Axtarış...

Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu - İLGİNC FAKTLAR

Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu - İLGİNC FAKTLAR


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsı cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı müsabiqə yolu ilə keçirdiyi Açıq Tenderə yekun vurması və “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 154 976.48 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 05.08.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Qeyd edək ki, Respublika Klinik Xəstəxanası böyük bir səhiyyə ocağıdır və dəftərxana və təsərrüfat mallarının satın alınmasına 154 976.48 manat dövlət vəsaitinin ayrılmasında təəccüblü heç nə yoxdu. Təəccüblü olan odur ki, sözügedən mallar xəstəxananın hər şöbəsində müdirlərin topladığı rüşvət hesabına alınır. Bəs onda ayrılan bu dövlət vəsaiti hara gedir? Əvvəlcə gəlin Respublika Klinik Xəstəxanası satınalma müqaviləsi bağladığı “ALPHA MEDICAL AND CONSTRUCTION” MMC-nin fəaliyyətinə diqqət yetirək.

Qeyd edək ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Tender Komissiyası cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir dəvət elan vermədən həyata keçirimişdir. Amma tenderin şərtlər toplusundan belə məlum olur ki, müsabiqəyə 04.07.2022-ci il tarixində başlanılıb, zərflərin açılış tarixi isə 04.08.2022-ci ilə tarixə müəyyən edilib. İndi gəlin görək tenderin qalibi olan MMC nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV, ev 142, m. 0, qanuni təmsilçisi kimi isə Məmmədov Müslüm Mürsəl oğlu qeyd olunub.

MMC-nin qanuni təmsilçisi Müslüm Məmmədovun kimliyi barədə açıq mənbələrdən yalnız bu məlumat çıxdı. 57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanan Məmmədov Müslüm Mürsəl oğlu (Bitərəf) (62,4 faiz) Belçika Krallığında Azərbaycan Kommunikasiya ofisinin rəhbəri vəzifəsində çalışıb.”ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhz deputat Müslüm Məmmədova məxsus olub,olmaması ətrafında araşdırmalarımızı davam etdirəcik. Qayıdaq Respublika Klinik Xəstəxanasının Tender Komissiyasının yol verdiyi qanunsuzluqlara.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Respublika Klinik Xəstəxanası tender müsabiqəsinə dəvətdən 10 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, son dövrlər tenderlərin keçirilməsi zamanı bu tip qanun pozuntularına yol verilməsinə tez-tez rast gəlinir. Adət malgötürənlər, yəni sifarçilər bu qanunun kotirovka sorğularında keçərli olmadığını iddia edirlər. Amma göründüyü kimi Respublika Klinik Xəstəxanasının Tender Komissiyası kotirovkada deyil, birbaşa Açıq Tenderdə müsabiqəyə başlanıldıqdan 10 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlamağa üstünlük verib. Bəs qanunun tələbləri? Axı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Respublika Klinik Xəstəxanasında Tender Komissiyasının üzvləri məgər bunları görməyib?

Respublika Klinik Xəstəxanasının satınalma şöbəsinin müdiri Mirsalam Səmədov isə bi göstərilənləri qəbul etmir. Telefon danışığı zamanı Mirsalam müəllim sualımıza sualla cavab verdi ki, “qanunda mənə göstərin ki, təzə yaradılan şirkət tenderdə iştirak edə bilməz.” Biz Mirsalam müəllimə tenderin şərtlər toplusundan qanunun bu tələbini xatırlatdıq: Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasını diqqətə çatdırdıq. Yəni bu o deməkdir ki, tenderdə iştirak etmək üçün ən azı bir il fəaliyət olmalıdır. Bundan sonra satınalma şöbəsinin müdiri Mirsalam Səmədov müqavilənin hələ bağlanılmadığını,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən cavab gözlədiklərini qeyd etdi. MMC-nin qanuni təmsilçisi Müslüm Məmmədovu isə tanımadığını bildirdi.

Belə olan halda Respublika Klinik Xəstəxanasının Tender Komissiyası “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdə iştirakına nə üçün yol verib? Digər tərəfdən, heç bir göstəriciləri qanunun tələblərinə uyğun gəlməyən MMC necə qalib gəlib? Çox güman ki, bu elə Müslüm Məmmədovun işidir. Çünki, bu kimi qanunsuzluğu kənar bir adam etsə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəti yol verməz. Amma arxada Müslüm Məmmədov kimi bir deputat durarsa, təbii ki, olar.

Qeyd edək ki, bu Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tender prosedurlarında yol verdiyi ilk qanun pozuntusu deyil. Məsələn, mətbəə məhsullarının satınalınması üzrə 10.05.2022 başlanılmış kotirovka sorğusu müsabiqəsinin qalibi 15.02.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış “LOCAL SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.07.2022-ci il tarixdə 25 858 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi, burada da cəmi iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC üstünlük verilib.
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz