Lerik rayonunda baş verən özbaşınalıqlar, dövlət əmlakının talanması və prezident İlham Əliyevin rayona ayırdığı milyonlarla vəsaitin mənimsənilməsi barədə ölkə mətbuatında silsilə məlumatlar verilib. Həmin məlumatlardan ən çox diqqətçəkəni isə Azərbaycan prezidentinin sərəncamı ilə 50 yaşayış məqtəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik Rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manatın "yoxa çıxması"dır.
Millitv.az -ın reyting.az-a istinadən məlumatına görə, rayon sakinləri iddia edirlər ki, Lerik Rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manat mənimsənildiyindən hələ 2016-cı ilə qədər çəkilib-başa çatdırılması planlaşdırılan yolun tikintisi yarımçıq qalıb. Yolun çəkilən hissəsi isə 1 ili tamamlanmamış dağılıb, qəzalı vəziyyətdədir.
Leriklilər bununla bağlı dəfələrlə yuxarı instansiyalara müraciət etdiklərini bildirirlər. Onların sözlərinə görə, rayon faktiki olaraq, icra başçısının I müavini Cəlil Baxşıyevin nəzarətindədir. Baxşıyevi isə yaxın qohumu, Leriki Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədov himayə edir.
Sakinlərin iddiasına görə, vəziyyət o həddə çatıb ki, Cəlil Baxşıyev rayonda quruculuq və abadlıq işləri üçün ayrılan vəsaitləri də yaxın adamları arasında bölüşdürür. Onun hazırda rayonun Kələxan kəndində qardaşına dəbdəbəli villa tikdirdiyi bildirilir. Sakinlər güman edirlər ki, ola bilsin, bu villanın tikintisinə sərf olunan material və avadanlıqların müəyyən hissəsi rayonun abadlığı üçün nəzərdə tutulan büdcə vəsaitləri hesabınadır. Qeyd olunur ki, bu barədə ayrı-ayrı KİV-lərdə və sosial şəbəkələrdə yazılmasına baxmayaraq, C. Baxşıyev belə əməllərindən çəkinmir.
"İcra başçısının birinci müavini və deputat İqbal Məmmədovun şəxsi mülkə çevirdikləri rayonda korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir, əhalinin problemlərinin həlli yolunda heç bir addım atılmır. Üstəlik, prezidentin ayırdığı vəsaitlər də havaya sovrulur", - bunu sakinlər iddia edir.
İddiaya görə, C. Baxşıyev bütün idarələrdən pul toplamaqla yanaşı, həm də seçki prosesinə müdaxilə edib, bu prosesdən də qazanc məqsədilə yararlanıb:
"İcra başçısının birinci müavini YAP-ın rayon təşkilatının keçmiş sədri ilə əlbir olaraq, 78 saylı DSK üzrə bütün məntəqə sədrləri və üzvlərindən hər seçki zamanı 100 manatdan toplayıblar. Yəni hər üzvdən 1 ayın əməkhaqqısı tələb olunub. Baxşıyev göstəriş verib ki, pul verməyən şəxslər üzvlükdən üzaqlaşdırılıb yeniləri ilə əvəzlənsin. Ümumilikdə, seçki məntəqələrindən 40 000 manat pul tələb ediblər. Lerik rayonunda 100-ə qədər seçki məntəqəsi, hər məntəqənin 4 üzvü var. Ümumi məntəqələrdə 400 üzvün olduğunu nəzərə alsaq, bu da 40 000 min manat edir".
Məntəqə seçki komissiyasının üzvü olan rayon sakinləri də belə halların dəfələrlə müşahidə edildiyini iddia edirlər. Belə ki, ötən parlament seçkilərində də Baxşıyevin özbaşınalığı diqqət çəkib:
"Qohumu və himayədarı İqbal Məmmədovun xeyrinə qanunsuz addımlar atan Baxşıyev hətta rayonda ciddi nüfuzu olan, sözügedən 50 yaşayış məntəqəsində seçicilərin etimadını qazanan namizədlərdən biri - İlham İbadovu da saxta yollarla seçkidən kənarlaşdıra bilib. O, İbadovun xeyrinə imza verən şəxslərdən izahat aldırmaqla onun namizədliyinin DSK tərəfindən ləğv edilməsinə nail olub. Bu tapşırığı isə ona İqbal Məmmədov verib. Nəticədə İqbal Məmmədovun "alternativsiz namizəd" olmasını təmin edib. Bu gün də əvəz olaraq, İqbal Məmmədov onun bu "xidmət"lərini qiymətlədirir".
Sakinlər yazır ki, bu və yuxarıda sadalanan digər problemlər sosial şəbəkələrdə və saytlarda işıqlandırılsa da, nəticəsiz qalıb, lazımi tədbirlər görülməyib.
Qeyd olunur ki, Əkbər Abbasov Lerik rayonuna icra başçısı təyin edilsə də, hazırda Cəlil Baxşıyevin nəzarətində olan Lerikdə vətəndaş narazılığı hökm sürür. Rayonun Orand kəndinin 250-dən çox sakini isə ölkə başçısına müraciət edərək I müavinin qanunsuz əməllərinə, ayrı-seçkiliyə əsaslanan fəaliyyətinə son verməyi tələb ediblər. Orand kənd sakinlərinin ölkə mediasına ünvanladığı müraciətdə Baxşıyevin rayonda xaotik vəziyyət yaratdığına diqqət çəkilir. Sakinlər müraciətlərində ölkə başçısından kömək istəyirlər.
Cəlil Baxşiyev rayona yeni təyin olunan icra başçısı Əkbər Abbasova güc nümayiş etdirmək üçün vaxtilə vəzifəyə təyin etdirdiyi idarə və müəsissə rəhbərlərinə, eləcə də kənd icra nümayəndələri və bələdiyyə sədrlərinə tapşırıqlar verərək, hər həftə icra başçısının qəbuluna 300-500 nəfər kənd sakininin müxtəlif məsələlərlə qəbula yazılmalarını tələb edir. Məqsəd “mən olmasam, bu camaatın qabağını ala bilməzsən, Əkbər Abbasov”,- mesajını yeni icra başçısına çatdırmaqdır. Qəbula gələnlərin əksəriyyəti də Əkbər Abbasova müavinlərini tərifləyərək məsləhət verirlər ki, onlarla işlə. Müavinlər düşünürlər ki, bununla da icra başçısının fəaliyyətini kadr islahatlarından yayındırmağa nail ola biləcəklər.
Əkbər Abbasovun Lerikə icra başçısı təyinatı sosial mediada da geniş müzakirə olunub. Sosial şəbəkədə yazanların bir çoxu düşünürdü ki, London təhsilli icra başçısı Lerikdə ciddi islahatlar aparacaq. Onlar iddia edirdilər ki, Abbasov Leriki anarxiya və özbaşınalığa sürükləyən Rövşən Bağırovdan qalma köhnə komandadan təmziləyəcək. Bununla da, ağır güzəran və maddi şərtlər altında yaşayan, dözülməz həyatın çətinliklərinə tab gətirməyib rayonu tərk edən əhaliyə dəstək olacaq. Deyəsən, artıq təsir əks təsirə çevrilir və “köhnə komanda” daha tez qabağa düşüb Abbasovu “zərərsizləşdirməyə”, onu əhali ilə üz-üzə qoymağa çalışır.
Redaksiyamıza daxil olan digər bir müraciətdə Lerikdə Əkbər Abbasovun təcrübəsiz kadr olması barədə təbliğat aparıldığı, deputat İqbal Məmmədovun ölkə başçısının qərarlarına əhəmiyyət vermədiyi də bildirilir. Yaxın günlərdə təqdim edəcəyimiz həmin müraciətdə deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovun hər ay Cəlil Baxşıyevdən haqq aldığı da iddia edilir. Bununla yanaşı toy gecəsi baş verən qətl hadisəsindən də bəhs olunur.
P.S. Redaksiya adıçəkilən şəxslərlə əlaqə saxlayıb rayon sakinlərinin ölkə KİV-lərinə müraciəti ilə bağlı mövqelərini öyrənə bilməyib. Reyting.az İqbal Məmmədovun, Çingiz Məmmədovun və Cəlil Baxşıyevin də mövqeyinə hörmətlə yanaşır və onların da fikirlərinə yer ayırmağa hazırdır.