Azərbaycanda vəzifədə olan bəzi məmurlar var ki, onların adı hər zaman qalmaqallı məsələlərdə çəkilib. Mübaliğəsiz deyə bilərik ki, belə məmur-oliqarxlar arasında Vəliyev qardaşları xüsusi yer tutur. Söhbət Hərbi Prokuror Xanlar Vəliyev və Gəncənin keçmiş icra başçısı olmuş Yelmar Vəliyevdən gedir. Bu qardaşların böyük biznes imperiyasına sahib olması heç kimə sirr deyil. Həmçinin Xanlar Vəliyevin vəzifə iddiaları onu hətta öz işini normal idarə etməyə imkan vermir. Belə ki, dövlətin ən yüksək ranqlı məmurları arasında özünə havadar axtaran, qohumluq əlaqələrini gücləndirən Xanlar Vəliyevin Baş Prokuror olmaq arzusu uzun illərdir ki, ürəyində qalır. Adının “Tərtər İşi” cinayətində hallanması isə yəqin ki, Xanlar Vəliyevin bu iddiasının üzərindən böyük bir xətt çəkəcək. Amma onun haqqında səsləndirilən iddiaların sayı-hesabı yoxdur.
Millitv.az xəbər verir ki, KONKRET.az-ın redaksiyasına ünvanlanan şikayət məktublarından birində məhz Xanlar Vəliyevin himayədarlıq etdiyi şəxslərin qanunsuzluğundan bəhs edilir. Belə ki, keçmiş hərbi qulluqçu və qazi Hüseynov Namiq Mikayıl oğlu 1 milyon 2 yüz min manatlıq dələduzluq məsələsində hərbi prokurorun rolundan danışıb. Şikayətçinin sözlərinə görə, Xanlar Vəliyevin baldızı oğlu İsmayıl Daşdəmirovun qayını Tural Abdullayev onunla bərabər 9 nəfərə qarşı dələduzluq edib. Turalın atası Sücəddin Abdullayevin sabiq MTN polkovniki olması və Sərhəd Qoşunları Komandanının müavini vəzifəsində işləməsi ona geniş imkanlar açıb. Üstəlik Xanlar Vəliyevlə qohumluq əlaqələrinin olması, 1 milyon 2 yüz minlik dələduzluğu edən şəxsin layiqli cəza almaması ilə nəticələnib.
Zərərçəkən deyir ki, Xanlar Vəliyevin baldızı oğlu İsmayıl Daşdəmirov Nərimanov rayonunda Hərbi Komissarlıqda işləyir və mayor rütbəsindədir. Dələduzluq edən Tural Abdullayev isə Dövlət Sərhəd Xidmətinin əməkdaşı olub. “Yalama” və “Biləsuvar” postlarının rəisi işləyib: “Bu şəxs uşağımın kirvəsidir. 20 ilə yaxındır münasibətimiz var. Əvvəllər 10-20 min manat pul alıb və geri qaytarıb. Elə bu səbəbdən də, onun şirkətinə şərik olmaq və biznes qurmaq təklifini rədd etmədim. Qeyri-yaşayış obyektimi sataraq pulunu ona verdim. Beləcə mənimlə yanaşı 9 nəfərə qarşı ümumilikdə 1 milyon, 200 min manatlıq dələduzluq faktı törədib”.
Namiq Hüseynovun bildirdiyinə görə, hadisə ilə əlaqədar təxminən 8-9 ay Hərbi Prokurorluqda istintaq aparılıb: “Həmin vaxt mən məktubla aidiyyatı qurumlara müraciət edərək bu şəxsin Hərbi Prokuror Xanlar Vəliyevin qohumu olduğunu bildirirdim və işə obyektiv baxılması üçün xahiş edirdim. Çünki Xanlar Vəliyevin oğlu bu dələduzu tapşırmışdı və müstəntiqlər işə obyektiv baxmırdı. İşə öncə Hərbi Məhkəmədə baxıldı. Hərbi prokuror Tural Abdullayevə 12 il iş istəsə də, prosesi 21 gün uzatdılar. Sonra isə 178.4 maddəsi ilə ittiham edilən Turala böyük jest edildi. Belə ki, onun üzərindən həmin maddəni götürdülər və 178.3 –lə ittiham etdilər. Bu maddə üzrə prokuror 7 il iş istəsə də, hakim 6 il azadlıqdan məhrumetmə ilə cəzalandırdı. Yəni 9 nəfərin heç birinin pulu ödənmədən ən minimum iş kəsdilər. Hazırda Tural Abdullayevin həbsdə 3 ili tamam olur”.
Zərərçəkən Xanlar Vəliyevin əlaqələri hesabına dələduzluq Törədən Tural Abdullayevin minimum cəza aldığını bildirib: “İndi biz 6 il həbs cəzasının verilməsindən narazıyıq. 70-80 min pul atan şəxsə 10-15 il iş kəsirlər. Ortada milyon manatdan çox dələduzluq faktından söhbət getsə də, Tural Abdullayevə cəmi 6 il həbs cəzası verdilər. Bu ədalətsizlikdir və məsələnin obyektiv araşdırılmasını tələb edirik” – Namiq Hüseynov vurğulayıb.
P.S. Yazıda adışəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!