“Təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get nə edirsən et”.
Sabirabad rayonu Kürkəndi kənd sakini 22 yaşlı Abış İsmayılov İkinci Qarabağ Müharibəsi qazisidir. O, Meydan TV-yə mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığı özbaşınalıqdan söz açır.
Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib. Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun onunla qərəzliliyinin kökündə də xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur:
“9 aydır ki, bu xəstəxanada mühafizəçi işləyirəm. Sağ olsun, məni bura xəstəxananın direktoru işə götürdü. Elə iş üçün müraciət edən ilk gündə dedi ki, sənədlərini topla, gəl. Bayram Mikayılovsa xəstəxanaya 3 ay olar ki, maliyyə işləri üzrə direktor təyin edilib. Gələn gündən araşdırıb ki, mən bura müharibə iştirakçısı kimi iş üçün ağız açıb, bir qəpiksiz işə düzəlmişəm. O gün – bu gün, hamının içərisində mənə aşağılayıcı sözlər deyir. Dəfələrlə iş yoldaşlarımın, xəstələrin gözü qarşısında məni heç bir səbəb olmadan təhqir edib”.
Abış İsmayılov deyir, Bayram Mikayılovun bu davranışlarından rayon məmurlarının da xəbəri var, ancaq tədbir görülmür:
“Bu adam anlamır ki, mən müharibədən psixoloji travmalarla qayıtmışam. Bundan hamının xəbəri var. Bununla bağlı xəstəxanasının direktoru Ənvər Lumanova, icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Rayon Polis Şöbəsinin rəisinə, Daxili İşlər Nazirliyinə, Sabirabad rayonunun Milli Məclisdəki təmsilçisi Kamal Cəfərova da yazmışam”.
“Bu adam təkcə mənimlə yox, başqa işçilərlə, xəstəxanaya gələn vətəndaşlarla da öz tərbiyəsinə uyğun davranır. Adamlar işlərini itirməmək üçün susmağa üstünlük verirlər. Ancaq hər şey bir yerə qədərdir, bunun axırı yoxdur. Bu adamın əlindən az qalıram özümü öldürüm”, – qazi deyir.
Abış İsmayılov İkinci Qarabağ Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə arayış da verilib.
Meydan TV iddialara münasibət öyrənmək üçün Bayram Mikayılovla əlaqə saxlayıb. Bayram Mikayılov deyilənləri təkzib edib:
“Biz ziyalı adamıq, dövlətə, cənab Prezidentə xidmət edən insanlarıq. Nəinki Vətən müharibəsi iştirakçısını, sıradan bir vətəndaşın da xətrinə dəyəcək bir söz demərik. İnsandır də, ola bilsin əsəbiləşib, deyib, burda belə şey şey olmayıb.
Meydan TV əməkdaşı qazinin narazılıqları ilə bağlı video yaydığını da xatırladıb.
Bayram Mikayılov: “Video da çəkib ki? Biz dövlətə, dövlətçiliyə xidmət edən, Allahı tanıyan adamlarıq. Heç kimin haqqına girmərəm, kimisə təhqir etmərəm. Mənə yaraşmaz. Burda təzə işləyirəm, Burda təzə işləyirəm, bu xəstəxanada Qarabağ qaziləri də yatır, hər gün dəfələrlə baş çəkirəm, maraqlanıram, bu, bizim borcumuzdur. Onlar bizdən ötrü canlarını qabağa veriblər. Cənab Prezidentin bütün tədbirlərdə də ilk tapşırığı bu olur ki, onlar bizim başımızın tacıdır, biz də layiqincə xidmət edirik”.
Meydan TV müxbiri Bayram Mikayılovdan məsələyə münasibət öyrəndikdən sonra xəstəxana rəhbərliyi Abış İsmayılova direktor müaviniylə barışığa gəlməsini, şikayətlərindən əl çəkməsini təklif edib. Bu barədə Meydan TV-yə təkrar müraciət edən Abış İsmayılov deyir:
“İki gündür deyirlər, get otağına, səndən üzr istəyəcək. Getdim, dedim, məni necə ki, xəstəxana işçilərinin, müalicə üçün gələn xəstələrin yanında aşağılamısız, ictimaiyyət içərisində də üzr istəsəniz, qəbul edərəm, ikilikdə edəcəyiniz üzrxahlığı qəbul etmirəm. Dedi, sən əvvəlcə get, maraqlan gör, mən bura hansı yollardan keçib gəlmişəm. Sən kimsən ki, camaatın içərisində səndən üzr istəyim? Sonra məni qovdu”.
Meydan TV Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.
Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.
Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub. 3 aya yaxındır ki, TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. //Meydan TV//