Axtarış...

QƏLƏBƏNİN SİMVOLUNA ÇEVRİLƏCƏK GENERALIM – Qisas – andımız olsun!

QƏLƏBƏNİN SİMVOLUNA ÇEVRİLƏCƏK GENERALIM – Qisas – andımız olsun!

Ordu bir millətin şərəf yeri, qürur və ilham mənbəyidir.

Bütün dövrlərdə belə olub: ərazisi işğala, əhalisi düşmən hücumuna məruz qalan ölkələrdə, ilk olaraq, məhz Ordu sinəsini Vətən torpağına atılan atəşlərə sipər edib, millətinin şərəfini, namusunu qoruyub.

Və bu milli şərəfi, milli namusu canıyla, qanıyla qoruduqca da, millətinin xilaskarına, iftixar, qürur mənbəyinə çevrilib, yetişən gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsi, igidlik dastanı yaradan ilham çeşməsi olub...

Mən əminəm ki, bu gün – 14 iyul Azərbaycanın hərb tarixinə həm də Ordumuzun milli kadr heyətinin öz şərəf və qəhrəmanlıq salnaməsini yaratdığı müqəddəs bir gün kimi daxil olacaq – qızğın döyüş vaxtı bir Generalının arxada durmağı öz qüruruna sığışdıra bilməyib meydana yürüdüyünə, Vətənə və əsgərinə açılan gülləyə öz sinəsini sipər etmə faktına görə!

Alın, bu da sizə Azərbaycanın milli kadr zabitlərinin nələrə qadir olduğunun daha bir gerçək nümunəsi!

Biz deyəndə ki, bizi düşmən üzərinə ancaq milli zabit və general heyətimiz apara bilər, Ordumuzda onları önə çəkmək gərək, inanmırdınız!

Di açın gözlərinizi, indi yaxşı baxın, görün! Məhz qanında, canında həqiqi Azərbaycan sevgisi, mayasında milli qeyrət hissi olan zabitimiz, generalımız bunu edərdi ki, general Polad Həşimov da onu etdi – 2016-cı ilin aprel qürurunu bizə yenidən yaşatdı!

Bu gün sinəsini düşmən gülləsinin önünə verərək, şəhid olan general Polad Həşimov öz cəsur davranışları və ölümüylə bir daha bu ölkəni işğal və işğalçını da himayə edən bütün güclərə o mesajı verdi ki, bu millətin əsgərinin arxasında yox, önündə durub onu düşmən üzərinə aparacaq general korpusu, fədailəri yetişib artıq! Daha heç bir güc, heç bir işğalçı bu milləti susdura, sındıra, təslim edə, öz iradəsini ona yeridə, alçaldıcı sülhə imza atdıra bilməz!

Şəhidliyin mübarək, Generalım! Sən artıq bu cəsur davranışınla adını Qarabağı azad edəcək əsgər və zabitlərimiz üçün bir milli simvola, bayrağa çevirməyi bacardın! Afərin, ruhun şad olsun! O qalib ruhun qarşısında baş əyirik!

Yolun - yolumuz, qisas - andımız olsun!
Elxan ŞÜKÜRLÜ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz