Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Hacılar var ki, bir gözəlçə ilə gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Hacı var ki, vaxtilə vəzifədə idi, elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik. Bu yazıda cumhuriyyet.az olaraq bəhs etdiyimiz hacı titullu Məhərrəm Novruzov da iş adamıdır.
Məlumat üçün bildirək ki, M.Novruzov “Bağçalı Evlər” MTK-nın sahibidir. Bu şirkət Abşeron rayonu Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur olan yaşayış kompleksini tikib. Ərazidə yaşayan sakinlərdən cümhuriyyət.az-a daxil olan məlumata görə, son günlər, yeni koronovirusla bağlı ölkə boyunca görülən tədbirlər və qadağalardan sonra “Qurtuluş 93″də işıqlar tez tez sönür, digər kommunal təminatlarda problemlər yaranır. Daxil olan şikayətdə bildirilir ki, hətta Məhərrəm Novruzovun bu ağır günlərdə bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.(bu məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə ətraflı məlumat verəcəyik)
Hazırda da yeni binaların tikildiyi bu yaşayış kompleksinin tikintisində və sakinlərə istifadəyə verilməsi ilə bağlı bir çox iddialar var. Bu iddialardan bəzilərini cumhuriyyet.az olaraq diqqətə çatdıraraq bildirək ki, ərazidə pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakin hələ də tam əmlak sahibliyi hüququna malik deyil. Yəni burda alınan mənzillərin çıxarışı verilmir. Eyni zamanda illərlə söz verilməsinə baxmayaraq heç bir bina qazlaşdırılmayıb. Mətbuatda Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından səslənən iddialar da diqqət çəkir. Həmin iddiaların bəzisini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:”Qurtuluş-93” Yaşayış Kompleksində yaratdığı “Oğru şəbəkə” vasitəsi ilə gizli su və qaz satışından pullar əldə edilir; Tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək daxil olan vəsaitin 60 faizi tam mənimsənilir”. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir. My Beach-in restoranında olan soyğunçuluq heç də çimərliyindən geri qalmır. iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün My Beach-i türklərə icarə verdiyini desə də, demək olar ki, hər gün kompleksdən onun üçün ayrılan hamamlı, divanlı kotecdə əyləşir.Bu qalmaqallı iş adamı isə yaxında ciddi problemlərlə üzləşə bilər. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, “Qurtuluş-93”-də yaşayan sakinlər həm hüquqi baxımdan aldanmaları, həm də qazsızlıqla bağlı problemləri artıq sakit ötürmək fikrində deyillər: “Sakinlər problemlərinin həlli ilə bağlı etiraz aksiyasına hazırlaşır”. Nəzərə alsaq ki, ərazidə minlərlə insan yaşayır onda bu aksiyanın ciddi rezonans doğuracağını və səbəbkarın cəzalanacağını düşünmək olar. Yeri gəlmişkən, cəza qərarından sonra “Qurtuluş-93” aı daşıyan ərazıdə bu adın tək müəllifi ümummilli lider Heydər Əliyevin adını əbədiləşdirən bir plakatın belə olmaması və kompleksin tikilişi zamanı yol verilən maxinasiyalar durumu daha da dramatikləşdirə bilər.