AQTA, yaxud İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Son 20-30 ildə Azərbaycana nə qədər əcnəbi brendlər gətirilib..?
Bəli, məşhur ərzaq, qida, yaxud geyim brendləri adı altında ölkəmizdə əməlli-başlı bazar açıblar.
Təsəvvür edin ki, məşhur əcnəbi brendin adı altında 5-6 min manata satılan məhsulun “yerli” olduğu və real dəyərinin heç 500 manat olmadığı bəlli olur.
Sözün qısası, bu məsələdə istehlakçıların hüquqlarını qoruyan yoxdur.
Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti boyda dövlət qurumu var. Ki, əsas funksiyası istehlakçıların hüquqlarını qorumaqdır. Və buna görə, yüzlərlə işçi dövlətdən hər ay yüksək maaş alır.
Bu qurum istehlakçıların hüquqlarını qoruyurmu..?
Yaxud o boyda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Ki, istehsal və istehlak olunan qida məhsullarının keyfiyyətinə nəzarət etsin. Bəs nə oldu, axırı…
Təkcə bircə faktı qeyd edək.
Sovet dövründə çörəyin keyfiyyətinə xüsusi nəzarət var idi. Qara çörəkdən, çovdar çörəyindən istifadə edənlər az deyildi.
Ancaq neçə ildir ki, Bakıda hamı saxta qara çörəklərdən şikayətlənir. Təsəvvür edin ki, müxtəlif boyalardan istifadə edərək saxta qara çörəklər istehsal edib əhaliyə baha qiymətə satırlar. Ancaq sonra məlum olur ki, bu çörəklər saxtadır.
Bəli, hər şeyin saxtasına əl uzadan dələduzlar çörəyi də saxtalaşdırıblar.
Belə işbazlardan biri də Şirvanda fəaliyyət göstərən Teymur adlı şəxsdir. Bu adam “Nənəmin təndiri” çörək sexi açıb.
Birincisi, Azərbaycanda məşhur “Nənəmin təndiri” brendi var.
Bu ad altında fəaliyyət göstərmək üçün mütləq icazən olmalıdır. Əks halda səni kiminsə brendini oğurlamaqda ittiham edə bilərlər.
Əlbəttə, biz tanınmış “Nənəmin təndiri” brendinə vəkillik etmək fikrində deyilik, amma bunu qanunlar tələb edir.
Nə isə, keçək əsas məsələyə.
Deməli, Teymurun “Nənəsinin təndiri” Şirvan sakinlərini aldadır.
Belə ki, Teymur sakinlərə çörəyin təndirdə bişirildiyini élan və reklam etsə də, əslində çörəklər qaz sobasında bişirilir və standart və normalara uyğun gəlmir.
Sakinlər Teymurun bu əməllərindən ciddi narazılıq edirlər. Və sakinlər soruşur ki, AQTA-nın rəhbəri Qoşqar Təhməzli, yaxud İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Görəsən, Şirvan boyda şəhərin hüquq-mühafizə orqanları, icra hakimiyyəti niyə bu barədə susur..?
Teymur isə saxta yolla əhalidən qazandığı pulların hesabına “Kənd evləri” deyilən ərazidə təzə, sənədsiz obyektlər tikməkdə davam edir.
Teymur haqqında çox sözlər deyirlər, hətta onun “maloletka”, “türmə” söhbətini edənlər də var.
Amma bizim üçün kiminsə şəxsi problemləri önəmli deyil.
Bizim üçün əsas olan ictimai yüklü problemlərdir. Ki, vətəndaşların pozulan hüquqları təmin edilsin, saxta məhsullar vətəndaşlarımızın evinə yol tapa bilməsin.
Axı, Peyqəmbər Əfəndimiz demişkən, biz yediklərimizin cəmiyik.
gundelik baki.com