Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu ifadə edir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti hökm sürür. Ölkəmizdəki media azadlığı da da bu baxımdan istisna deyil. 1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Ulu öndər Heydər Əliyevin çağdaş milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidmətlərindən biri məhz KİV üzərində sərt senzuranı tamamilə ləğv etməsi oldu. Bu gün də azad mətbuatın qorunmasında, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində prezident İlham Əliyevin apardığı böyük həcmli işlər məhz Heydər Əliyev siyasətinin davamı kimi qiymətləndirilməlidir.
KİV sahəsində atılan bu qətiyyətli addımlar sayəsində ölkədə bu gün 5 mindən çox qəzet, jurnal və digər mətbu orqan fəaliyyət göstərir.
Çap mediasında mövcud olan bol çesidli nəşrlər arasında keyfiyyəti, faydalı məzmunlu, maarifçilik missiyalı nüminələrdən biri kimi “Hüquqi müstəvi”adlı elmi-nəzəri təcrübi jurnalın adını qeyd etmək olar. Hūquq ūzrə elmlər doktoru, ehtiyatda olan polis polkovniki, Qarabaģ mūharibə veteranı, Bakı Dövlət Universitetinin professoru, yüzdən artıq elmi əsərin, bir çox dərsliklərin müəllifi olan Etibar Əliyevin təsisçisi və baş redaktoru olduğu bu jurnalın səhifələri təkcə hüquq sahəsində deyil, sosial, milli-mənəvi, tibbi, tarixi aspektlərdən olduqca maraqlı yazı və məlumatlarla zəngindir. Jurnalın 2-ci sayında ölkənin tanınmış ziyalılarının ulu öndərin anadan olmasının 99-cu ildönümünə həsr etdikləri məqalələr, onun haqqında xatirələri, Heydər Əliyevin həyat yolu bərədə yazıları yer alır. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynlinin “Heydər Əliyevin dövlətçilik səlnaməsi Qarabağ zəfəri işığında” adlı məqaləsində maraqlı və ilk dəfə işıq üzü görən faktlara rast gəlinir. Yazıda ulu öndərlə bağlı xoş xatırələr, onun dövlətçiliyin qurulması istiqamətində gərgin və çətin mübarizə yolu göz önünə sərilir. Müəllifin sözlərinə görə, müasir Azərbaycan tarixinin 20 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyevin dövlətçilik və müstəqillik təfəkkürü elə bir tükənməz irs yaradıb ki, bununla bağlı onun strateji düşüncələrinin və fəaliyyətinin bütün tərəflərini əsrlər boyu öyrənməyə, təhlil bə təbliğ etməyə ehtiyac olacaq.
Həqiqətən də tarixin yaddaşında əbədi iz qoyan, milli dövlətçilik ənənələri yaradan, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin danılmaz xidmətləridir. Bu xidmətləri sayəsində xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. İndi əksər ölkələrin diqqət verdiyi milli mədəniyyətin təbliği siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki ulu öndər Azərbaycanı dünyada ilk növbədə, milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər.
Sözsüz ki, buradakı əsas siyasi məqam Azərbaycanı tanıtmaq idi. Əli Hüseynlinin bu yazısı həmin illərdə milli mənəvi- dəyərləri, şərəfli tariximizi əks etdirən “Məsimi”, Nizami”, Babək” kimi yüksək səviyyəli filmlərin çəkilməsini, Naxçıvanda Babək, Gəncədə Yeni Gəncə rayonlarının yaradılmasını, Gəncə haqqıında bəstələnən mahnıları yada salır. Məhz bu addımlar sayəsində həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörüldü, iqtisadi, sosial və mədəni potensialı formalaşdı. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmaqla əsaslı dəyişikliklər gerçəkləşdı. Heydər Əliyevin respublikaya rəhbər təyin edilməsinə qədər geridə qalan və əhalisi kasıb olan rayonlarda iqtisadi vəziyyət dirçəlməyə başladı. Cəlilabad, Şamaxı kimi rayonlarda üzümçülük inkişaf etdirildi, bununla da insanların rifah halı yüksəldi. Aran bölgəsində pambıqçılıq genişləndirildi, yeni məşğulluq sahələri yaradıldı. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq səlnaməsində ən mühüm səhifələri təşkil edir.
Ən böyük xidmətlərindən biri də ordu quruculuğu istiqamətində atdığı addımlar oldu. Əli Hüseynli yazır:”Onun xüsusilə hərbi quruculuq məsələlərinə son dərəcə vacib yer verməsi təsadüfi deyildi. O dövrdə milli hərbi kadrların hazırlanması sahəsində atılmış uzaqgörən addımların, illər sonra 44 günlük Vətən müharibəsinə necə misilsiz töhfə verdiyinin bir daha şahidi olduq. Ötən əsrin 70-ci illərində yaradılmış Cəmşid Naxçıvanski adına məktəbin müdavimləri olan zabitlər artıq bu gün müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, genarallarıdır.”
Bu gün bütün dünyanı narahat edən və bəşəriyyəti müharibələrlə təhdid edən seperatçılıq meyilləri uzun zaman Azərbaycan üçün də ciddi təhlükə mənbəyinə çevrilmişdi. Məqalə müəllifi bu amilə diqqəti yönəldərək yazır ki, Heydər Əliyev hələ sovet dövründə, separatizm meyilləri qarşısına aşılmaz sipər çəkmişdi:”Heydər Əliyev dünyanın müxtəlif dairələrinin himayə etdiyi qurama “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə, respublikaya rəhbərlik etdiyinin birinci dövründən başlayaraq Ermənistanın Azərbaycana qarşı gizli formalarda təzahür edən ərazi iddialarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə kəsmişdi.
Dərin zəkası, müstəsna liderlik bacarığı ilə respublikanı yumruq kimi birləşdirən Ulu Öndər daim məqam gözləyən erməni separatizminin baş qaldırmasına imkan verməmək üçün bütün zəruri mənəvi-siyasi, sosial iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdırmişdi.”
Elə ona görə də tarixi torpaqlarımızda bolşeviklərin himayəsi ilə özlərinə dövlət qurmuş, sonrakı dövrlərdə isə ərazilərimizi ələ keçirməyə, soydaşlarımızın iki dəfə deportasiyasına nail olmuş ermənilər Heydər Əliyev hakimiyyətə gələndən sonra əl -qol aça bilmədilər. Müəllifin İlham Əliyevin çıxışından gətirdiyi nümunə bu baxımdan əsaslıdır:”Heydər Əliyev vəzifədən uzaqlaşandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edənlər o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt müharibə yaranmazdı”.
Qarabağın işğalını şərtləndirən amillərə, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünə, siyasi varisliyin uğurunun Qarabağ zəfərinə gətirib çıxarmasına toxunan və bu amilləri təhlil edən Əli Hüseynli tarixi paralellər apararaq qeyd edir ki, əgər Heydər Əliyev Azərbaycanı bir dövlət olaraq müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdisə, İlham Əliyev ölkəni ərazi bütovlüyünün itirilməsi təhlükəsindən qurtardı:” Bunların hər ikisi -müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Bu, siyasi varisliyin ən bariz nümunəsidir. “
“Azərbaycan elmini və təhsilini intibaha qovuşduran lider “ başlıqlı yazının müəllifi, Bakı Dövlət Universtetinin rektoru Elçin Babayevin məqaləsində göstərilir ki, XX əsrin 70-ci illərindən başlayaraq ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində məhz Heydər Əliyev fenomeni, bu nadir şəxsiyyətin parlaq fəaliyyəti dayanır:” Xalqımızın dahi oğlunun hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan sahələrdən biri də hər bir xalqın inkişafının məhək daşı olan elm və təhsil sahələri idi.
