər öz üzərində çalışaraq əvəzedilməz bir hərb mütəxəssizinə çevrilməsi bizim üçün böyük qurur və iftixar mənbəyidir. Hərb tariximizin unudulmaz siması -Əliağa ŞıxlinskiƏliağa Şıxlinski 1865-ci il aprel ayının 23-də Qazax qəzasının Qazaxlı kəndində anadan olub. Anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi idi. 1883-cü ildə orduda hərbi xidmətə başlayan Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyə çalışır. Bütün bu uğurlu addımlar onu Peterburq artilleriya məktəbinə gətirir. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmağa başlayır. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılır. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alır. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olunur. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilir. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilir. Beləcə o, Azərbaycanın ilk hərbi generallarından olur, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilir.1914-cü ildə baş verən I dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılır. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunur.Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur edir. 1918-ci ilin dekabrında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırılır. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edilir. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səylərilə Azərbaycan ordusu yaradılır. Ordunun xeyli cəbbəxanası formalaşır. Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əliağa Şıxlinski həmişə birincilər sırasında olub. O dörd müharibənin şahidi, üçünün iştirakçısı olub: 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan Müharibəsində, 1918-ci ildə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski1920-ci il aprelin 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir. Hər iki generalı həbsdən Nəriman Nərimanov qurtarır. Sovet imperiyası iki dahi şəxsiyyətə - Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə ona görə toxunmur ki, hərbi ixtisasçı kimi onlar əvəzolunmaz idi. Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışır. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilir. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz İslam Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlayır. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib.1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif olunub. Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla, o cümlədən Fransanın yüksək hərbi ordenlərilə mükafatlandırılıb. O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını diqtə edib yazdırdı. Kitab generalın ölümündən doqquz ay sonra — 1944-cü ilin may ayında nəşr olundu. Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazıb. Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunub. 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosof alim Heydər Hüseynovun özü təşkil etdi. Generalla heç bir qohumluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti vardı. Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. Əliağa Şıxlinskini görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər. Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski Ə.Şıxlinski bədii yaradıcılıqla da məşğul olub. Çoxlu şerlər, tərcümələr və bədii parçalar müəllifi olan Əliağa Şıxlinski heç vaxt onları dərc etdirməyib."Zabitin yaddaşı" dəftərindəki qeydlərdən aydın olur ki, dramaturq Cəfər Cabbarlının yaradıcılığına generalın xüsusi məhəbbəti olub, Cəfər Cabbarlının vaxtsız ölümü onu hədsiz dərəcədə kədərləndirib. General Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğunun "Böyük ədib" və Osman Sarıvəllinin "Yaşar" şerlərini məharətlə rus dilinə tərcümə edib. Generalın "Zabitin yaddaşı" dəftərində onun həyat və məslək yoldaşı, Nigar xanıma yazdığı "Ey sevdiyim dilruba", "Ana və onun əziz Nigarına", "Adi povest", "Vitse-admiral Makarovun xatirəsinə", VII əsr yapon şairi Ş. Munetodan "Sən mənə vəhşi dedin" şerlərinin rus dilinə tərcüməsi və başqa parçalar saxlanılır. Sevimli həyat yoldaşı Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda dünyasını dəyişib. Onun ölümü Əliağa Şıxlinskiyə çox ağır təsir etmişdi. Nigar xanımdan sonra Əliağa Şıxlinski 13 il tənha ömür sürdü. Bu gün Baklda bu böyük azərbaycanlının adını daşıyan küçə, gəmi və digər məkanlar var. Hərb tariximizin unudulmaz siması -Əliağa Şıxlinski
Müstəqil Azərbaycanın orta məktəb dərsliklərinə digər milli qəhrəmanlarımız kimi onun da adı salınıb və bu gün övladlarımız unudulmaz şəxsiyyətlərimiz, o cümlədən Ə.Şıxlinski haqqında daha geniş məlumatlara malikdir.


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz