Axtarış...

Şeytan daşlayan gunahkar "tövbəkarlar"

Şeytan daşlayan gunahkar "tövbəkarlar"
Son illər qəribə bir adət dəbə minib. Oğurluq edib sərvət toplayan, pulunu sələmə verən, millətin və dövlətin cibinə girib villaları yan -yana düzən, rüşvət və korrupsiyadan topladığı kapitalla xaricdə biznes imperiyası quran, "işverənlik" edib var-dövlət yığan, fahişəlikdən "mamarozalığa" qədər "yüksələrək" çoxsaylı gözəllik salonları, ticarət mərkəzlərinə sahib olan "biznes ledilər" , bir sözlə, dələduzlar çetesi ömürləri boyu Quran üzü açmadıqlarına, qiblələrinin pul olmasına rəğmən, dəfələrlə Həcc ziyarəti üçün Məkkəyə axın edirlər. İnanılmaz olsa da iblisin özünə dərs keçənlər şeytanı daşlamağa gedirlər! (Deyəsən qiyamət günü doğrudan da çox yaxındadır) Axı hamıya məlumdur ki, bu ziyarətin qəbul olması üçün hər kəs alın təri ilə qazandığı halal pulla getməlidir. Şeytana daş atmaq üçün də hər bir ziyarətçi mənəvi haqqa sahib olmalıdır. Oğurluq və haram pulla ziyarətə getmək, daha dəqiq desək, şeytanın seytana daş atması harda görülüb ki? Bizim məmləkətin iblis xislətli məxluqatı bunu da etdi. Görəsən Allaha zərrəcə inamları olmayan, (zatən inansaydıllar, qul haqqına girməzdilər, oğurluq etməzdilər, rüşvət almazdılar, xalqın malını talamazdılar, zina edib pul üçün bədənlərini satmazdılar, gənc qızları aldadıb bədbəxt eləməzdilər) seytana dərs keçəcək qədər vicdanlarını itirmiş bu adamların dəfələrlə Kəbəni ziyarət edib "Hacı" tituluna yiyələnmək həvəslərinin arxasında duran əsl səbəb nədir? Hər zaman görmüşük ki, Həcc ziyarətinə gedənlərin çoxu günahlarından tövbə edərək qayıdandan sonra xeyriyyəçiliklə məşğul olur, kasıblara əl tutur, onların borcunu silir, imkansız xəstələrin əməliyyat xərclərini ödəyir, yetimləri, çarəsizləri sevindirirlər. Bizim seytan xislətli " həcilələrimiz" isə sadəcə xarici görkəmi gözəl olan müğınniciklərə sponsorluq edir, onlara bahalı maşınlar, villalar alır, xarici ölkələrə gəzməyə aparırlar.
Onlara dəfələrlə getdikləri bu ziyarətin vacib əməlləri yox, sadəcə "Həci" adının "prestiji"lazımdır.
Şeytan daşlayan gunahkar "tövbəkarlar" Bir neçə ilin söhbətidir, keçmiş iş yoldaşlarımdan birinin həyat yoldaşı dünyasının dəyişmişdi. Mən də başsağlığı vermək üçün yas məclisinə getmişdim. Molla söhbətini qurtarandan sonra mərhumun ruhu şad olsun deyə, hamını ehsan yeməyinə dəvət etdi. Elə xanımlar plovdan boşqablarına çəkib yenicə yeməyə başlamışdılar ki, yas çadırının qapısı acıldı, üzü -gözü boyaqçı küpünü xatırladan uca boylu, şişman, yaxası, qulağı, barmaqlarının az qala hamısı qızıl-brilyantla dolu, bahalı şubasını ciyninə atmış 60-65 yaşlarında bir qadın içəri girdi. Yanımda oturanların hamısı onu görən kimi, yeməklərini yarımçıq qoyub həmin qadının üstünə yüyürdülər. Onu ilk dəfə idi ki, görürdüm. "Yəqin oliqarx məmurlardan birinin həyat yoldaşıdır " deyə özlüyümdə düşündüm. Təziyə məclisinə gələnlər, hətta yas sahibinin yaxınları belə qadınla görüşüb -öpüşmək üçün növbəyə düzülmüşdülər. Amma kənardan yaltaqcasına təbəssümləri ilə necə iyrənc göründüklərinin fərqində deyildilər. Yanımda oturan və istehza ilə bu səhnəyə baxan cavan gəlindən xanımın kimliyini sorusdum. Mənə təəccüblə baxıb üzündə " nə əcəb tanımırsan" ifadəsi ilə "yeriyən zərgər dükanı" haqqında bütün "informasiyaları" mənə çatdırdı. Qadın mərhumun yaxın qohumu imiş, məşhur iş adamıymış, otelləri, mağazaları, gözəllik salonları varmış:" Biz ona bəzən öz aramızda "madam" deyirik. Yeri gəldi -gəlmədi, söhbət edərkən əzbərlədiyi 3-4 fransizca sözü işlətdiyinə görə. Var-dövləti isə halal yolla qazanmayıb. Gəncliyində çox gözəl olub. indi əldən düşməyinə baxma. 92-ci ildə, sərhədlər açılandan sönra ərindən bir uşaqla boşanıb, "azad həyata" qədəm qoyub. Dubaya yol açanların "qaranquşu" kimi ad qazanıb. Xeyli sərvət yığandan sonra öz bədənini satmaqdan əl çəkərək bu iş üçün başqalarından yararlanıb. Yəni "Mamarozalıq" etməyə başlayıb. Gənc qızları yoldan çıxararaq ərəb şeyxlərinə aparıb satıb. O qədər varlanıb ki, pula pul deməyib. Pullarını da daşınmaz əmlaka yatırıb. Beləcə "biznes ledi" olub." Gənc qadın onu da bildirdi ki, Dubaya getdiyi ilk illər bütün qohumları onu "silibmiş". Varlanıb Hacı xanım olandan sonra isə yaxınlarının göz bəbəyinə çevrilib. Artıq neçə illərdir ki, bütün məclislərdə yuxarı başda oturur. Xanımların ona niyə yaltaqlandığının səbəbi ilə maraqlananda isə belə dedi: "Adətən bunlar bir yerə yığışanda onun qeybətini qırırlar. Dalınca danışmadıqları söz qalmır. Görəndə isə az qalırlar ayağının altını öpsünlər. Birinin pula, birinin işə ehtiyacı var. Başqası xarici ölkələrə gəzməyə getmək, digəri həcc ziyarəti üçün sponsorluq etməsini istəyir. Ona görə də bu qoca fahişəyə belə yaltaqlanırlar." Allah böyük söz ustadımız Hüseyn Cavidə rəhmət eləsin. Sanki "İblis " əsərini yaradarkən 100 il sonranı da görüb və bu günün şeytanlarını nəzərdə tutaraq yazıb:"İblis nədir?-Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir?-İblis!

Şeytan daşlayan gunahkar "tövbəkarlar"

Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz