ABŞ-ın “The New York Times” (NYT) qəzetinin Ukraynada Donbas cəbhəsində olan müxbirləri döyüşlərdəki son vəziyyətlə bağlı reportaj dərc ediblər.
Millitv.az-ın “Report”a istinadən məlumatına görə, nəşrin müxbirləri belə nəticəyə gəliblər ki, münaqişənin hər iki tərəfi çox yıpranıb və bu, onların müharibəni eyni rejimdə nə qədər davam etdirə biləcəkləri sualını doğurur, xüsusən də daha pis silahlanmış ukraynalılar.
Jurnalistlərin fikrincə, Lisiçansk və Severodonetskin Rusiya qoşunları tərəfindən tutulması üstün atəş gücünə və tədricən irəliləməyə əsaslanan Rusiyanın hərbi strategiyasının uğurunu nümayiş etdirir.
Eyni zamanda NYT müxbirlərinin müşahidələrinə görə, Ukrayna qoşunları yeni çağırışçılara güvənməli olurlar ki, onlar davamlı atəşə tutulma və geri çəkilmə nəticəsində ciddi psixoloji təzyiqlər yaşamaqla yanaşı ağır itkilər verirlər:
“Hərbi müdaxilə Rusiya qoşunlarına da ağır zərbə vurub, lakin onlar yavaş-yavaş irəliləməyə davam edirlər”.
Məqalə müəlliflərinin fikrincə, uzunmənzilli artilleriyadan istifadəyə əsaslanan dağıdıcı strategiya Ukraynanın şərqindəki Rusiya qoşunlarının düz ərazisi və daha qısa təchizat xətləri üçün uyğundur, lakin başqa yerlərdə işləməyə bilər. Prezident Vladimir Putinin hücumda nə qədər irəli getməyə hazır olduğu və ordusunun gücünü bərpa etməsi üçün uzun bir fasilə lazım olana qədər hələ də canlı qüvvə və texnikada hansı itkilərə tab gətirə biləcəyi bəlli deyil.
Yazıda qeyd olunub ki, Ukraynada bir çoxları Rusiya ordusunu döyüşlərdə mümkün qədər yıprandırmağa, onu şəhərlər uğrunda döyüşməyə məcbur etməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin strategiyasının effektivliyinə şübhə etməyə başlayıblar. Bu, Severodonetskdə və daha az dərəcədə Lisiçanskda baş verib.
Qəzet iyunda Severodonetski tərk edən sonuncu hərbçilərdən biri olan ukraynalı könüllü Volodimirə istinad edir. Onun sözlərinə görə, şəhər uğrunda gedən döyüşlər zamanı onun bölməsinin 100 nəfərdən yarıdan çoxu sıradan çıxıb. O, şəhər ətrafında baş verənləri nalayiq sözlə təsvir edir. Hərbçi jurnalistlərə ağır artilleriya çatışmazlığından danışaraq “Nə cür dəstək? Dəstək yox idi” deyib.
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya adətən təxminən beş gün davam edən kütləvi artilleriya atəşi taktikasını davam etdirir və yalnız bundan sonra ordusu tankların və piyadaların köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif nöqtələri tapmağa çalışır.
Ukrayna bu mübarizədə onu ağır silahlarla təmin edəcəyini vəd edən Qərbin köməyinə ümid edir, lakin burada da çətinliklər yaranır. ABŞ-ın göndərdiyi bəzi “M777” haubitsalarına cavabdeh olan ukraynalı zabit nəşrə bildirib ki, Latviyada silahlar üzrə təlim keçmiş bir neçə mütəxəssis ölüb və ya yaralanıb.
Bununla belə, nəşr vurğulayıb ki, yorğunluğa və itkilərin sayına baxmayaraq, Ukrayna hərbçiləri döyüşü davam etdirməyə hazırdırlar.
“Biz qayıdacağıq. Bu bizim torpaqdır”, - Volodimir nəşrə bildirib.