Deputatın Müsavat.com-a bildirdiyinə görə, yaşlı insanların daha çox hissəsinin, beynəlxalq praktikada olduğu kimi, 12 il və daha çox müddət pensiya ala bilməsi üçün pensiya yaşının 60 yaşın ətrafında olması daha məqbul variantdır. Həmçinin qeyd edib ki, bundan sonra qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün saymır, verdikləri təkliflərlə bağlı hökumətin əsaslandırmalarını yetərli hesab etmir:
”Əslində bir neçə ay öncə bu məsələ ciddi şəkildə müzakirə olunurdu və iqtidar mənsubları da pensiya yaşının azaldıla biləcəyi haqda danışırdılar. Ancaq məsələ “unuduldu”. Yeni pensiya meyarları açıqlanandan sonra bəlli olub ki, əgər əmək fəaliyyəti dövründə şəxsin sosial yığımı 36 min manata çatmasa, ona pensiya verilməyəcək. Yəni şəxs tutaq ki, hesabına 32 min manat yığıbsa, ona pensiya düşməyəcək. Eyni zamanda ömür boyu pensiyası üçün topladığı 32 min manat da geri qaytarılmayacaq.Bu ədalətlidirmi? Şəxsin yığdığı pul onun maaşından qocalığı üçün saxlanılıbsa, onun taleyi niyə belə olmalıdır? Olmazmı vətəndaş elə yığdığı sosial vəsaitə uyğun pensiya alsın?”Səslənən haqlı tələblərə etinasız yanaşan nazirlik rəsmilərinin verdiyi açıqlama sanki odun üstünə yağ tokülməsi effekti yaradır. Onların bildirdiyinə görə, pensiya verilməsi 77 yaş həddi üzərindədir: "Hətta pensiyaçıların yaş həddi də bu yaşın üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Bütün dünya təcrübəsində pensiya yaşının hətta 65-in üzərində olması, həmin şəxslərin əmək bazarında saxlanması məqsədəuyğun hesab edilir". Bu açıqlamadan millət qəzəblənməsin neyləsin? Axı köhnə statistik məlumatlara əsaslanıb 77 yaş həddini irəli sürmək heç bir reallığa sığmır. Təkcə pandemiya dövründə dünyasını dəyişən 10 minə yaxın insanın əksəriyyəti orta yaşlı adamlardı. Son illər Azərbaycanda ölüm faizinin artması danılmaz faktdır. Nigahların və doğumun azalması ilə demoqrafiq vəziyyətin pişləşməsi, intiharların sayının rekord həddə yüksəlməsi(ölkəmizin adının İntiharlarla bağlı ilk onluğa düşməsi vəziyyətin fəlakətli olmasının göstəricidir.)
Ölkəmizdə uşaq pulunun bərpası isə hələ ki, sadəcə təklif və tələb olaraq qalmaqdadır. Dünyanın əksər ölkəsində aylıq uşaq pulu və doğuşa görə birdəfəlik sosial müavinət kifayət qədər ciddi rəqəmlərlə assosasiya olunur. Qonşularımız olan və MDB məkanında yerləşən bəzi ölkələr, məsələn,Rusiyada yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə vəsait verilir. Amma bu vəsait birbaşa vəsait şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönəldilir.Türkiyədə yeni doğulan uşağa görə 300 lirə, ikinci uşağa 400 lirə, üçüncü və sonrakılara 600 lirə birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət tərəfindən 36 ay müddətində 714 dollar məbləğində müavinət ödənilir. Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Dünyanın iqtisadi inkişaf səviyyəsinə görə öndə gedən dövlətlərində isə bu rəqəmlər qat-qat yüksəkdir.
Göründüyü kimi, xarici ölkələrdə uşaqlara hansısa formada müavinət ayrılır, dövlət yeni doğulmuş körpələrin, gələcəyin qurucusu olan uşaqların qayğısına qalır. Azərbaycanda isə hansısa səbəbdən buna ehtiyac duyulmur. Ekspertlər, deputatlar hesab edirlər ki, ölkə vətəndaşlarına ən azından minimum əmək haqqı məbləğində aylıq uşaq pulu verilməlidir. Amma Sahil Babayev və əməkdaşları qətiyyətlə bu məsələyə qarşı çıxır, ağlagəlməz bəhanələr və gülünc səbəblər gətirirlər. Ölkədə demoqrafiq vəziyyətin qənaətbəxt olduğunu, uşaq pulu verilərsə, əhalinin artım sayında böyük irəliləyiş olacağını deyirlər. Guya uşaqpulu ailənin bütün maddi problemlərini həll edecək və buna görə də çoxuşaqlı ailələrin sayı həddən çox artacaq.
Bakı kəndlərində maraqlı bir deyim var. Ağlasığmaz, məntiqsiz söz danışan , qırmızı yalanı adamın gözünün içinə deyən birindən qarşısındakı adətən bircə kəlmə söz soruşar-“sərimisən məni?” Yəni məni ələ salmısan, yoxsa özünü? Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də bilinmir özünü dolayib, yoxsa bu milləti. Müavinətləri millətin gözünə soxan Sahil Babayev əsil səbəbi açıqlamaqdan yayınır. Deyə bilmir ki, uşaq pulu şəffaf sistemdə olacaq və oradan pul yemək mümkün olmayacaq. Amma müavinətlərdən istənilən qədər vəsait silinir və bu pulların kimə, hansı qaydada verildiyini heç kim bilmir. Burda şəffaflıq olmadığından müavinət sistemi korrupsioner qurum rəhbərliyi üçün yağlı tikə sayılır. Buna görə də cəmiyyətdə dövlətin uşaq üzərində heç bir haqqı olmaması fikri möhkəmlənməkdə davam edir. Haqsız da deyillər. Dövlətimizin gələcəyi olan bu günün körpələrini hökümət qayğı və diqqətdən kənarda qoyursa sabah nə üzlə onlardan vətənə xidmət etməyi, Azərbaycanın bütövlüyü uğrunda döyüşməyi tələb edə biləcək?
Mənim şəxsi fikrimə gəlincə isə, əminəm ki, Sahil Babayevi yaxın zamanlarda gözləyən perspektiv dəmir barmaqlııqlar arxasıdır. Çünki bu dünyada İlahi Ədalət deyilən bir aqibət var və nahaq yerə demirlər ki, alma məzlumun ahını, çıxar ahəsə-ahəstə.