Məlumat üçün qeyd edək ki, uzun illər Azərbaycanda səhiyyə müəssisələri əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olub.
Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyi, sonra onun tabeçiliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) yaradıldı. Daha sonra rayonlarda Tibb Mərkəzləri yaradıldı.
El arasında “ikitirəlik” deyilən bir ifadə var, deyərdilər ki, araya ikitirəlik salmayın, nəticəsi pis olar.
Vallah binəva, çarəsiz vətəndaşlar qalıblar Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və TƏBİB-in arasında. Ömürlük xəstələr, əlillik almaq istəyənlər, dövlətdən pulsuz dərman almağa hüququ olanlar qalıblar bu qurumların arasında.
Nə isə, əsas mövzudan yayınmayaq.
Bəli, kiminsə təkilfi ilə Bakıda və rayonlarda Tibb Mərkəzləri yaradıldı və TƏBİB-ə tabe edildi.
Cənablar, Əli İnsanov, yaxud sabiq nazir Oqtay Şirəliyev yarıtmaz kadr ola bilər ee, bunun qosqoca nazirliyə nə dəxli var..?
Uşağı vannada yuyub təmizləyəndə uşağı çirkablı su ilə bərabər tullamırlar ee…
Nazirliyi bir neçə yerə parçalamağın, arada paralellik, həm də ikitirəlik yaratmağın nə mənası var..?
Təsəvvür edirsiniz, Bakının Nizami rayonunda N qədər tibbi müəssisə var.
Gəlin siyahıya nəzər salaq:
1 №-li Uşaq xəstəxanası
19 №-li Uşaq poliklinikası
17№-li Uşaq poliklinikası
7 №-li Doğum evi
7№-li Doğum evinin nəzdindəki 8 №-li qadın məsləhətxanası
4 №-li Uşaq stomotoloji poliklinikası
26 №-li Şəhər poliklinikası
18 №-li Birləşmiş Şəhər Xəstəxanası
11 №-li Birləşmiş şəhər xəstəxanası
32 №-li Birləşmiş şəhər xəstəxanası
2 №-li Dəri-zöhrəvi dispanseri
4 № li Vərəm Əleyhinə Dispanser
Azərbaycan Sutikinti xəstəxanası
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 6 saylı Bölməsi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi
7 saylı Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası
Azərbaycan Dəmiryol idarəsinin sanitar epidemioloji stansiyası
Tibbi-Məhkəmə Ekspertiza şöbəsi
Bakı şəhər tibbi-bədən tərbiyəsi dispanseri
Əsas mövzudan yayınmadan bir məsələyə diqqət ayıraq.
Nizami RİH-nin rəsmi saytından götürdüyümüz bu siyahıda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru kimi Abdullayev İmran Həmid oğlu ( telefon- 012-421-63-41) göstərilib.
Vallahi, bunlar ya fil qulağında yatıblar, ya da başları başqa işlərə qarışıb.
Məsələni aydınlaşdırmaq üçün 012-421-63-41 telefonu ilə əlaqə saxlayırıq. Telefonu qaldıran kişi deyir ki, İmran müəllim çoxdan vəzifəsindən gedib. Bizim “Bəs yeni direktor kimdir?” sualımıza qarşı tərəf cavab vermək istəmir, nəhayət çək-çevirdən sonra “Sara xanımdır” deyir. Və bu səhvə görə, Nizami RİH-ni ittiham edir.
Nə isə…gördüyünüz bu uzun siyahıdakı tibbi müəssilərinin xeylisini birləşdirib Nizami rayon Tibb Mərkəzi yaratdılar və Nurməmməd Yarıyevi Tibbi Mərkəzə direktor təyin etdilər.
Məlumat üçün bildirək ki, Nurməmməd Yarıyev uzun illər Bakı Şəhər Səhiyyə İdarəsində müfəttiş-revizor işləyib və yoxlamalardan yaxşıca qazanıb. Sonra isə Nizami rayonundakı 11 saylı Birləşmiş şəhər xəstəxanasının Baş həkimi olub.
Bəli, bir müddət əvvəl 11 saylı Birləşmiş şəhər xəstəxanasının bazasında Nizami rayon Tibb Mərkəzi yaradıldı.
Amma bir soruşan olmadı ki, keçmiş revizor Nurməmməd doğum evinə necə rəhbərlik edəcək..?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, bu şəxsin barəsində nə qədər şikayətlər var.
Təsəvvür edirsiniz ağır şəkər xəstəsi deyir ki, neçə ildir əlillik ala bilmirəm, Nurməmməd “şirinlik” istəyir.
Görəsən TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bilmir ki, Nurməmməd Yarıyev kimisinə belə bir məsuliyyətli vəzifəni tapşırmaq olmaz ?
Bütün bunları bir kənara qoyaq və…
Axı, son illərdə səhiyyənin inkişafı, texniki bazanın müasir tələblərə cavab verməsi üçün cənab Prezident İlham Əliyev böyük məbləğdə dövlət vəsaiti ayırıb.
İndi Nurməmməd Yarıyev kimilərdən soruşmaq lazımdır ki, o pullar hara və necə xərclənib..?
Bunun hesabatını vermək lazımdır.
Sonda onu qeyd edək ki, islahat-filan adı ilə cəmiyyəti aldatmayın.
Tibb Mərkəzlərinin yaradılması pulun bir əldə cəmləşməsidir. Vəssəlam. //gundelik-baku.com//