Məhz ötən əsrin 70-ci illərindən başlayaraq respublikada yüzlərlə yeni məktəb istifadəyə verildi, ail təhsil müəssisələrinin sayı və onların qəbul planları artırıldı, tələbə qəbulunda şəffavlıq və ədalətlilik təmin olundu. “ O dövrdə təhsil sahəsində görülən işlərə, məqsədyönlü addımlara toxunan Elçin Babayev aparılan bu islahatların məntiqi nəticəsi kimi, cəmiyyətdə elm sahəsinə böyük maraq formalaşdığını, istedadlı gənclərin elmə üz tutmasına stimul yarandiğını, o cümlədən, elmi -tədqiqat institutlarında və ali məktəblərdə elmlər namizədlərinin və elmlər doktorlarının sayında əhəmiyyətli artım müşahidə olunduğunu qeyd edir. Müəllif mühüm bir məqamı diqqətə çatdıraraq yazır ki, 1970-1980-ci illərdə respublika rəhbərinin şəxsi nüfuzu və yüksək təşkilatçılıq məharəti hesabına yüzlərlə azərbaycanlı gənc keçmiş ittifaqın nümunəvi elm və təhsil ocaqlarına göndərildi:” Statistikaya nəzər salsaq görərik ki, həmin dövrdə keçmiş SSRİ-nin 50-dən çox böyük şəhərində yerləşən 170 qabaqcıl ali təhsil və elm müəssisəsinə 15 mindən artıq istedadlı gənc soydaşımız təhsil almağa göndərilmişdı. Bu, həmin dövrdə misli görünməmiş və digər ittifaq respublikaları ilə müqayisədə olduqca böyük göstərici idi. Məhz həmin gənclər ən müxtəlif, xüsusilə zəruri peşələrə yiyələnərək sonradan müstəqil Azərbaycanda elm və təhsilin, sənayenin inkişafına böyük tohfələr verdilər.”
90-cı illərin gərgin ictimai-siyasi şəraitinə baxmayaraq , elm və təhsil sahəsinin Heydər Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunduğuna diqqət çəkən Elçin Babayev “Təhsil millətin gələcəyidir” şüarını irəli sürən dövlət başçısının yenidən hakimyyətə qayıtdıqdan sonra davamlı olaraq alimlərlə, pedaqoqlarla görüşdüyünü, onlarla birgə ölkənin gələcək quruculuğu ilə bağlı səmərəli müzakirələr apardığını yazır.
Müəllif həmçinin qeyd edir ki, dünya şöhrətli ulu öndər Heydər Əliyev məzunu olduğu, qururla”Mən fəxr edirəm ki, Bakı Dövlət Universtetinin məzunuyam “ kəlamı ilə adını, söhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı “ adlandırdığı, elmimizin və təhsilimizin flaqmanı olan Bakı Dövlət Universtetinə (BDU)hər zaman qayğı ilə yanaşıb, universtetdə təhsilin inkişafı, elmi mühitin formalaşdırılması hər zaman ulu öndərin diqqət mərkəzində olub.
Sevindirici haldır ki, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc Türkiyə, Almaniya, Fransa, Kanada, Rusiya, Sinqapur, ABŞ, Litva, Böyük Britaniya, İtaliya və digər ölkələrin ən nüfuzlu universitetlərində təhsilin müxtəlif pillələrində oxumağa göndərilib. Onlar respublikamız üçün zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif qurumlarda çalışır.
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılmış “Yeni Azərbaycana - yeni məktəblər” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən üç mindən çox məktəb binası tikilib istifadəyə verilib. Məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.
Bu gün ümummilli lider Heydər Əliyevin bütün arzularının, ideyalarının prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçdiyini yazan rektor ulu öndərin ruhunun şad olduğunu, çünki onun ən böyük arzusunun həyata keçdiyini qeyd edir:” Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, müzəffər ordusu, müzəffər xalqı ilə birlikdə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb. Tarixi zəfərdən keçən qısa dövr ərzində azad Qarabağımızda misilsiz quruculuq işləri həyata keçirilir, düşmənin xarabaya çevirdiyi torpaqlarmızıa yeni ruh, yeni nəfəs gəlir”.