Axtarış...

Keçmiş diplomat indi necə qazanır? – Anar Kərimova ipucu

Keçmiş diplomat indi necə qazanır? – Anar Kərimova ipucu


Dünən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrində son bir il ərzində aparılan yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparıldığı barədə açıqlama yayılıb. Nazirliyin açıqlamasında həm də bildirilir ki, Ağstafa, İsmayıllı, Şəki, Masallı, Bərdə, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən idarə və müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Xatırldaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli Sərəncamına əsasən Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini vəzifəsinə, 5 yanvar 2021-ci il tarixdə isə Mədəniyyət naziri təyin edilib. Vəzifə başına keçdikdən sonra Anar Kərimov mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparmağa başlayıb. O, əvvəlcə Bərdə, Masallı, Ağstafa, Xaçmaz, Ağcabədi Regional Mədəniyyət İdarələrinin rəislərini vəzifələrindən azad edərək öz kadrlarını yerləşdirdi. Sanki, bu kadr dəyişiklikləri Regional Mədəniyyət İdarələrinin fəaliyyətində köklü dönüş yaradacaqdı. Amma yaratdımı?

Mədəniyyət naziri təyin edildikdən sonra Anar Kərimovun vəzifə başına gətirdiyi şəxslərdən biri də Qalib Həsənovdur. O, 16 avqust 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Qalib Həsənov əmək fəaliyyətinə atası Şamil Həsənovun Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdən, 1996-cı ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb. Qalib Həsənov birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Bəs necə oldu ki, azı iyirmi illik diplomatık təcrübəyə malik bir şəxs birdən-birdən Xarici İşlər Nazirliyi ilə vidalaşmalı oldu? Üstündən üç il keçdikdən sonra isə özünə Mədəniyyət Nazirliyində iş tapdı, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi oldu. Pakistan, Moldova, Macarıstan kimi ölkələrin səfirliklərində çalışmış, valyuta ilə maaş almış keçmiş diplomat Ağcabədi rayonunun istisində nə kimi işlərlə məşğuldur? Bunlar ayrı bir məqalənin mövzusu olduğundan hələlik bəzi qaranlıq sualların üstündən sükutla keçiririk. Bu yazıda əsas məsələ Qalib Həsənovun Ağcabədi Regional Mədəniyyət İdarəsindəki fəaliyyəti ilə bağlıdır. Keçmiş diplomat indi necə qazanır?

Qalib Həsənovun Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmasından, yəni 16 avqust 2021-ci il tarixindən sonra regiondakı, yəni Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət idarələrinə tabeli mədənəyyət evlərində, musuqi məktəblərində, kitabxanalarda, klublarda və digər mədəniyyət mərkəzlərinin fəaliyyətlərində nə kimi dəyişikliklər olub bəlli deyil. Amma Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən yeni rəis Qalib Həsənovun rəhbərliyi altında 2021-ci il üzrə illik satınalma planlarına uyğun keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilməsi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi kimi hallar üzə çıxıb. Bunlar hansılardır?

Ağcbədi Regional Mədəniyyət İdarəsi tərəfindən 2021-ci il üzrə satınalma planlarına daxil edilmiş, dövlət satınalmalarının vahid internet portalında kotirovkalarda iddiaçıların iştirakı üçün dəvət elanları yerləşdirilmiş, lakin bu kotirovkaların nəticələri ictimaiyyətə qanunla nəzərdə tutulmuş qaydada açıqlanmamaışdır. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Belə ki, 2021-ci ildə zəruri olan mal-materialların və xidmətlərin satın alınması məqsədi ilə sair torpaq, tikili və avadanlıqların satınalınması üzrə 19.11.2021-ci il tarixdə, yumşaq inventarların satınalınması üzrə 19.11.2021-ci il tarixdə, kommunal kommunikasiya işlərinin satınalınması üzrə 15.11.2021-ci il tarixdə, yumşaq inventar üzrə 01.11.2021-ci il tarixdə, sair torpaq, tikili və avadanlıq üzrə 01.11.2021-ci il tarixdə, digər malların alınması üzrə 20.10.2021-ci il tarixdə, maşın və avadanlıqlar üzrə 08.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğularının nəticələri barədə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Tender Komissiyası 2021-ci ildə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir. Bu nədən irəli gəlir? Keçmiş diplomatın mədəniyyət sahəsindəki naşılığından, yoxsa… Amma Qalib Həsənov heç də naşı deyil. O Ağcabədidə Regional Mədəniyyət İdarəsi ilə yanaşı atasının İcra başçısı olduğu dönəmlərdə əhalidən zəbt etdiyi yüzlərlə hektar torpaq sahələrini idarə edə bilir, satınalmaları yox?

Qeyd edək ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi 2021-ci ildə yalnız bir açıq tenderin keçirilməsi barədə məlumat açıqlayıb. Dəftərxana və təsərrüfat xərcləri üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə “MASAL-944” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 65 772.02 manat məbləğində satınalma müqaviləsi isə 28.10.2021-ci il tarixdə bağlanmışdır. Lakin dövlət satınalmalarının vahid internet portalında tenderdə iştirak üçün iddiaçılara dəvət elanı verilməmişdir. Yəni müqavilə birbaşa “MASAL-944” MMC ilə bağlanmışdır. Belə olan halda 2021-ci ildə üç rayonun yüzlərlə mədəniyyət idarələri lazım olan gündəlik zəruri mallar almadan necə fəaliyyət göstərib? Qalib Həsənovun idarəetmədəki bacarığına elə tək bununla qiymət vermək olar.

Xüsusilə qeyd etmək istərdik ki, Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edildikdən sonra Tender Komissiyası 2021-ci ildə keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bunula bağlı Aktualinfo.org-un bir həftə əvvəl İdarənin Tender Komissiyasına ünvanladığı sorğu məktubuna da hələ də cavab verilməyib. İdarədə heç bir işlək telefon tapa bilmədik. Baş mühasibə mobil telefon vasitəsi ilə sorgu məktubu göndərdiyimizi bildirdik. O da “cavab verərlər” deyib telefonu bağladı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrində son bir il ərzində aparılan yoxlamalarda nə kimi qanun pozuntularına yol verildiyi açıqlanmır. Amma biz son 10 ayda Ağcabədi Regional Mədəniyyət İdarəsində yol verilən qanun pozuntularının bir qisminə aydınlıq gətirdik. Gerisi Mədəniyyət naziri Anar Kərimovun işidir.
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz