İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. "Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir.
Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə tarixə keçsə də qurban mərasımlərinin daha dərin keçmişə, Adəm peyğəmbərin zamanına uzandığı deyilir. Belə ki, "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir.
Qurani-Kərimin Maidə surəsi 27-ci ayəsində deyilir:”Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər”.
Bu ayədən də göründüyü kimi ilk qurbanı həzrəti Adəm ə.s oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar canlı adamları, qulları, uşaqları və qadınları qurban kəsiblər. Bu iyrənc mərasim əsrlər boyu davam edib. Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, gunahlardan təmizlənərək əsl mahiyyətinə yüksəlir. Beləlkiklə Uca Yaradan Həzrət İbrahim ə.s və oğlu İsmayıl ə.s vasitəsi ilə qanunu kamil olaraq yenidən öz ilkin möhtəşəmliyiyinə geri qaytardı.Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik zamanında isə bu mərasim Həcc mərasimində vacib əməl və müsəlmanlar arasında kütəvilik halını aldı.
Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Başqaları üçün qurban kəsmək şəxsi qərarlarına və maddi durumlarına görə ola bilər.
Qurbanlıq üçün kəsilən heyvanla bağlı şərtlər İslamda öz əksini tapıb. İslam alimlərinin bildirdiyinə görə, qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islami-əxlaqi cəhətdən icazəli deyil. O cümlədən, qurbanı fərdi və ya müştərək qaydada kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı isə müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda və bölünməsində müsəlmanlar şəriət qaydalarına əməl etməlidirlər. Yəni qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da olar. Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Qurbanın bayram namazı qılınandan sonra kəsilməyi bəyəniləndir. Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır.
Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir. Qurban kəsənin ailə üzvlərinin, onun “sileyi-rəhm” yəni qohum əqrəbadan olan ehtiyaclıların və qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı insanların payı. Müqəddəs kitabımızda göstərilir ki, bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Quranı Kərimdə Allah bu bayramın mahiyyətini əsas gətirərək buyurur: “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ.”Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!
Millitv.az